Qadınlar Azərbaycan cəmiyyətində aparıcı qüvvədirlər
Dünən Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə dördüncü çağırış Milli Məclisə seçilən qadın deputatlarla görüş keçirildi. Görüş iştirakçıların ilk öncə Fəxri Xiyabana gəlib, Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edərək, məzarı önünə əklil və qızıl gül dəstələri qoydular.
Tədbir iştirakçıları, həmçinin, görkəmili oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ziyarət etdilər.
YAP Sabunçu rayon təşkilatının qərargahında davam edən tədbirdə iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, YAP Siyasi Şurasının üzvü, Dövlət Pedaqoji Kollecinin direktoru, professor Nurlana Əliyeva bildirdi ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, inkişaf və tərəqqi xətti daim bizə mayak kimi yol göstərir: "Bu gün dövlətimizi uğurla irəliyə aparan Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyev atdığı addımlar hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradır".
Qadınların cəmiyyətdə artan rolundan geniş bəhs edən N.Əliyeva qeyd etdi ki, qadınlarımız çalışdıqları sahələrdə fədakarlıqları, gərgin səyləri ilə seçiliblər: "Qadın, ilk növbədə, anadır. Övladın layiqli vətəndaş kimi yetişməsində ananın rolu böyükdür. Yüksək intellektə, dərin zəkaya, zəngin biliyə malik olan gənclərimiz Ulu Öndər Heydər Əliyevin vurğuladıği kimi, Azərbaycanın gələcəyidir. Dahi şəxsiyyət bildirirdi ki, Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Hər bir xalqı tanıdan onun milli-mənəvi dəyərləri, mədəniyyətidir. Yüksək mənəviyyata malik olan xalq hər zaman irəliyə doğru addımlayır. Əgər belə olmasaydı, Ulu Öndər Heydər Əliyevin quruculuq konsepsiyasında tərbiyə, əxlaqi keyfiyyətlərin qorunması əsas vəzifə kimi öndə saxlanılmazdı. Ümummilli Liderin milli-mənəvi dəyərlərimizin qorunması haqqında bəyanatında bildirilirdi ki, tərbiyə elə bir amildir ki, o olmasa, cəmiyyətdə heç bir iş görmək mümkün deyil. Bunun üçün qanunların hazırlanması və qəbulu əsas tələb kimi gündəmdədir. Cəmiyyəti idarə edən qanunlardır. Bu qanunlar ali qanunverici orqan olan Milli Məclisdə deputatlarımız tərəfindən hazırlanır və qəbul olunur. Parlamentdə qəbul olunan hər bir qanun, sözsüz ki, müxtəlif sahələri əhatə edərək, inkişafa, tərəqqiyə, insanların sosial rifah halının yaxşılaşmasına xidmət edir. Dördüncü çağırış Milli Məclisə seçkilərdə qələbə qazananlar arasında qadınları görəndə, bundan qürur hissi keçiririk. Milli Məclisdə qadınların sayının 20-yə çatdırılması böyük uğurdur".
N.Əliyeva çıxışında diqqəti Yeni Azərbaycan Partiyasının yarandığı dövrə yönəltdi. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə Azərbaycanın ən çətin, ən gərgin illərində hakimiyyətə gələrək problemləri öz bacarığı, praqmatik siyasəti ilə dəf etməyi bacardı və ölkəmizi inkişaf yoluna çıxardı: "Ümummilli Liderimiz Heydər Əliyevin həmin illərdə görmüş olduğu böyük işlərdən biri də YAP-ın yaradılması idi. YAP o dövrdə ölkənin istinadgahı, dayağı kimi, özünü Azərbaycanın xilasına həsr etməyi bacaran insanların bir araya gəldiyi qurum kimi yaranmışdı. YAP-ın təsis olunması və Ulu Öndərin rəhbərliyi altında ölkəmizin böyük ziyalılarının bir araya gəlməsi çox mürəkkəb durumda olan dövlətimizin gələcəyi baxımından da mühüm hadisə idi. YAP yaranandan dərhal sonra bütün fəallarımız, ziyalılarımız, cəmiyyətin hər təbəqəsindən olan insanlar, o cümlədən, qadınlarımız mütəşəkkil şəkildə partiyanın sıralarına gəldi. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevə qədər Azərbaycan qadınını böyük işlərə ruhlandıran, onları dövlət idarəçiliyinə cəlb edən ikinci dövlət başçısı olmayıb. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli Liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. YAP Qadınlar Şurası da 1995-ci ildə məhz Ulu Öndərin təşəbbüsü ilə yaradıldı. O zaman cəmiyyətin bütün fəal qadınları partiyamızın sıralarına qoşuldular. Bu gün YAP cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. Bizim, doğrudan da, geniş potensialımız var. Bəlkə, elə buna görə də, yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəyib. Partiyanın sıralarında birləşən qadınlarımızı bir amal birləşdirir. Dövlətimizi daha da inkişaf etdirmək, ölkədə sabitliyi, əmin-amanlığı qorumaq, övladarımızın xoşbəxt gələcəyini təmin etmək". N.Əliyeva onu da bildirdi ki, dördüncü çağırış Milli Məclisin tərkibində 20 qadın millət vəkilimiz var ki, bu da keçən dəfəkindən çoxdur: "Qadınlarımız bu etimadı fəaliyyətləri ilə doğrutmalı, bir-birindən əhəmiyyətli qanunların qəbulunda fəal iştirak etməlidirlər. Bir daha qeyd etmək istəyirəm ki, bütün bu uğurlara məhz əsası Ulu Öndərimiz tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində nail olunub. Hazırda Azərbaycan qadını beynəlxalq müstəvidə ölkəmizi, xalqımızı layiqincə təmsil edir. Xüsusilə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti bu baxımdan, hər bir Azərbaycan qadını üçün bir örnəkdir. Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində xeyriyyəçilik ölkədə bir hərəkata çevrilib. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi hər bir vətəndaşın arzusunun reallaşmasının ifadəsidir. Azərbaycanın zəngin mədəniyyətinin incisi sayılan muğamın geniş təbliği, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində atdığı addımlar, təhsilin, səhiyyənin inkişafına verdiyi əvəzsiz töhfələr Mehriban xanım Əliyevanın Azərbaycan qadınlarını layiqli şəkildə təmsil etdiyinin bir nümunəsidir. Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını həyata keçirən Mehriban xanım Əliyeva miqyas və mahiyyət etibarı ilə böyük işlərin təşəbbüskarıdır".
Milli Məclisin Sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxış edərək, bildirdi ki, xoşbəxtlik və firavanlıq Azərbaycan xalqının, qadınının haqqıdır. Dövlətimizin uğurlu siyasətinin nəticəsidir ki, bu gün hər kəs Azərbaycanın uğurları ilə qürur duyur.
B.Muradova qadınların böyük potensiala malik olduqlarını önə çəkərək, onların bu gün ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarından geniş bəhs etdi. Qeyd etdi ki, qadınlar zərif olduqları qədər də qətiyyətli, cəsarətli və əzmkardırlar. Bu keyfiyyətləri özündə birləşdirən mətin Azərbaycan xanımları tarix boyu olub. Onların varisləri bu gün də bu ənənəyə sadiqdirlər.
B.Muradova qadınların Mili Məclisdəki fəaliyyətlərini xüsusi vurğuladı. Söylədi ki, bütün çağırışlarda parlamentdə təmsil olunan qadınlarımız öz işlərinin öhdəsindən yüksək səviyyədə gəliblər. Hər bir dövrün özünəməxsus tələbləri var. Azərbaycan qadınları hər bir dövrdə üzərlərinə düşən vəzifənin layiqincə yerin yetirilməsinə səy göstəriblər. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxışında Azərbaycanın demokratik inkişafında 7 noyabr parlament seçkilərinin mühüm rolunu önə çəkdi. Bildirdi ki, bu seçkilər bir daha Azərbaycanın demokratik dəyərlərə sadiqliyini nümayiş etdirdi. Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova bildirdi ki, dünyanın müxtəlif yerlərindən təhdidlər var və hər bir Azərbaycan vətəndaşı bu təhdidlərə cavab vermək üçün hazırlıqlı olmalıdır.Tədbirdə ilk dəfə deputat seçilən qadınlardan Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Leyla Abdullayeva, Kamilə Əliyeva çıxış edərək, onlara göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarını bildirdilər.