Heydər Əliyev: Azərbaycan xalqının Ümummilli Lideri
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayevin ərəb dünyasının ən aparıcı qəzeti olan və bütün dünyada yayımlanan "Əl-Əhram-İnternational" və Misir Ərəb Respublikasının aparıcı gündəlik qəzetləri olan "Əl-Əhram" və "Əl-Əxbər" qəzetlərində "Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri" adlı geniş məqaləsi dərc edilib.
Səfirlikdən SİA-ya verilən xəbərə görə, məqalədə dərin zəka, bilik, təcrübə və uzaqgörənliyə malik bir dövlət xadimi kimi Heydər Əliyevin şərəfli həyat yoluna nəzər salan Ş.Abdullayev Heydər Əliyevin təhsili, gənclik illəri və Dövlət təhlükəsizlik orqanlarında fəaliyyəti barəsində ətraflı məlumat verib. Heydər Əliyevin Azərbaycan SSR Mərkəzi Komitənin Birinci Katibi və Sovet İttifaqı Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Kabinetinin Sədrinin müavini kimi mühüm vəzifələrdə çalışdığını qeyd edən müəllif qətiyyətli iradəyə malik bir şəxs kimi Heydər Əliyevin 1987-ci ildə SSRİ Mərkəzi Komitəsinin Siyasi Bürosunun siyasətinə etiraz olaraq, vəzifəsindən istefa verdiyini qeyd edilib.
Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və istəyi ilə müstəqilliyini itirmək təhlükəsində olan Azərbaycanın rəhbərliyinə bir daha qayıtdığını vurğulayan səfir Ş.Abdullayev belə bir çətin və gərgin zamanda hakimiyyətə gələn Heydər Əliyevin uzaqgörən siyasəti, müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddət ərzində problemləri arxada qoyaraq, davamlı inkişaf mərhələsinə qədəm qoyduğu bildirilib.
Məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti və bu təcavüzün dayandırılması və onun nəticələrinin aradan qaldırılması istiqamətində Heydər Əliyevin atdığı qətiyyətli addımlar xüsusilə qabardılır. Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətinin nəticəsi olaraq, Azərbaycanda mərkəzi hakimiyyətin gücləndiyi, çox ehtiyac duyulan xarici əlaqələrin genişləndiyi, demokratikləşmə prosesinin başlandığı, Azərbaycanın yeni Neft strategiyasının əsasının qoyulduğu, və "Əsrin müqaviləsi"nin imzalandığı və tarixi İpək Yolunun bərpa olunduğu müəllif tərəfindən oxucuların diqqətinə çatdırılıb.
Məqalədə eyni zamanda Azərbaycan xalqının 12 dekabr 2003-cü ildə Heydər Əliyevin vəfatı xəbərini dərin hüzn və kədərlə qarşıladığını qeyd edən müəllif müstəqil Azərbaycanın qurucusu olan Heydər Əliyevin öz həyatını Azərbaycanın çiçəklənməsi və inkişafına həsr etdiyini və Azərbaycan xalqının yaddaşında əbədi olaraq xoş xatirələrlə qaldığını vurğulanıb.
Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinə sadiq qalaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dinamik inkişaf edən ölkə olduğunu qeyd edib və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, iqtisadi islahatlar və fəal xarici siyasətin nəticəsi olaraq, Azərbaycanın regional lider dövlətə çevrildiyini vurğulayıb.