"Təhsil müəssisələrində, kollektivlərdə dini baxışlarını açıq şəkildə nümayiş etdirməyin tərəfdarı deyiləm"
Son günlər kütləvi informasiya vasitələrinin gündəmində olan orta məktəblərdə hicabdan istifadə ilə bağlı məsələyə münasibət heç də birmənalı deyil. Bəziləri orta məktəblərdə hicaba qoyulan qadağanı dini azadlığın məhdudlaşdırılması kimi qiymətləndirir. Milli Məclis Sədrinin müavini Bahar Muradova adıçəkilən məsələ ilə bağlı açıqlama verərək, hesab edir ki, bu məsələnin hansısa dairələr tərəfindən hər zaman idarə olunaraq ictimai gündəmə gətirilmə cəhdlərinin mövcudluğunu istisna etmir. B.Muradova jurnalistlərə açıqlamasında bildirib ki, "Təhsil haqqında" Qanun və orta məktəblərin daxili nizamnamələri var, bunlara əməl edilməlidir.
Milli Məclis Sədrinin müavini onu da qeyd edib ki, Azərbaycan məktəblərində vahid məktəbli forması geyinmək şərti qoyulub və buna hər kəs əməl etməlidir: "Bizim məktəblərdə təhsil dünyəvidir və bu dünyəvi təhsilin təşkili də dövlətimizin üzərinə düşür. Dövlət bunun üçün qanunlar qəbul edib, maddi-texniki imkanlar yaradır, proqramlar qəbul edir, tədris işini təşkil edir. Belə olduğu halda, buradakı bütün məsələlərə dövlətin və müvafiq dövlət qurumlarının qarışmağa ixtiyarı var. Millət vəkili, Yeni Azərbaycan Partiyasının nümayəndəsi olaraq mövqeyim ondan ibarətdir ki, biz cəmiyyətdə süni şəkildə yaradılmasına çalışılan bu kimi hallara qarşı mövqeyimizi qəti şəkildə ortaya qoymalıyıq. Bu məsələdə Təhsil Nazirliyinin mövqeyini dəstəkləyirəm və hesab edirəm ki, valideynlər də uşaqlarına ideoloji cəhətdən öz fikirlərini onlara süni şəkildə qəbul etdirmək istiqamətində addımlar atarkən, ciddi düşünsünlər ki, onlar həm də bu xalqın gələcəyidirlər".
Tələbələrin ali məktəblərə hicabla getmələrinə gəlincə, B.Muradova suala belə cavab verib: "Şəxsən mən təhsil müəssislərində, kollektivlərdə öz ideoloji, dini baxışlarını açıq şəkildə nümayiş etdirməyin tərəfdarı deyiləm. Bu, hər kəsin daxili, vicdan işidir. Hansı dinə mənsubluğunu ortaya qoymaq, eyni zamanda, başqasına qarşı təsir kimi qəbul edilməlidir. Fərdin burada münasibəti özü üçün rol oynaya bilər, amma cəmiyyətin də mövcud qanunları var ki, bu qanunlarla hesablaşmalıyıq".