“Heydər Əliyev siyasəti Azərbaycanda əbədi yaşayacaq"
Dünən Qaradağ rayonunda rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə "Heydər Əliyev siyasəti Azərbaycanda əbədi yaşayacaq" mövzusunda konfras keçirilib. Tədbirdən öncə iştirakçılar Ulu Öndərin büstü önünə gül dəstələri düzüblər, Ümummilli Liderimizə dərin ehtiramlarını ifadə ediblər.
Sonra tədbir mədəniyyət sarayında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə davam etdirilib. Tədbirdə çıxış edən Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın həftərəfli inkişafı üçün həyata keçirdiyi işlərdən söz açıb: "Dahi şəxsiyyət Heydər Əliyev bütövlükdə Azərbaycan xalqının yenidən dirçəlmək və öz dövlətçiliyini qurmaq, ona sahiblik etmək keyfiyyətlərini, xalqımızın müxtəlif stereotiplər əsasında silinmə təhlükəsilə üz-üzə qalmış milli-mənəvi dəyərlərimizi yenidən özümüzə qaytardı. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın yüksək inkişafı, xalqın sosial tərəqqisi üçün çalışıb, əvəzolunmaz xidmətlər göstərib. Onun hakimiyyətinin hələ birinci mərhələsində - 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə respublikamızın güclü iqtisadiyyatının təməli qoyulub, bugünkü müstəqil Azərbaycanın yüksək iqtisadi inkişafına baza yaradan əsas özüllər formalaşdırılıb".
Bu gün isə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasını davam etdirən Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə daxil olub: "Bu gün Azərbaycanın dünyada inkişaf templərinə malik olan ölkə kimi iqtisadi gücü artmaqda, mövqeyi güclənməkdə, regional inkişaf proqramlarının müəllifi olaraq strateji nüfuzu möhkəmlənməkdədir".
Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov çıxış edərək, deyib ki, Azərbaycan müasir tarixinin son 40 ili Ulu Öndər Heydər Əliyevin adı və genişmiqyaslı siyasi fəaliyyəti ilə bağlıdır: "Heydər Əliyevin digər dövlət xadimlərindən, siyasətçilərdən fərqi ondadır ki, Onun müəyyənləşdirdiyi siyasi kurs Özünün olmadığı vaxtlarda da uğurla həyata keçirilir. O insan böyük liderdir ki, ideyaları Onun fiziki ölümündən sonra da yaşayır. Heydər Əliyev tarixdə çox az rast gəlinən o siyasətçilərdəndir ki, Onun siyasəti özündən sonra da həyata keçirilir, reallığa çevrilir".
"Heydər Əliyev bütün həyatını xalqımıza həsr edib" deyən Əli Əhmədov bildirib ki, Onun müəyyənləşdirdiyi siyasət Azərbaycanın inkişafını şərtləndirir: "Bu gün hər bir vətəndaşın rifahı gündən-günə yaxşılaşmaqdadır. Təbii ki, insanlar onların firavan həyatını təmin edən şəxsiyyəti dərin hörmət və ehtiramla anırlar, xatırlayırlar. Buna görə də, Heydər Əliyev bu gün də aramızdadır, Onun cismən yoxluğu heç zaman hiss olunmayıb".
Ə.Əhmədov bildirib ki, tarixi şəxsiyyətlər yaratdığı abidələrlə, ideyalarla yaddaşlarda qalır: "Eyni zamanda, şəxsiyyətin özü haqqında abidələr yaradılır. Onun sözlərinə görə, Heydər Əliyevin yaratdığı ən böyük abidə müstəqil Azərbaycan dövlətidir. Ulu Öndərimizin ideyaları isə ölkəmizin inkişafında, hər bir vətəndaşın həyatında müstəsna rol oynayır. Bu ideyalar ətrafında birləşən xalqımız yeni-yeni uğurlara imza atır".
Ümummilli Lider Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətindən, Onun rəhbərliyi ilə əldə olunmuş nailiyyətlərdən danışan YAP-ın Sədr müavini deyib ki, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasi və dövlət xadimi Heydər Əliyev əsrlər boyu xalqımıza xidmət edəcək çox böyük irs qoyub gedib: "Müstəqil Azərbaycan dövləti bu irsdən faydalanır, sürətlə inkişaf edir, dünya dövlətləri sırasında öz mövqelərini getdikcə möhkəmləndirir".
Hər bir xalqın öz keçmişinə hörmətlə yanaşdığını qeyd edən Əli Əhmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev xalqımız üçün keçmiş deyildir: "Son illər qazanılan uğurlar Ulu Öndərimizin bu gün də bizimlə olduğunu təsdiq edir. Bu gün dünyada öz yeri, öz səsi olan müstəqil Azərbaycan dövləti məhz Ümummilli Liderimizin misilsiz xidmətlərinin bəhrəsidir. Bugünkü Azərbaycan Heydər Əliyev ideyalarının yaşaması və qalib gəlməsi deməkdir. Nə qədər ki, Azərbaycan var, Ulu Öndər Heydər Əliyev də var və Onun ideyaları xalqımızı xoşbəxt gələcəyə aparacaq".
YAP Sədrinin müavini bildirib ki, Heydər Əliyev şəxsiyyətinə xalqımız tərəfindən sonsuz hörmət yalnız Ulu Öndərin xatirəsini anma günlərində ifadə olunmur.
YAP-ın Sədr müavini qeyd edib ki, Heydər Əliyev yolu ilə irəliləyən ölkəmiz daha böyük nailiyyətlər əldə edəcək. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gələcək zəfərlərdən xəbər verir.
"Heydər Əliyev siyasəti Azərbaycanda əbədi yaşacaq" fikri ilə çıxışına başlayan, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, Ümummilli Lider Heydər Əliyev həyatının böyük hissəsini Azərbaycan xalqının rifahının yüksəldilməsinə və dövlətçiliyimizin qurulmasına, möhkəmləndirilməsinə həsr edib: "Ümummilli Lider Heydər Əliyev ötən əsrin əvvəllərində fundamental iqtisadi model hazırlamaqla bugünkü dinamik inkişafın dərin təməllərini qoyub. Ulu Öndərin həyata keçirdiyi kompleks və sistemli islahatlar nəticəsində respublikamız 1995-2003-cü illər ərzində yüksək inkişaf yolu keçib və iqtisadiyyatda dinamik artım meyilləri yaranıb. Azərbaycan Resblikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Bu gün gerçəyə çevrilənlərin əsası Ümummilli Lider tərəfindən qoyulan ideyalardır. Ona görə də gündən-günə yüksələn inkişaf dinamikası hər şeydən əvvəl Ulu Öndər Heydər Əliyevin siyasətinin və ideyalarının təntənəsi sayılmalıdır".
Tədbirdə çıxış edənYAP fəalları bir daha söyləyiblər ki, Heydər Əliyev ideyaları Azərbaycanda daim yaşayacaq və xalqımız tərəfindən dəstəklənəcək.
Qeyd edək ki, Qaradağ rayonundan seçilmiş millət vəkilləri Ağalar Vəliyev və Mixail Zabelin də tədbirdə iştirak edib.