Əbədiyyət üfüqünün dühası
Tarix və şəxsiyyət, şəxsiyyətin tarixdəki xidmətləri barədə fikirlər hər zaman gündəmdə aktual mövzu olaraq qalır. Əlbəttə, bu kontekstdə baş verən hadisələrə münasibət heç vaxt birmənalı olmayıb. Keçmişə nəzər salsaq, görərik ki, tarixən şəxsiyyətin cəmiyyətdəki rolunu aydınlaşdırmaq üçün böyük alimlər, mütəfəkkirlər bu fenomeni dərindən öyrənməyə çalışmış və mühüm nəticələr çıxarmışlar. Ümumi qənaət bundan ibarətdir ki, hər bir xalqın inkişaf yolunu müəyyənləşdirən, onu dünyaya tanıdan məhz liderlərdir. Həmin liderlər ki, onlar tarixin müəyyən məqamlarda yaşadığı çətinliklərə baxmayaraq, hər zaman xalqının azadlığı, müstəqilliyi haqqında düşünür və bu istiqamətdə həmişə qorxmadan mübarizə aparırlar. Fransız mütəfəkkiri, görkəmli şəxsiyyət Şarl Montöskye qeyd edirdi ki, xalqın taleyində mühüm rol oynamış şəxsiyyətlər həmişə tarixə təsir göstərir və xilaskar missiyaları ilə yeni tarix yaratmış olurlar.
Azərbaycan Respublikasının əbədi Prezidenti, Ümumilli Lider Heydər Əliyev məhz o şəxsiyyətlərdəndir ki, millətinin, xalqının həyatında mühüm rol oynamışdır. Onun xidmətləri, Azərbaycanın taleyindəki rolu beynimizə həkk olunaraq, tarixdə əbədiyaşarlıq hüququ qazanmışdır. Məlum məsələdir ki Ümumilli Liderimiz xalqının taleyində və tarixində parlaq, silinməz iz qoymuşdur.
XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqillik əldə etdi. Tarix bu şansı bizim taleyimizə iki dəfə yazdı, onlardan birincisi 1918-ci il 28 may, ikincisi isə 1991-ci il oktyabrın 18-də. Tam cəsarətlə demək olar ki, cəmi 23 ay yaşasa da, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti milli, sosial, siyasi mənsubiyyət etibarı ilə əhalinin təmsil olunması, eyni zamanda, fəaliyyət göstərdiyi çox qısa bir müddətdə dövlət quruculuğu yolunda gördüyü işlər baxımından dövrünü çox-çox qabaqlamışdır. Bu 23 ayda parlament 155 iclas keçirərək 270-dən çox qanun layihəsini müzakirəyə çıxarmış, onların təxminən 230-u qəbul olunmuşdur.
Göründüyü kimi, cümhuriyyət parlamenti qısa müddət fəaliyyət göstərmsinə baxmayaraq, tarixə ən demokratik parlamentlərdən biri kimi düşdü. Lakin təəssüflər olsun ki, 1918-ci ildə əldə etdiyimiz müstəqillik 23 ay davam etdi və bu müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra nailiyyətlər, uğurlar əldə etməsinə, 1919-cu ildə dünya dövlətləri içərisində de-fakto tanınmasına baxmayaraq, milli fraksiyanın daxilində baş verən pozuculuq siyasəti, o dövrdə olan ümumi beynəlxalq vəziyyət və digər səbəblər üzündən müstəqilliyimizə son qoyuldu. Nəticədə, Azərbaycan Respublikası sovet hakimiyyətinin təsiri altına düşdü. Nə az, nə çox düz 71 il Sovet Rusiyasının tərkibində olduq.
1969-cu ilin 14 iyulunda Heydər Əliyevin respublika rəhbərliyinə təyinatından sonra xalqımızın tarixində yeni bir mərhələ yaranmışdır. Ulu Öndərin KPMK-nın 1969-cu il 5 avqust tarixli plenumundakı dərin məzmunlu çıxışı Azərbaycanı problemlər məngənəsindən çıxaran və inkişafa aparan başlanğıc kimi səslənir: "Azərbaycanın bütün İttifaq göstəricilərindən və digər respublikaların göstəricilərindən geri qalması ciddi təşviş hissi doğurur. Bunu nə ilə izah etmək olar? Hər bir sahədəki çatışmazlıqların öz xüsusi səbəbləri vardır. Ancaq təhlil gəstərir ki, bu sahələr üçün səciyyəvi olan ümumi səbəblər də az deyil. Odur ki, müəssisələrdə rəhbərliyin səviyyəsi ağırdır, lazımi tələbkarlıq və intizam yoxdur"...
XX əsrdə xalqımızın həyatında ən böyük nailiyyət Azərbaycan Respublikasının yaradılmasıdır. 1991-ci ilin 18 oktyabrında ikinci dəfə müstəqilliyə qədəm qoyduq. Yeni tarixi mərhələyə - suveren inkişaf yoluna gəlib çatdıq. Heç şübhəsiz ki, Ulu Öndərimizin səyi, həyata keçirdiyi ləyaqətli, şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycan yox olmaq təhlükəsindən qurtulmuş və çox güclü dövlətə çevrilmişdir.
Ulu Öndərin respublikamızın inkişafı naminə gördüyü işləri, ləyaqətlə yerinə yetirdiyi xilaskarlıq missiyalarını nəzərinizə çatdırmaq istəyərdim. Faktlara nəzər salsaq, görərik ki, Heydər Əliyev bütün sahələrə - istər incəsənət, istər kənd təsərrüfatı, istər iqtisadiyyat, istərsə də ordu quruculuğu və digər sahələrə dərindən maraq göstərmiş, bununla yanaşı, respublikamızda xalqımızın gün-güzəranının, məişətinin, həyatının yaxşı olması üçün bir sıra göstərişlər, sərəncamlar, fərmanlar vermişdir. İlk öncə, qeyd edim ki, onun göstərişinə əsasən, ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Müstəqilliyimiz dövründə Azərbaycan parlamentinin keçdiyi inkişaf yoluna nəzər salsaq, görərik ki, 1995-ci ildə qəbul olunan Azərbaycanın yeni Konstitusiyası demokratik əsaslara söykənir. İlk dəfə ABŞ-da sınaqdan keçmiş hakimiyyətin bölünməsi prinsipi Azərbaycan parlamentində də qəbul olundu. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycanda aparılan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunda, iqtisadi istahatların həyata keçirilməsində, sosial münasibətlərin inkişafını təmin edən qanunvericilik bazasının yaradılmasında böyük irəliləyiş əldə edilmişdir. Heydər Əliyev Milli Məclisin 1995-ci il 24 noyabr tarixli iclasında çıxış edərkən demişdir: "Hesab edirəm ki, yeni seçilmiş parlament xalqımızın, Azərbaycanın intellektual, mədəni səviyyəsini, xalqımızın mənəvi varlığını təmsil edən, təcəssüm edən bir parlamentdir. Biz belə parlamentlə fəxr edə bilərik. parlamentdə Azərbaycanın tanınmış hörmətli adamları, ziyalı adamları var. Belə olan halda, Parlamentin işi də səmərəli olacaqdır. Hazırlanan, qəbul edilən qanunlar da Konstitusiyaya uyğun, bizim tutduğumuz yola, demokratiya prinsiplərinə uyğun qanunlar olacaqdır!"
Yuxarıda qeyd etdiyim kimi, Ümummilli Lider aqrar islahatlar barədə də bir sıra işlər görmüşdür. Onların bəzilərinə nəzər salaq, Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin müzakirəsinə verilmiş "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununun 1996-cı ilin 16 iyulunda qəbul edilməsi və 13 avqust 1996-cı ildə həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə torpaq islahatlarının həyata keçirilməsinin başlanğıcı qoyuldu. Daha sonra "Torpaq vergisi haqqında", "Torpaq icarəsi haqqında", "Aqrar islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında" və digər 40-dan artıq fərman və hüquqi-normativ aktların qəbul olunması ilə həyata keçirilən torpaq islahatlarının hüquqi bazası yarandı və bu gün də bu sahənin inkişafı ilə bağlı cənab İlham Əliyev atasının siyasətini uğurla davam etdirir.
Mədəniyyət sahəsində də Ulu Öndərimizin gördüyü işlər danılmazdır. Onun Azərbaycana rəhbərlik etdiyi dövrdə - 1981-ci ildə nakam şair, görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyini keçirmək haqqında qəbul etdiyi qərar və ədibin cənazəsinin Sibirdən Azərbaycana gətirilməsi, sözün əsil mənasında, siyasi bəraətin ifadəsinə çevrildi. Və 1992-ci ildə möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyi qədim Naxçıvan diyarında təntənə ilə qeyd olundu. Bütün bunlar Ümummilli Liderin respublikamızın inkişaf etməsi, xalqımızın həyatının yaxşılaşması və ən əsası xoşbəxt olması naminə gördüyü işlərin yalnız çox cüzi hissəsi idi. Onun bütün bu işlərini bu gün hörmətli cənab Prezidentimiz İlham Əliyev uğurla davam etdirir.
Mən bu gün fəxr edirəm ki, məhz Heydər Əliyevin təhsil aldığı Bakı Dövlət Universitetində oxuyuram. Və Heydər Əliyevin 12 dekabr anım günü münasibətilə bu məqaləni yazmağı özümə borc bildim. Sonra yazımı məhz Ümummilli Lider, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin fikirləri ilə yekunlaşdırmaq istəyirəm.
"Azərbaycan Respublikası bundan sonra müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək!"
Allah rəhmət eləsin! Ruhu şad olsun!
Ayşə İsazadə,
Bakı Dövlət Universiteti
jurnalistika fakültəsi I kurs tələbəsi