PDF Oxu

Əsas

  • 27

"Heydər Əliyev Azərbaycanın qurucusudur"

"Heydər Əliyev Azərbaycanın qurucusudur"
Respublikamızın hər yerində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini anma gününə həsr olunmuş tədbirlər keçirilir.
YAP Tovuz rayon təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev Azərbaycanın qurucusudur" mövzusunda keçirilən tədbiri rayon təşkilatının sədr müavini Sevda Səfərova açaraq, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində, Azərbaycan dövlətçiliyinin təşəkkül tapmasındakı və inkişafındakı rolundan danışdı: "Həyatını öz xalqına bəxş etmiş Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsil dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Ümummilli Liderimiz Heydər Əliyev elə nadir tarixi şəxsiyyətlərdəndir ki, hələ sağlığında xalqının qəlbində özünə möhtəşəm abidə ucaldaraq, canlı əfsanəyə çevrildi. Ümummilli Liderimiz Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu həmişə xalqını, vətənini düşünüb, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib. 1992-1993-cü illər müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq dövrü kimi daxil oldu. Bu dövrdə müstəqillik yoluna qədəm qoymuş respublikamızın qarşısında yeni mərhələdə tarixi vəzifələr dururdu. Tarix bu vəzifələrin yerinə yetirilməsi üçün ölkənin intellektual, sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi".
S.Səfərova onu da vurğuladı ki, hələ Azərbaycana ilk rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə üzləşməsinə baxmayaraq, Heydər Əliyev dühası heç bir çətinlikdən qorxmayaraq xalqda tarixi keçmişi, dili, mədəniyyəti, milli adət-ənənələri haqqında əsaslı təsəvvürlər formalaşdırmağa nail oldu: "Ulu Öndər Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin göstəricisi də, məhz azərbaycançılıq ideyasının, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması prinsipləri əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi faktlara çevrilməsidir".
Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatının gənclər birliyi sədri İlqar Kərimov, Yusif Kəsəmənli, rayon ağsaqqallar şurasının sədri Fərman Nağıyev bildirdilər ki, həqiqət yolu ilə gedən və böyük uğurlar qazanan Ulu Öndər, Azərbaycan xalqının tarixində şanlı salnamələr açdı: "Reallıq və həqiqət böyüklük və qüvvət əlamətidir. Öz təbiəti etibarilə cəmiyyəti həmişə irəli aparan, qabaqcıl və mütərəqqi qüvvələrə dayaq olan, insanların xoş gələcəyi, gözəl arzular və xəyallar haqqında düşünən və onları reallığa çevirən şəxsiyyətlərin həyat amalı, ancaq həqiqət konsepsiyasına bağlıdır. Tarixi şəxsiyyət və Ümummilli Lider kimi Heydər Əliyev millətini, torpağını fəlakətdən qurtarıb, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək, dirçəliş və inkişafa doğru yönəldib, cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb".
Çıxış edənlər onu da vurğuladılar ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən irəli sürülmüş bütün ideyaların bu gün Prezident İlham Əliyev tərəfindən uğurlu şəkildə reallığa çevrilməsinin Azərbaycan həyatının sevindirici gerçəklik olduğunu bildirdilər: "Müasir dövlətimizin memarı Heydər Əliyevin başladığı böyük işləri və taleyüklü məsələləri, planları, gənc dövlətimizin milli mənafeyinə tam uyğun müstəqil daxili və xarici siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk günlərindən respublikanın müxtəlif regionlarında seçkiqabağı görüşlərində verdiyi vədlərinə əməl edərək, ölkə iqtisadiyyatının daha sürətlə inkişaf etdirilməsi və əhalinin maddi-rifah halının yaxşılaşdırılması istiqamətində çox mühüm tədbirlər həyata keçirib".

Digər xəbərlər