Milli Məclisin növbəti iclası keçirildi Deputat Siyavuş Novruzov Milli Məclisin İntizam Komitəsinin sədri seçildi
Dünən Milli Məclisin növbəti iclası keçirildi. Deputatları salamlayan Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, ölkəmizin demokratik inkişafı parlament seçkilərinin də azad və ədalətli keçirilməsinə münbit şərait yaratdı: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisi öz qanunvericilik fəaliyyətində ölkəmizin demokratik inkişafına əsaslı töhfələr verəcək".
İclasda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbərliyi, üzvləri və MSK aparatının işçiləri də iştirak edirdilər. Milli Məclisin sədri Oqtay Əsədov bütün deputatlar adından parlament seçkilərinin yüksək səviyyədə keçirilməsinə görə, onlara minnətdarlığını bildirdi. Qeyd etdi ki, Azərbaycanın seçki tarixində ilk dəfə olaraq, 2010-cu ilin parlament seçkilərində heç bir seçki dairəsində nəticələr ləğv edilməmişdir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda seçki təcrübəsi çox yüksək səviyyədədir.
Deputat vəsiqələrinin, ilk dəfə olaraq, 2005-ci ildə Milli Məclisdə deputatlara təqdim olunduğunu deyən Oqtay Əsədov bu ənənənin davam etdirildiyini bildirdi.
İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dördüncü çağırış Milli Məclisin ölkəmizin inkişafına öz töhfələrini verəcəyinə əminliyini ifadə etdi. M.Pənahov onu da vurğuladı ki, demokratik prinsiplər əsasında şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün ən əsas məqamlardan biri ölkə başçısının siyasi iradəsidir. Bütün dünyada artıq özünə vətəndaşlıq qazanmış bir faktor seçkilərin keçirilməsində mühüm rol oynayır. İstənilən ölkədə demokratik seçkilərin keçirilməsi üçün orada ölkə rəhbərliyinin siyasi iradəsi olmalıdır. MSK sədri ardıcıl olaraq nümayiş etdirdiyi siyasi iradəyə görə, ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirdi.
Parlamentin işinə uğurlar arzulayan Məzahir Pənahov əmin olduğunu bildirdi ki, dördüncü çağırış Milli Məclis də Azərbaycan xalqına layiqincə xidmət edəcək.
MSK-nın sədri M.Pənahov Milli Məclisin Sədri Oqtay Əsədova, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərova, müavinləri Bahar Muradovaya, Valeh Ələsgərova və seçki dairəsi ardıcıllığı ilə deputatlara deputat vəsiqələrini təqdim etdi.
Sonra gündəlikdəki məsələlərə baxıldı. Əvvəlcə Milli Məclisin İntizam Komitəsi təşkil edildi. Sözügedən komitə sədrinin seçilməsi üçün səsvermə keçirildi. Bu vəzifəyə YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov seçildi. Komitənin əvvəlki sədri Ağacan Əbiyev isə Elm və Təhsil Komitəsinə üzv seçildi.
Sonra Milli Məclisin komitələrinin sədr müavinləri və komitələrin üzvləri seçildilər. Rövşən Rzayev Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi, Aydın Mirzəzadə Təhlükəsizlik və Müdafiə Komitəsi, Çingiz Əsədullayev İqtisadi Siyasət Komitəsi, Elton Məmmədov Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsi, Eldar Quliyev Aqrar Siyasət Komitəsi, Musa Quliyev Sosial Siyasət Komitəsi, Fəttah Heydərov Regional Məsələlər Komitəsi, Bəxtiyar Əliyev Elm və Təhsil Komitəsi, Rəfael Hüseynov Mədəniyyət Komitəsi, Sevinc Fətəliyeva Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi, Yevda Abramov İnsan Hüquqları Komitəsinin sədr müavini seçiliblər.
Bununla da Milli Məclisin iclası başa çatdı.