Azərbaycan tərəfi Dağlıq Qarabağla bağlı bu vəziyyətə çox dözməyəcək
Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq ictimaiyyətin aktivliyi müşahidə olunsa da, Ermənistanın qeyri-konstruktivliyi səbəbindən hər hansı bir nəticə yoxdur. Məsələyə münasibət bildirən Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd edib ki, məhz bu səbəbdən də, bu danışıqlar dalana dirənib: "ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ problemi ilə bağlı açıqlamaları müəyyən mənada məsələnin daha dinamik şəkildə gündəmə gəlməsinin göstəricisidir. ATƏT-in Astana Sammitindən sonra artıq həmsədr ölkələrin hər üçü Dağlıq Qarabağ münaqişəsinin həllində gecikmələrdən, mövcud problemin uzanmasından narahat olduqlarını bildiriblər".
Onun sözlərinə görə, təbii ki, buna Azərbaycanın siyasi iradəsi də təsir göstərir. Prezident İlham Əliyevin dəfələrlə bu barədə verdiyi bəyanatları xatırladan şöbə müdiri qeyd edib ki, Azərbaycanın bu məsələdə səbrinin bir həddi var: "Ermənilərin qeyri-konstruktivliyi, məsələləri təkrar-təkrar gündəmə gətirmək cəhdləri, əvvəl razılaşdırılmış məsələlər ətrafında yenidən müzakirə açmaları bunu göstərir ki, ermənilər bu məsələdə qeyri-konstruktiv mövqelərini davam etdirmək fikrindədirlər. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı dünya ictimaiyyətinə və beynəlxalq hüquqlara bundan sonra da sayğısız yanaşmaq xəttini davam etdirməkdədirlər. Azərbaycanın bu çağırışları da beynəlxalq aləmi müəyyən dərəcədə narahat edib və Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlarda aktivlik müşahidə olunmaqdadır. Lakin onu da qeyd etməliyik ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi bu məsələnin müəyyən qədər dalana dirənməsinə səbəb olub. Yəni yenilik yoxdur, inkişafla bağlı meyillər müşahidə olunmur. Ona görə ki, Ermənistanın son dövrlər nümayiş etdirdiyi mövqe, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşmanı davam etdirməsi, Azərbaycanın şəhər və kəndlərinin tarixi adlarının dəyişdirilməsi cəhdləri, Ermənistan parlamentinin qəbul etdiyi biabırçı akt, yəni separatçı rejimlərlə Ermənistan dövlətinin bu və ya digər əlaqələrinin hüquqi qiymətə mindirilməsi cəhdləri və s. -bütün bunlar göstərir ki, Dağlıq Qarabağ probleminin həllində Ermənistan qeyri-konstruktiv mövqelərini davam etdirməkdədir".
Prezident Administrasiyasının rəsmisi onu da əlavə edərək, söyləyib ki, Ermənistan, həmçinin, ATƏT-ə BMT-nin qətnamələrinə və beynəlxalq ictimaiyyətin bu sahədəki cəhdlərinə meydan oxumaqdadır. Onun sözlərinə görə, bunun nə qədər davam edəcəyini, hansı sonluqla yekunlaşacağını proqnozlaşdırmaq çox çətindir: "Amma təkrar edirik ki, Azərbaycan dövləti bu vəziyyətə çox dözməyəcək və cənab Prezidentin də qeyd etdiyi kimi əgər bundan sonra biz bu danışıqların nəticəsiz yekunlaşacağını dəqiq müəyyən edəndən sonra digər addımlara əl atacağıq".
Bu addımların nədən ibarət olacağına gəlincə, Ə. Həsənov deyib ki, "Azərbaycan torpaqlarını azad etmək üçün onun ixtiyarında olan və beynəlxalq hüququn ona imkan verdiyi bütün addımlardan istifadə etməyə çalışacaq".