PDF Oxu

Əsas

  • 23

Geosiyasət haqqında Azərbaycanda dövlət dilində yazılan ilk nümunə

Geosiyasət haqqında Azərbaycanda dövlət dilində yazılan ilk nümunə
Dünyada gedən qloballaşma prosesində Azərbaycan beynəlxalq aləmdə nüfuzu ilə tanınan dövlət olduğundan onun yürütdüyü geosiyasi və geostrateji dövlət siyasəti və s. amillərin şərhinə və təhlilinə ehtiyac duyulur.
Müasir dövrdə Azərbaycan elmi qloballaşan dünyanın çağırışlarına cavab verərək, beynəlxalq əlaqələrini genişlənməsi, inteqrasiya proseslərinin sürətlənməsi prosesində qarşıya yeni vəzifə və məqsədlər qoyur. Təhsil ocaqlarında bu və digər proseslərin elmi şəkildə izahı günümüzün vacib məsələlərindən biridir. Müasir dövrdə cəmiyyətdə baş verən proseslər, informasiya axınının güclənməsi nəticəsində Azərbaycançılıq ideyalarının, baxış və prinsiplərin siyasi, huquqi baxımdan qorunması missiyasını qarşıya qoyur. Zamanın diktəsi və sürətli inkişaf hadisələrə müxtəlif prizmalardan baxış tələb edir.
Geosiyasət elminə marağın artması, bu, elmin qanunauyğunluqlarının, predmet və mahiyyətinin öyrənilməsi, müasir dünyanın siyasi sistemlərinin, maraq və ziddiyyətlərinin geniş aspektdən öyrənilməsinə dəlalət edir. Bu yaxınlarda çapdan çıxan tarix elmləri doktoru, professor Əli Həsənovun "Geosiyasət" kitabı da bu sahənin öyrənilməsi baxımından təqdirəlayiqdir. Dərslikdə göstərilir ki, bir əsrdən çoxdur ki, dünya siyasətşünaslığında "Geosiyasət elmi" termini istifadə olunur. Bir elm kimi geosiyasətin mahiyyəti və hüdudları, obyekti və predmeti ilə bağlı bütün bu dövr ərzində diskussiyalar keçirilir. Geosiyasət gənc olduğu qədər də dinamikdir, bəşəriyyətin siyasi düşüncə tərzindəki dəyişikliklərə müvafiq olaraq sürətlə dəyişir və inkişaf edir. Ümumiyyətlə, geosiyasətin elm kimi formalaşması prosesi dünyada bir əsrdən artıq tarixə malikdir.
Qeyd edək ki, kitab geosiyasət haqqında Azərbaycanda dövlət dilində yazılan ilk nümunədir. Bu da məlum səbəblərin nəticəsidir. Bildiyimiz kimi, 70 il imperiyanın tərkibində yaşadığımız zaman məsafəsində geosiyasətlə bağlı tədqiqatların aparılması və geniş formada ictimaiyyətə təqdimatı qapalı olaraq qalırdı. Müstəqilliyimiz bizlərə verdiyi imkanın nəticəsidir ki, "Geosiyasət" kitabı vasitəsi ilə müəllif ilk dəfə olaraq, geosiyasətin elm sahəsi kimi meydana gəlməsini, eləcə də, müasir dövrümüzə qədər keçdiyi yolu elmi əsaslarla öyrənərək, formalaşması və inkişafının tarixşünaslığına nəzərə salır. Kitabda tarixi dövrlər və fərqli geosiyasi məktəblər elmi mənbələr əsasında araşdırılır. Əli Həsənov geosiyasətin elm sahəsi kimi meydana gəlməsindən sonrakı böyük bir dövrdə keçdiyi inkişaf yolunun təhlilinə həsr olunan fundamental tədqiqat kitabında göstərir ki, bu ideya və nəzəriyyələr daha çox geosiyasətin iqtisadi və sivilizasiya yaşanmasına əsaslanaraq, onun akademik elmə və siyasi praktikaya çevrilməsini şərtləndirir. Beləliklə, müasir geosiyasət daha çox beynəlxalq aləmdə dövlətin iqtisadi-siyasi, texnologiya, maliyyə, innovasiya və enerji imkanları və gücü, dünyadakı müsbət imici və beynəlxalq proseslərə təsiri, sivilizasiya ölçüləri ilə məşğul olan elmi istiqamətə transformasiya olunmuşdur.
Kitabda klassik geosiyasət məktəblərinin və dünyada geosiyasi prinsiplərin müəllifinə çevrilən qüdrətli siyasi xadimlərin fikir və nəzəriyyələrinin təhlilinə geniş yer verən müəllif bunların əsas ideya və nəzəriyyələrini tarixşünaslıq materiallarının tədqiqata cəlb edilməsi sayəsində araşdırır.
Əli Həsənov bir tədqiqatçı alim kimi XX əsrin ikinci yarısı və müasir dövrdə Qərb ölkələrinin geosiyasətindən, habelə, Rusiyanın geosiyasət məktəbinin keçdiyi inkişaf mərhələlərinə aydınlıq gətirir. Eyni zamanda, müasir dünya sisteminin geosiyasi reallıqlarının təhlilinə də yer verir. Kitabda göstərilir ki, SSRİ-nin dağılması və sosialist blokunun iflasından sonrakı reallıqlar, köhnə və yeni dövlətlər, ayrı-ayrı geosiyasi faktorlar və onların arasındakı münasibətlər planetimizin müasir geosiyasi strukturunun əsasını təşkil edir. Artıq geosiyasətin əvvəlki Vesifal, Versal və Podstam dövrünə xas olan yanaşmalar, hədəflər və koordinatlar yeni dövrdə özünün tamam fərqli çalarlarda, bölgülərdə və tarazlıqlarda göstərir. "Müasir dünya siyasətinin xarakteristikası və yeni geosiyasi meyilləri" adlanan bölmədə müəllif dünya sisteminə və geosiyasi strukturlarına təsir göstərən amilləri qruplaşdıraraq təhlil edir. Belə nəticəyə gəlinir ki, geosiyasi koordinatların yeni sistemini tədqiqatçılar Belovejsk sistemi adlandırır və "yeni dünya nizamı" kimi təqdim edirlər. Müəllif əsərdə "yeni dünya nizamı"nda müasir strukturlaşmanı reallıqları nəzərə alaraq, bunu altı bölmə şəkilində təqdim edir: 1.Kanada və Meksika ölkələri ilə birlikdə ABŞ və onun müttəfiqi olan Avropa Birliyi ölkələri; 2.Çin, Yaponiya, Hindistan və Cənub-Şərqi Asiyanın digər inkişaf etmiş ölkələri; 3.Rusiya, onun təsir dairəsinə daxil olan postsovet məkanı ölkələri və provaslav slavyan dünyası; 4.İslam dünyası və onun Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Pakistan və s. kimi regional lider ölkələri; 5.Afrika qitəsi ölkələri və onların birliyi; 6.Latın Amerikası ölkələri.
Əli Həsənovun "Geosiyasət" kitabı elmin akademik sahəsini əhatə edən dərslik kimi tələbə və doktorantlar, habelə, elmi işçilər, mütəxəssislər üçün nəzərdə tutulsa da, dövlət qulluqçuları, siyasətçilər üçün də böyük əhəmiyyət kəsb edir.

Digər xəbərlər