PDF Oxu

Əsas

  • 31

YENİ AZƏRBAYCANIN QURUCUSU

YENİ AZƏRBAYCANIN QURUCUSU

Azərbaycanın son 40 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.

Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü miniliyyə inamla qədəm qoydu. Heydər Əliyevin zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı.
Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirib, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutub.
Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını vətənini düşünürdü. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınırdı. Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacardı.
Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın son otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin-Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə, gerçəkləşdiyi konkret işlərlə bağlıdır.
Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən, məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdı. Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir.
Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qayıtması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsi üçün zəmin yaratmışdı.
Hələ Naxçıvan Ali Sovetinin Sədri işləyərkən Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı. İqtidar isə, Onun siyasətini separatçılıq kimi qiymətləndirir və Naxçıvan Muxtar Respublikasında hakimiyyət çevrilişi etməyə, qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edirdi. Bu, elə bir dövr idi ki, daşnakların "Böyük Ermənistan" yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı.
Xalq xilas yolunu Heydər Əliyevin ölkəyə rəhbərliyində gördüyü halda iqtidarda olan və olmayan Xalq Cəbhəsi üzvləri, habelə, hakimiyyəti itirmiş qüvvələr və onların əlaltıları arasında didişmə, satqınlıq, xəyanət yolu ilə hətta Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti ələ keçirmək cəhdləri baş alıb gedirdi.
Gəncədə 1993-cü il iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan bir qrup zabit "hərbi birlik" yaratmışdır. Onlara Surət Hüseynov rəhbərlik edirdi. 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidar hərbi müxalifətin öhdəsindən gələ bilmirdi.
Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. Bununla yanaşı, xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Ziyalı insanlar dəfələrlə Naxçıvana gedib yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər "Səs" qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi.
Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi yaradıcısı və Sədri olduğu Yeni Azərbaycan Partiyası ilə sıx şəkildə bağlıdır. Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində keçirilib. Konfransda Azərbaycanın müxtəlif regionlarından təşəbbüs qruplarının 550-dən artıq nümayəndəsi iştirak edib. Konfrans Yeni Azərbaycan Partiyasının təsis edilməsi haqqında qərar qəbul edib. Heydər Əlirza oğlu Əliyev konfrans nümayəndələri tərəfindən açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının Sədri seçilib.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Azərbaycanın böhrandan çıxaraq inkişaf etməsi məhz bundan sonra başladı.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında ümumxalq tələbi nəticəsində siyasi hakimiyyətə gəlməsi ilə YAP-ın inkişafında yeni mərhələ başladı. Həmin dövrdə YAP-ın qarşısında bir tərəfdən iqtidar partiyası kimi cəmiyyətin siyasi sistemində özünün aparıcı mövqeyini təsdiq etmək, digər tərəfdən isə müstəqil dövlət quruculuğu proseslərində yaxından iştirak etmək vəzifəsi dayanırdı.
Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyətini daim diqqətdə saxlayırdı. O, YAP-ın Sədri kimi partiyanın ildönümlərinə həsr edilmiş tədbirlərdə daim iştirak edər, proqram xarakterli nitqlər söyləyər, partiya həyatı və fəaliyyətilə əlaqədar zəruri tapşırıqlar verərdi.
Dövləti olmayan xalq ölümə məhkumdur. Dövlətçilik xalqın "Olum, ya ölüm" məsələsidir. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi.
Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilib, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olub, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanıb.
Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb.
Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsil dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".

Digər xəbərlər