PDF Oxu

Əsas

  • 20

Sərhəd mühafizəsi modernləşir

Sərhəd mühafizəsi modernləşir

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə Ali Baş Komandanın ali diqqəti və qayğısı sayəsində Azərbaycan sərhəd mühafizəsi dinamik inkişafa nail olub.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı"nın uğurlu realizəsi nəticəsində sərhəd xətti boyu müasir sərhəd mühafizə strukturunun təkmilləşdirilməsinə nail olunmuşdur. Dövlət Proqramı çərçivəsində DSX sahil mühafizəsinin yeni bazası, "Sərhədçi" idman olimpiya mərkəzi, Dövlət Sərhəd Xidməti Akademiyasının binası, Şüvəlan qəsəbəsində hərbi hissə, "Sərhədçi" istirahət mərkəzi, Xudat şəhərində yaşayış massivi, Horadiz, Şəki, Zaqatala, Şəmkir və Göytəpə sərhəd dəstələrinin qarnizonları, Astara rayonunda cənub katerlər divizionu, Xızı rayonunda səhra təlim poliqonu, Novxanıda müasir Atçılıq Mərkəzi, Səngəçal qəsəbəsində mərkəzi anbarlar kompleksi, aviasiya bazaları, hərbi hissələrdə sərhəd komendantlığı və zastavası kompleksləri inşa edilərək, xidməti istifadəyə verilib.
Proqram çərçivəsində ölkəmizin şimal sərhədlərində çoxsaylı sərhəd məntəqəsi kompleksləri inşa edilib, sərhədçilərin xidmət və məişət şəraiti xeyli yaxşılaşıb. Dövlət Proqramını uğurla həyata keçirən sərhədçilər ilin son ayında şimal sərhədlərimizdə 3 yeni sərhəd zastavası kompleksinin açılış tədbirlərini və Şimal katerlər divizionunun təməlqoyma mərasimini təntənəli şəkildə qeyd ediblər. Dekabr ayının 6-da Xudat Sərhəd Dəstəsində Yuxarı Zeyxur və Aşağı Qalanxur sərhəd zastavaları sərhədçilərin istifadəsinə verilib.

Zuxuloba sərhəd zastavası kompleksinin açılışı oldu
Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin sərhəd mühafizəsi sistemi xeyli inkişaf etdirilib və təkmilləşdirilib. Cənab Ali Baş Komandanın dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə göstərdiyi ali diqqət sayəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası xeyli gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları, güclü sərhəd infrastrukturu yaradılıb, Azərbaycan sərhədlərinin daha etibarlı şəkildə qorunması tam təmin olunub. Xudat sərhəd dəstəsində yeni istifadəyə verilən sərhəd zastavaları Cənab Ali Baş Komandanın sərhədlərimizin mühafizəsinə, sərhədçilərə göstərdiyi qayğının növbəti təzahürüdür.
E. Quliyev zastavada yaradılan şəraitlə tanış olub və zabitlər üçün tikilən mənzillərə baş çəkib. Eyni zamanda, iş fəaliyyəti dövründə fərqlənən 8 sərhədçiyə qiymətli hədiyyə verib. Xatırladaq ki, Yeni sərhəd zastavası komplekslərində sərhədçilər üçün yüksək səviyyəli xidməti-döyüş şəraiti yaradılıb. Zastavaların hər birində əsgərlər üçün bütün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət, təlim və digər xüsusi təyinatlı otaqlar, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, zabit və gizirlər üçün mebel avadanlığı ilə təmin edilmiş yaşayış evləri, idman meydançaları, avtomobillərin texniki sazlığının yoxlanılması və təmir edilməsi üçün qarajlar, xidməti heyvanlar üçün xüsusi binalar və digər tikililər vardır.
Sonra Muxtadır kəndi yaxınlığında Şimal katerlər divizionunun təməlqoyma mərasimi keçirilib. Tədbirə, həmçinin, DSX rəisi, general-leytenant Elçin Quliyev, Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev qatılıblar
Sahil Mühafizəsinin rəisi, general-mayor İlham Mehdiyev bildirib ki, burada katerlər divizionu üçün inzibati bina və katerlərin yan alması üçün körpülər və bəndlər tikiləcək. Bura, həmçinin, Sahil Mühafizəsinin böyük qabaritli gəmiləri də yan ala biləcək. Gələcəkdə Sahil Mühafizəsinin inkişaf proqramına uyğun olaraq, divizionda texniki müşahidə məntəqəsinin və təmir bazasının yaradılması nəzərdə tutulur.
Daha sonra o, qeyd edib ki, divizionda quraşdırılacaq müasir avadanlıqlar Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin şimal istiqamətində yerləşən ərazilərini fasiləsiz nəzarət altında saxlamağa imkan verəcək. Bununla dənizdə axtarış-xilasetmə və digər əməliyyatların yerinə yetirilməsi, dənizdə dövlət sərhədinin mühafizəsinə aviasiya qüvvələrinin cəlb edilməsi və xidmət aparan sərhəd gözətçi gəmiləri ilə qarşılıqlı əlaqə yaratmaq imkanlarını daha da genişləndirəcək.
Açılış mərasimində jurnalistlərə açıqlamasında son illər Azərbaycanın Dövlət Sərhəd Xidməti dəniz sərhədlərimizin qorunmasında ciddi irəliləyişlərin əldə edildiyini deyən Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev bildirib ki, dövlətin dəstəyi nəticəsində DSX inkişaf dövrünü yaşayır. Onun sözlərinə görə, 2008-ci ildə sahil mühafizəsinin mərkəzi bazası inşa edilib. Dövlət Sərhəd Xidmətinin rəisi qeyd edib ki, bu gün həmin bazada onlarla gəmi və katerlər xidmət aparır: "Dövlət Sərhəd Xidməti Xəzər dənizinin Azərbaycan sektorunda dövlətimizin maraqlarını təmin edir. Hazırda Cənub istiqamətində katerlər divizyonu inşa edilib. Artıq bu istiqamətdə xidmət tam təşkil olunub. Eyni zamanda, dəniz sərhədlərinin mühafizəsində də yeni texnologiyalardan istifadə edilir. Bu gün DSX-nin sahil mühafizəsi mərkəzi Xəzərin Azərbaycana məxsus hissəsində tam nəzarət həyata keçirir".
Yeni texnologiyaların tətbiqinə gəlincə, E.Quliyev bildirib ki, artıq bu istiqamətdə işlərə başlanılıb. Belə ki, Cənub, Şimal və Şimal-Qərb sərhədlərində tikilmiş yeni sərhəd kompleksləri artıq ən müasir texnoloji avadanlıqlarla təchiz olunub: "Bu da sərhəd mühafizəsini daha effektli etməyə zəmin yaradır. Yeni silah-sursat, avadanlıqlar, avtomobil və zirehli texnikalar alınıb. Qeyd edim ki, bu gün çox qürurluyuq ki, dövlətimiz sərhəd mühafizəsinin qorunması üçün bütün zəruri addımlar atır".
Azərbaycanın iqtisadi cəhətdən inkişafı Dövlət Sərhəd Xidmətinə ayrılan vəsaitin həcminə ciddi təsir göstərdiyini deyən Elçin Quliyev kənar mənbələrdən vəsaitin daxil olmasına ehtiyacın olmadığını vurğulayıb: "Son illər ərzində Dövlət Sərhəd Xidmətinin büdcəsi 20 dəfə artıb. Bu da qarşıya qoyulan bütün tapşırıqların yüksək səviyyədə icra olunması üçün zəmin yaradır. Dövlət Sərhəd Xidməti hazırda Xəzəryanı dövlətlərlə, o cümlədən, Avropanın bir çox dövləti ilə çox yüksək səviyyədə əməkdaşlıq edir".
Elçin Quliyev 2010-cu il ərzində DSX tərəfindən görülən işlər barədə də danışıb. O, qeyd edib ki, cari ildə DSX qarşıya qoyulan tapşırıqların icrasını yüksək səviyyədə həyata keçirib və cənab Prezident İlham Əliyev tərəfindən verilən bütün tapşırıqlar tam yerinə yetirilib. Eyni zamanda, sərhəd mühafizəsində əldə edilən nailiyyətlərdən danışan DSX rəisi cari il ərzində 30-a yaxın sərhəd məntəqəsi kompleksinin istifadəyə verildiyini qeyd edib: "Eyni zamanda, ailəli zabitlər üçün yaşayış evləri istifadəyə verilib. Çünki yaşayış şəraiti zabitin xidmətinin təşkil olunmasına dəstək verir. Bu il 400-ə yaxın zabitimiz xidməti yaşayış evləri ilə təmin olunub. Cari ildə əhəmiyyətlilik nöqteyi-nəzərindən Azərbaycanın müstəqillik tarixində, ilk dəfə olaraq, dövlət sərhədlərimizin bir hissəsində delimitasiya işinin yekunlaşması və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında müqavilənin imzalanmasını ən yüksək səviyyəyə qoyardım. Bu sənədin imzalanması böyük tarixi əhəmiyyət kəsb edir".

Digər xəbərlər