Jerar Depardye İçəri Şəhərdə olub
Azərbaycanda səfərdə olan dünya şöhrətli fransız aktyoru Jerar Depardye bu gün İçəri Şəhərlə tanış olub. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məşhur aktyorun gəzintisi ölkəmizin ən möhtəşəm abidələrindən olan Qız Qalası ilə tanışlıqla başlayıb.
Xəzər dənizinin kənarında silindrik formada tikilmiş, nadir quruluşa malik Qız Qalasının Bakının simvolu və YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş abidə olduğu vurğulanıb. Qonaq Sıratağlı dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisindəki müxtəlif dövrlərə aid bədii daş yonma sənətinin nümunələrinə tamaşa edib. Buxara karvansarasında olan aktyora bu abidənin Azərbaycanın qədim iqtisadi əlaqələrindən xəbər verdiyi və öz ilkin memarlıq quruluşunu saxladığı bildirilib. Elektromobillərlə davam edən gəzinti zamanı İçəri Şəhər, Qoşa Qala Qapıları və yaxınlığındakı meydan barədə maraqlı tarixi məlumatlar qonağın diqqətinə çatdırılıb. Gəzinti zamanı aktyor həmçinin milli mətbəximizin nümunəsi olan təndir çörəyinə qonaq edilib. Azərbaycan xalqının mədəni irsinin incisi "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanışlıq zamanı kompleks haqqında ətraflı məlumat verilib. Kompleksə daxil olan abidələrin üzərindəki naxışlar Jerar Depardyenin xüsusi marağına səbəb olub. 2002-ci ildən fəaliyyət göstərən Miniatür kitab muzeyində olan qonaq muzeyin zəngin ekspozisiyası ilə də tanış olub.
Sonda Jerar Depardye İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini yazıb və Qədim Şəhərə heyran olduğunu vurğulayıb.