PDF Oxu

Əsas

  • 22

“İnkişafın Azərbaycan modeli" adlı kitabın təqdimat mərasimi keçirilib

“İnkişafın Azərbaycan modeli" adlı kitabın təqdimat mərasimi keçirilib

Dövlət və hökumət rəsmilərinin, Milli Məclis deputatlarının, müxtəlif siyasi partiyaların təmsilçilərinin, elm xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə açaraq bildirmişdir ki, bu günlərdə "Azərbaycan" qəzeti tərəfindən ideya və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyev olan "İnkişafın Azərbaycan modeli" kitabı nəşr olunmuşdur. Kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, əməkdar jurnalist Bəxtiyar Sadıqovdur.
Kitabın məziyyətlərindən danışan akademik Ziyad Səmədzadə bildirmişdir ki, silsilə məqalələr toplusundan ibarət olan kitab iqtisadi sahədə keçid dövrünün strateji istiqamətlərini, milli inkişaf strategiyasının əsas nəticələrini müfəssəl şəkildə əks etdirir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf olunan, "Oskar" nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatda, yüksək zövqlə hazırlanan kitab ön söz və üç fəsildən ibarətdir. Burada son 17 ildə Azərbaycanda elmi əsaslarla hazırlanıb həyata keçirilən sosial-iqtisadi siyasət, reallaşdırılan islahatlar milli inkişaf modelini səciyyələndirən məsələlər kimi önə çəkilir.
Akademik Z.Səmədzadə qeyd etmişdir ki, kitabda 1994-2009-cu illərdə iqtisadi sahədə keçid dövrü ilə bağlı əsas sosial-iqtisadi hadisələrə, Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev tərəfindən verilən sərəncam və fərmanlara, təsdiq olunan dövlət proqramlarına, digər qanunvericilik aktlarına nəzər salınır, əldə olunan nailiyyətlərin xronologiyasına diqqət yetirilir. İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycanda əvvəlki sosial-iqtisadi münasibətlərin, institutların bazar iqtisadiyyatına uyğun olaraq transformasiyası, islah olunması, yenilərinin formalaşması prosesinə nəzər salınır.
Tədbirdə çıxış edən akademik Asəf Nadirov hələ bir qədər əvvəl Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsini xatırlatmış, bildirmişdir ki, müəllif çox haqlı olaraq bu sahədə qarşıda duran böyük problemlərlə yanaşı, həm də cəmiyyətin diqqətini indiyə qədər Azərbaycanın milli iqtisadi modelinin nəzəri və elmi cəhətdən lazımi səviyyədə araşdırılmamasına yönəltmişdir. Həmin məqalədə, eyni zamanda, göstərilmişdir ki, Azərbaycanın sürətli və güclü inkişafının doğurduğu problemlər, bu elm sahələrində tədqiqatların yeni şəraitdə genişləndirilməsi zəruriliyi diqqətdən bir qədər kənarda qalmışdır.
Akademik qeyd etmişdir ki, Azərbaycan modelinin ayrı-ayrı tərəfləri barədə iqtisadçılarımızın elmi fikirləri ancaq son zamanlar, xüsusən, akademik Ramiz Mehdiyevin göstərilən məqaləsindən sonra güclənməyə başlamışdır. İqtisadçılarımız Ümummilli Lider Heydər Əliyevin ərsəyə gətirdiyi beynəlxalq əhəmiyyətli neft strategiyasının milli qurtuluş siyasəti kimi tədqiqi, ölkədə həyata keçirilən köklü və genişmiqyaslı islahatların Azərbaycanın yeni ictimai-siyasi və sosial-iqtisadi həyatındakı əhəmiyyəti, nəhayət, gənc müstəqil dövlətimizin beynəlxalq aləmə inteqrasiyası və nüfuzunun artırılması, digər taleyüklü hadisələrin tədqiqi, habelə, onlardan gözlənilən nəticələrin elmi qiymətləndirilməsi ilə məşğul olmuşlar. Ölkənin keçdiyi bu şərəfli yol yeni fundamental əsərdə əsaslı şəkildə elmi cəhətdən tədqiq olunur və respublika iqtisadiyyatının gələcək geniş problemlərinin işlənməsinin aktuallığı gündəliyə gətirilir. Kitabda çox yığcam və bir-birini məntiqi surətdə tamamlayan üç fəsildə müstəqillik dövründə uğurlu inkişaf mərhələlərini keçmiş Azərbaycan iqtisadiyyatının özünəməxsus zəngin təcrübəsi təhlil edilir.
A.Nadirov bu qiymətli əsərin nəşrində onun redaktoru, tarix elmləri doktoru, professor Əli Həsənovun və buraxılışa məsul, Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun əməyini xüsusi qeyd etmişdir. Əsərin məzmununa toxunan natiq bildirmişdir ki, müstəqilliyin ilk dövrlərində son dərəcə ağır tənəzzülə uğrayan Azərbaycan iqtisadiyyatı Ulu Öndər Heydər Əliyevin ümumxalq həmrəyliyi ilə hakimiyyətə qayıtması, böyük elmi düşüncə və cəsarətlə həyata keçirilən müstəqil dövlət quruculuğu, bu sarsılmaz siyasətin layiqli davamçısı İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində çox möhtəşəm inkişaf yolu keçmiş və milli dirçəlişimizin sarsılmaz əsası yaradılmışdır. Bu böyük yüksəlişin ən təqdirəlayiq ümumi yekunlarından biri ondan ibarətdir ki, Azərbaycan iqtisadi sahədə keçid mərhələsini uğurla başa çatdıraraq bölgənin lider dövlətinə çevrilmişdir.
Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev kitabda müstəqillik dövründə Azərbaycanın keçdiyi inkişaf yolunun tutarlı arqumentlərlə təhlil olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycanın milli inkişaf modeli Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu, kitabda ardıcıl surətdə, sistemli şəkildə açıqlanmışdır. Ölkəmizin iqtisadi uğurlarının əsasında Ümummilli Lider Heydər Əliyevin islahatlar modelinin dayandığını vurğulayan rektor Azərbaycanın əksər makroiqtisadi göstəricilərinin qonşu Ermənistan və Gürcüstanın birgə göstəricilərindən 4-5 dəfə yüksək olduğunu qeyd etmişdir.
Azərbaycanda həyata keçirilən islahatlar modelinin əsas xüsusiyyətlərindən bəhs edən Ş.Hacıyev demişdir ki, kitabın birinci hissəsində iqtisadi inkişafdan bəhs olunur. Azərbaycanın son 5 ildə keçdiyi iqtisadi inkişaf yolu dünyanın inkişaf etmiş ölkələrinin 10 ildə keçdiyi yola bərabərdir. Bu, düşünülmüş və elmi cəhətdən əsaslandırılmış strategiyanın nəticəsidir.
Təqdimat mərasimində Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov öz çıxışında qeyd edib ki, akademik Ramiz Mehdiyev və yaradıcı qrupun Azərbaycan iqtisadi inkişafının təhlilini aparması və ictimaiyyətə təqdim etməsi təşəbbüsü Azərbaycan xalqı üçün mühümlüyü ilə seçilir: "Bu mövzu bir neçə ildir ki, ölkə elm ictimaiyyətini düşündürən problemlərdəndir. İnkişafın Azərbaycan modelinin formalaşması Azərbaycanın iqtisadi fikrini düşündürən mövzulardandır. Azərbaycan iqtisadi inkişaf modelinin bazasında Azərbaycandakı sabitlik dayanır. Ölkədə Heydər Əliyev tərəfindən təmin olunmuş sabitlik inkişafın platforması rolunda çıxış edir. Azərbaycanın iqtisadi inkişaf modelinin birinci komponenti bu amildir. Daha sonra isə Heydər Əliyevin neft strategiyası olub. Əsası Heydər Əliyev tərəfindən qoyulan, bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar nəticəsində iqtisadi inteqrasiya sahəsində Azərbaycan öz iqtisadiyyatını təmin edir, digər tərəfdən də dünya iqtisadiyyatının tərkib hissəsinə çevrilir".
Əli Əhmədov Azərbaycan iqtisadiyyatının inkişafının prinsiplərdən danışıb. O bildirib ki, Azərbaycan bazar iqtisadiyyatının bütün prinsiplərini qəbul etməsi nəticəsində özünün iqtisadi inkişaf modelini formalaşdırıb: "Bugünkü Azərbaycanın iqtisadi inkişafının mühüm komponentlərində biri də sosial bazar prinsipləridir. Azərbaycanın sürətli inkişafı üçün çox etibarlı baza yaradılıb. Bundan sonra uzun illər nəzərdə tutulan inkişaf var. Bu kitab həm nəzəri mənbədir, həm də praktiki bir vəsaitdir".


Millət vəkili, iqtisadçı Əli Məsimli da kitabın dəyəri, əhəmiyyəti barədə danışıb. Kitabın ideya müəllifinə və yaradıcı heyətinə təşəkkürünü bildirən millət vəkili qeyd edib ki, kitab Azərbaycanın iqtisad elmində irəliyə doğru addımdır. Onun sözlərinə görə, kitab həm fəlsəfi, həm nəzəri, həm də praktiki nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir.
Millət vəkili Fazil Mustafa çıxış edərək, bildirdi ki, bu kitab Azərbaycanını inkişaf modelini əks etdirən əsas topludur. F.Mustafanın sözlərinə görə, bu kitab təkcə iqtisadçılar üçün yox, həm də ali məktəbin tələbələri və dinləyiciləri üçün əsas dərs vəsaitidir. Bu kitab, həmçinin, bu vaxta qədər ödkəmizdə həyata keçirilən irimiqyaslı sosial-iqtisadi tərəqqinin və ictimai inkişafın bütün detallarını özündə etiva edən və cəmləşdirən mükəmməl bir məlumat mənbəyidir.

Kitabın redaktoru, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə çıxışında kitabın təşəbbüskarı Ramiz Mehdiyevə və kitabın hazırlanmasında iştirak edən digər şəxslərə təşəkkürünü bildirib. O, qeyd edib ki, kitab təhlillər və dəyirmi masalar üçün əsas yaradır: "Əsas məqsəd ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan, bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən modelin fərqli xüsusiyyətləri təhlil olunsun, onun dayanıqlılığı müzakirə edilsin və onun çatışmayan tərəfləri barədə təhlillər aparılsın, müvafiq dövlət qurumlarına tövsiyələr edilsin".
PA rəsmisi bildirib ki, Azərbaycan dövləti heç bir dövlətdən asılı olmadan öz inkişaf yolunu müəyyənləşdirib və Azərbaycanın inkişaf modelinin təməlində ümummilli lider Heydər Əliyev dayanır: " Dünyada tətbiq edilən iqtisadi modellər çoxsaylıdır. Amma müxtəlif ölkələrdə inkişafın özünəməxsus xüsusiyyətləri var. Azərbaycan dövləti heç bir dövlətdən asılı olmadan öz inkişaf yolunu müəyyənləşdirib. Təsadüfi deyil ki son zamanlar dünyadakı maliyyə-iqtisadi böhrandan çox az zərərlə çıxıb. Bu gün Azərbaycan təcrübəsindən dünyanın bir çox ölkələri bəhrələnmək istəyirlər. Eyni zamanda, Azərbaycanın inkişaf modelinin təməlində Ümummilli Lider Heydər Əliyev dayanır. Dövlətin inkişafı tək iqtisadiyyat üzərində qurulmur. İqtisadiyyat bunun bazasını təşkil edir. Əminəm ki, gələcəkdə ayrı-ayrı tədris müəssisələri, alimlər buradakı məsələlərlə bağlı müzakirələri davam etdirəcəklər. Əsas məsələ odur ki, Azərbaycan dövlətinin iradəsi ortadadır".

Digər xəbərlər