PDF Oxu

Əsas

  • 19

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib
Dünən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib. Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının ilk iclasına 38 saylı Yaycı seçki dairəsindən deputat seçilmiş Fərəc Fərəcov sədrlik edib. Noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçilmiş 45 deputatın hamısı sessiyada iştirak etdiyindən sessiya öz işinə başlamağa səlahiyyətli hesab edilib. Azərbaycan Respublikasının Dövlət himni səslənib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən, birinci sessiyanın ilk iclasında dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçilmiş deputatların siyahısı oxunub.
Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin seçilməsi məsələsi müzakirə edilib. 13 saylı İbadulla seçki dairəsindən deputat Oruc Həsənli çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilmək üçün Vasif Yusif oğlu Talıbovun namizədliyini irəli sürüb. O qeyd edib ki, noyabrın 7-də keçirilən seçkilər bir daha xalqın Heydər Əliyev yoluna başqa alternativ görmədiyini göstərdi. Bu da səbəbsiz deyil, çünki 1993-cü ildən başlayaraq bu günədək müstəqil Azərbaycanın keçdiyi böyük inkişaf yolu, qazandığı uğurlar məhz ümummilli liderimizin dühası sayəsində gerçəkləşib. Naxçıvan Muxtar Respublikasında son 15 ildə sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində qazanılan böyük nailiyyətlər də ulu öndər Heydər Əliyev siyasətinin tükənməz imkanlarını nümayiş etdirməkdədir. Naxçıvan Muxtar Respublikasına son 15 ildə ulu öndər Heydər Əliyevin siyasi və idarəetmə məktəbinin layiqli nümayəndəsi Vasif Talıbov rəhbərlik edib. O, 1995-ci, 2000-ci və 2005-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilib, onun rəhbərliyi altında muxtar respublikanın şəhər, qəsəbə və kəndləri böyük quruculuq meydanına çevrilib, bütün sahələrdə əsaslı irəliləyişlər baş verib. Deputat Oruc Həsənli bütün bunları nəzərə alıb, 7 saylı Aralıq seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilmiş Vasif Yusif oğlu Talıbovun yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə namizədliyini irəli sürüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Yeganə Məmmədova, Allahverdi Mirzəliyev, Eldar Zeynalov, Arif Qasımov və Məmməd Rzayev çıxış edərək deputat Vasif Talıbovun yenidən Ali Məclisin sədri seçilməsi təklifini dəstəkləyiblər. Deputatlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə irəli sürülmüş namizədin açıq səsvermə yolu ilə seçilməsini təklif etmişlər. Səsvermənin nəticələrini hesablamaq üçün 5 nəfərdən ibarət hesablayıcı komissiya seçilmişdir.
Sonra səsvermə keçirilmiş, səsvermədə iştirak edən 45 deputatın hamısı 7 saylı Aralıq seçki dairəsindən seçilmiş deputat Vasif Yusif oğlu Talıbovun lehinə səs vermişdir. Beləliklə, Vasif Talıbov yenidən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sessiyada çıxış edərək demişdir ki, muxtar respublika Ali Məclisinin son 5 ili əhatə edən fəaliyyət dövrü hər bir sahədə ciddi nailiyyətlərin əldə edildiyi dövrdür. Ümummilli liderimiz və onun siyasi kursunun ardıcıl davamçısı olan ölkə rəhbəri İlham Əliyev tərəfindən sosial-iqtisadi fəaliyyət sahəsində qarşıya qoyulan vəzifələr rəhbər tutulmuş, icra intizamı gücləndirilmiş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının məsuliyyəti artırılmış, "hakimiyyət xalq üçündür" prinsipi əsas götürülmüşdür. Muxtar respublikanın istehsalat sahələrinin blokada vəziyyətindən irəli gələn gərgin iqtisadi şəraitdə fəaliyyət göstərmələrinə baxmayaraq, mövcud potensialdan səmərəli istifadə olunmuş, sosial-iqtisadi vəziyyət yaxşılaşdırılmış, iqtisadiyyatın tarazlı inkişafı təmin olunmuş, yeni infrastruktur, istehsal və emal sahələri, sosial-mədəni obyektlər yaradılmış, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün tədbirlər görülmüşdür. Ali Məclisin sədri noyabr ayının 7-də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərdə fəallıq və mütəşəkkillik göstərən, ümummilli lider Heydər Əliyevin siyasi kursunu dəstəkləyən bütün seçicilərə minnətdarlığını bildirmişdir.
Sonra sessiya öz işini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sədrliyi ilə davam etdirmişdir.
Sessiyanın iş qaydası, reqlamenti təsdiq olunmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavinlərinin seçilməsi məsələsi müzakirə edilmişdir. 10 saylı Şərur seçki dairəsindən deputat Azər Yadulla oğlu Zeynalov Ali Məclis sədrinin birinci müavini, 21 saylı Məzrə seçki dairəsindən deputat Mirhəşim Əhməd oğlu Seyidov isə müavini seçilmişlər. Sonra sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrləri, sədr müavinləri və üzvləri seçilmişlər. Gündəlikdə duran üçüncü məsələnin müzakirəsi zamanı "Naxçıvan Muxtar Respublikasının?Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyulmuş və qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov "Naxçıvan Muxtar Respublikasının 2011-ci il dövlət büdcəsinin təsdiq edilməsi", Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinin təsdiq edilməsi" barədə çıxış etmişlər. Müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qanunlar qəbul olunmuşdur. Ali Məclisin sədri sessiyaya yekun vuraraq demişdir: Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü çağırış birinci sessiyasının keçirilməsi münasibətilə deputatları təbrik edir və bildirirəm ki, bu günə qədər olduğu kimi, bundan sonra da müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ümummilli liderimizin yolu ilə gedəcək, bütün sahələrdə böyük öndərimizin işinə və əməllərinə sədaqət nümayiş etdirəcək, ölkə Prezidentinin rəhbərliyi ilə rifah və tərəqqi yolunda daha böyük nailiyyətlər qazanacaqdır. Bununla da, dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası öz işini başa çatdırmışdır.

Digər xəbərlər