Ümummilli Lider Heydər Əliyev bəşəriyyət üçün fenomendir
Dünən Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının qərargahında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etdilər. Anım mərasimində çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov Ulu Öndər Heydər Əliyevin sovetlər dönəmindən başlayaraq xalqımızın bugünü və gələcəyi üçün mühüm işlər gördüyünü və vacib qararlar qəbul etdiyini vurğuladı: "Tarixdə çox az sayda böyük şəxsiyyətlər olur ki, onlar öz dövrlərində mühüm və əbədi iz qoyurlar. Azərbaycan xalqının da xoşbəxtliyi ondadır ki, onu böyük bəlalardan və tarixi keşməkeşlərdən xilas edə bilən Ulu Öndər Heydər Əliyev kimi şəxsiyyəti olmuşdur. Bu böyük sərkərdə, xalqının böyük oğlu ömrünü birbaşa milli mənsubiyyəti uğrunda fəda etmişdir. Ulu Öndər Heydər Əliyevin idealları Azərbaycan xalqı üçün əbədi və müqəddəs bir yol olduğu üçün gələcək nəsillərin bu yolun möhtəşəmliyindən bəhrələnərək, vətənpərvər və milli ruhda yetişmələri üçün özlərinə nümunə götürmüş olacaqlar".
YAP Tərtər rayon təşkilatının sədri, həmçinin, Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, tarixdə iz qoymaq hər bir şəxsiyyətə nəsib olmur. "Ulu Öndər Heydər Əliyevin bütöv həyatının və bütöv fəaliyyətinin bütün istiqamətləri xalqımızın bugünü və gələcəyi üçün böyük yoldur" deyən R.Şabanov böyük bəlalardan və tarixin sərt sınaqlarından uğurla çıxmış dövlətimizin və xalqımızın Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında daha uca və müqayisəolunmaz uğurlara imza atacağına əminliyini bildirdi.
Tədbirdə Tərtər rayon telekommunikasiya qovşağının rəisi Rüfət Qurbanov, YAP Tərtər rayon təşkilatının qadınlar şurasının sədri Xatirə Məmmədova, rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Bayramov və rayon mərkəzi xəstəxanasının həkimi Gülnar Şərifzadə çıxış etdilər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu siyasi strategiya və inkişaf xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən böyük əzmlə davam və inkişaf etdirdiyini bildirdilər. Xalqımızın 1990-cı illərin sonlarında bir sıra ağır sınaqlarla üz-üzə qaldığını bildirən tədbir iştirakçıları, məhz Ümummilli Lider Heydər Əliyevin böyük iradəsi və mətinliyi nəticəsində bugünkü situasiyanın uğurlu sosial-iqtisadi, mədəni, elmi, siyasi naliyyətlər yaratmış olduğunu qeyd etdilər. Çıxış edənlər Ümummilli Liderimiz Heydər Əliyevin bəşəriyyət üçün ən böyük töhfə olduğunu vurğulayaraq, bildirdilər ki, xalqımız çox xoşbəxtdir ki, onun Ümummilli Lideri Heydər Əliyev kimi oğlu vardır.