Dövlət sərhədlərimizin təhlükəsizliyi üçün ciddi addımlar atılır
Dünən Bakının Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Heyvanlar Mərkəzinin açılışı olub. Mərasimində Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı, general-leytenant Elçin Quliyev iştirak edib.
Açılış mərasimində bildirilib ki, bu gün ölkəmizin sərhədlərinin qorunması prosesinə müsbət təsir göstərəcək yeni obyektin - Xidməti Heyvanlar Mərkəzinin açılış mərasimi mühüm əhəmiyyətə malikdir. Qeyd edilib ki, dövlət sərhədlərimizin mühafizəsi işində xidməti heyvanlar mühüm rol oynayırlar. Sərhədçilərimiz vətənimizin hüdudlarının qorunmasında partlayıcı maddələr və narkotik vasitələrin tapılmasında xüsusi təyinatlı tapşırıqların həll olunmasında xidməti itlərdən istifadə edirlər.
Heyvanlar Mərkəzi dövlət sərhədinin mühafizəsində bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və qoşun xidmətinin təcrübəsində tətbiq edilməsi dövlət sərhədini pozanların axtarılması və tapılması, terror və təxribat vasitələrinin aşkar edilməsində öz müsbət təsirini göstərəcəkdir.
Yeni istifadəyə verilmiş mərkəz müasir tələblərə cavab verir. Burada yataqxana, yeməkxana, hamam, istirahət və məişət otaqları olan qərargah binası, aptek, fotolaboratoriya və laboratoriya, rentgen otağı, həkim otağı, fizioterapiya, cərrahiyyə də daxil olmaqla xidməti heyvanların müayinəsi və müalicəsi, 17 otaqlı baytarlıq məntəqəsi, itlərə verilən qidaların hazırlanması üçün mətbəx, böyük itlərin 100 yerlik, kiçik itlərin 58 yerlik saxlanma volyeri, istilikverici avadanlıqlarla təchiz olunmuş qazanxana, habelə, nəqliyyat vasitələrində narkotik və partlayıcı maddələrin axtarışı, maneə zolaqlarının, həmçinin, dağlıq, meşəlik və bataqlıq ərazilərin dəf edilməsi üçün təlimlərin keçiriləcəyi təlim şəhərciyi və digər xüsusi tikililər vardır.
General-leytenant Elçin Quliyev və açılış mərasiminin digər iştirakçıları yeni obyektlə tanış olduqdan sonra təlim şəhərciyində praktiki təlimlərə baxıblar.