“Xocalıya ədalət” beynəlxalq təşviqat kampaniyasının onlayn fəaliyyətlərinin tanıtım mərasimi keçirilib
Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumu (İKGF) və "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması" ictimai birliyi İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq təşviqat kampaniyasının onlayn fəaliyyətlərinin təqdimatına həsr olunmuş tanıtım mərasimi keçirilib. Tədbirdə İKGF-nun baş katibi, səfir Elşad İsgəndərov Milli Məclisin deputatları Aqil Abbas, Ceyhun Osmanlı, Fuad Muradov, Qətərin Azərbaycandakı səfiri Şeyx Mübarək bin Fəhd əl-Sani, Şuşanın və Xocavəndin icra başçıları və digər rəsmi şəxslər iştirak ediblər. Tədbir 10 dekabr Ümumdünya İnsan Hüquqları bəyannaməsinin qəbul olunmasının ildönümünə həsr olunub. Tədbiri açan İKGF-nun baş katibi, səfir Elşad İsgəndərov 2008-ci ildən etibarən kampaniya çərçivəsində görülən işlər, xüsusilə Xocalı faciəsinin "İnsanlığa qarşı cinayət" kimi tanınması ilə bağlı beynəlxalq qurumların qəbul etdiyi sənədlərin əhəmiyyəti haqqında danışıb. "Xocalıya ədalət" kampaniyasının əlaqələndiricisi Nicat Məmmədli kampaniyanın yeni internet saytı, onun Facebook, Twitter və Youtube kimi sosial şəbəkələrdəki fəaliyyəti barədə geniş məlumat verib. Təqdimat mərasimində Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Şuşa şəhərinin icra başçısı Bayram Səfərov, millət vəkili Aqil Abbas, Ceyhun Osmanlı, Fuad Muradov çıxış ediblər. Tədbirdə Azərbaycanda akkreditə olunmuş səfirlik, o cümlədən nazirlik, dövlət qurumlarının nümayəndələri də iştirak edib.
Qeyd edək ki, "Xocalıya ədalət" kompaniyası çərçivəsində 2 il ərzində dünyanın 50-yə yaxın ölkəsində müxtəlif xarakterli tədbirlər və aksiyalar keçirilib. Kampaniyanın fəaliyyətini əlaqələndirən İKGF-nun təşəbbüsü ilə bu il ərzində İKT üzv dövlətləri parlament birliyi və İKT xarici işlər nazirlərinin konfransı tərəfindən qəbul edilən qətnamələrdə Xocalı qırğını "İnsanlığa qarşı cinayət" kimi qiymətləndirilib. ABŞ-da sosial mövzularda yaradıcılığı ilə tanınmış rep ifaçısı Toni Blekman və Azərbaycanın rep qrupu "Dəyirman" tərəfindən ifa edilmiş "Xocalıya ədalət" rep üslublu mahnının təqdimatı Xocalı faciəsinin həqiqətlərinin dünyada yayılmasında xüsusi rol oynayıb. Hal-hazırda kampaniya çərçivəsində Xocalı soyqırımına dünya ictimai tərəfindən hüquqi-siyasi qiymət verilməsi məqsədilə hazırlanmış petisiyaya beynəlxalq imzatoplama aksiyası keçirilir.