Ulu Öndər Heydər Əliyevin anım mərasiminə həsr olunmuş tədbir keçirildi
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində Ulu Öndər Heydər Əliyevin anım mərasiminə həsr olunmuş tədbir keçirildi. Tədbirdən əvvəl universitetin professor, müəllim heyəti və tələbə kollektivi tərəfindən Fəxri Xiyabanda Heydər Əliyevin və oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarları ziyarət olundu. Tədbir iştirakçıları Heydər Əliyev və Zərifə xanım Əliyevanın abidələri qarşısına əklil qoyub, bir dəqiqəlik sükutla yad etdilər.
Universitetdə davam etdirilən tədbiri giriş sözü ilə universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Yusif Məmmədov açaraq müstəqil və müasir Azərbaycan dövlətinin banisi və qurucusu, xalqımızın dahi oğlu, böyük tarixi şəxsiyyət, dünyamiqyaslı siyasi xadim, çağdaş intibahımızın banisi, Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini əziz tutaraq, Onun idarəçilik və dövlətçilik fəaliyyətindən danışdı. Y.Məmmədov Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında göstərdiyi müstəsna tarixi xidmətlərini vurğuladı. Heydər Əliyevin şəxsiyyət kimi gerçək xüsusiyyətlərini, fikir və ideallarını dərindən öyrənməyin və onun gənc nəslə yüksək səviyyədə öyrətməyin mühüm ictimai-siyasi və mənəvi-əxlaqi əhəmiyyət kəsb etdiyini bildirən Y.Məmmədov Ulu Öndərin çətin, lakin şərəfli və mənalı ömür yolu keçdiyini diqqətə çəkdi. Ulu Öndər Heydər Əliyev xalqımızın yaxın tarixi keçmişinə böyük xilaskar və qurucu kimi daxil olmuşdur. Professor qeyd etdi ki, 2003-cü il dekabr ayının 12-si sözün həqiqi mənasında, xalqımız, millətimiz üçün çox ağır və kədərli bir gündür. Çünki xalqımız həmin gün öz böyük oğlunu, millətsevər rəhbərini itirmişdi. Ulu Öndərin dünyasının dəyişməsi bütün dünyada böyük əks-səda doğurmuşdu: "Dünyanın tanınmış siyasətçiləri, aparıcı dövlətlərin rəhbər şəxsləri Ulu Öndərlə vidalaşmaq və Onun cənazə törəninə qatılmaq üçün Bakıya gəlmişdilər. Məxsusi qeyd etmək istəyirəm ki, Ulu Öndər Heydər Əliyev son 35-40 ildə dövlətimizin hərtərəfli inkişafında, dünya miqyasında tanınmasında müstəsna tarixi xidmətlər göstərmiş böyük şəxsiyyətdir. Biz bu gün həyatımızın hansı sahəsinə diqqət yetirsək, xalqımızın Böyük Oğlunun fədakar əməyini, zəhmətini görürük. Dahi lider Heydər Əliyev hələ Sovetlər Birliyi dövründə Azərbaycana rəhbər seçilərkən respublikamızı tənəzzüldən xilas etmiş, onu inkişaf yoluna çıxarmışdır. Ötən əsrin 70-ci illərində Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatının yüksəlişi dövrü başlamışdır.
Universitetin rektoru Ulu Öndərin xalqımız qarşısında göstərdiyi ən böyük tarixi xidmətləri də qeyd etdi. O bildirdi ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin əbədiyaşarlığını təmin edən böyük şəxsiyyətdir. Ümummilli Liderimiz Azərbaycanın müstəqil bir dövlət kimi əbədi yaşamasını təmin etmək üçün onu möhtərəm Prezidentimiz cənab İlham Əliyevə tapşırdı. Cənab Prezidentimiz İlham Əliyev də Ulu Öndərimizin xalqımız və dövlətimizlə bağlı ideallarına sadiqlik nümayiş etdirərək, müstəqil dövlətimizi daha da gücləndirdi, daha da inkişaf etdirdi. Xalqımızın rifah halının yüksəlməsi üçün məqsədyönlü fəaliyyət proqramı həyata keçirdi və bu gün də həmin proqramı çox uğurla həyata keçirməkdə davam edir.
Anım mərasimində çıxış edən ADPU-nun ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, universitetin elmi işlər üzrə prorektoru çıxış edərək, Heydər Əliyevin Azərbaycan üçün, həqiqətən də, böyük Sima, Şəxsiyyət olduğunu bildirdilər. Belə bir zamanda Həsən Mirzəyevin "Heydər Əliyev Azərbaycan Respublikasının memarı, xilaskarı və qurucusudur" kitabının təqdimatı, Heydər Əliyev dühasının xatirəsinə ithafı Onun keçdiyi yolun öyrənilməsi baxımından əhəmiyyətli olduğu qeyd edildi. Kitabın Heydər Əliyev ideyalarını tədqiqi baxımından qiymətli nümunə olduğu vurğulandı. Həsən Mirzəyevin iti qələmi, zəkası nəticəsində ərsəyə gələn nümunə Heydər Əliyevin hakimiyyətə qayıdışın əks etdirən kitab tarixi baxımından dəyərli nümunədir.
Tədbirdə çıxış edən kitabın müəllifi Həsən Mirzəyev Azərbaycanın müasir həyatından, insanların rifahından və ölkənin dünyaya inteqrasiyasında Heydər Əliyev siyasi gücündən, qüdrətindən danışdı. Azərbaycan böyük uğurla Avropaya və dünya birliyinə inteqrasiya olunur. Müstəqil respublikamız həm də beynəlxalq aləmdə böyük nüfuz qazanıb, xalqımızın dünya xalqları ilə siyasi, iqtisadi və mədəni əlaqələri genişlənir. Yəni suveren Azərbaycan, sözün həqiqi mənasında, hərtərəfli inkişaf və tərəqqi yolundadır. Bütün bu ürəkaçan uğurlara, nailiyyətlərə isə, şübhəsiz ki, ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik kursunu cənab Prezidentimiz İlham Əliyevin çox böyük uğurla davam etdirməsi nəticəsində nail olunmuşdur. Həsən Mirzəyev külliyyatının 14-cü cildinin Heydər Əliyevə ithaf olunmasının təsadüf olmadığını bildirdi. O, müsəlman aləmində 14 müqəddəs yerin olduğunu və bu baxımdan da Heydər Əliyevin fəaliyyətini və qaydışını dəlilərlə 14-cü cildə daxil etdiyi söylədi.
O da qeyd olundu ki, 14 cilddən ibarət olan külliyyatının 1, 3, 9, 10, 14-cü cildi Ümummilli Liderin əziz xatirəsinə həsr olunub.