PDF Oxu

Əsas

  • 19

Astanada qəbul olunmuş birgə bəyanat münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb edir

Astanada qəbul olunmuş birgə bəyanat münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb edir
Bu günlərdə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən ATƏT-in zirvə toplantısının nəticələri geniş müzakirə mövzusuna çevrilmişdir. 11 ildən sonra keçirilən zirvə toplantısını şərh edərkən, burada aparılan müzakirələri və əldə olunan nəticələri diqqət mərkəzində saxlamaq mütləqdir.
Qeyd etmək lazımdır ki, belə bir toplantının keçirilməsi müasir dövr üçün vacib olan məsələdir. Nəzərə alsaq ki, belə bir toplantı son dəfə 1999-cu ildə Lissabonda keçirilmişdir, onda bəzi məsələlərin yüksək səviyyədə həlli üçün Astana sammitinin keçirilməsinə ehtiyac var idi. Ehtimal olunurdu ki, burada müzakirə olunan məsələlər və əldə olunan nəticələr ATƏT-in işinin daha da təkmilləşdirilməsinə və qarşıya qoyulmuş məqsədlərə nail olmaq məqsədi daşıyırdı. Siyasi şərhçilərin də sammit öncəsi verdikləri proqnozlarda Astana sammitinin nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyi vurğulanırdı. Bildirilirdi ki, Avropada olan təhlükəsizlik problemləri və münaqişələrin həlli ilə bağlı mühüm qərarların qəbul olunması gözlənilirdi. Əlbəttə, burada əsasən MDB məkanında olan münaqişələrdən söhbət gedir. Moldova, Gürcüstan və Azərbaycan ərazisindəki münaqişələri buna misal göstərmək olar. Xüsusilə, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması istənilən nəticəni vermədi. Münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk Qrupunun təşkialtçılığı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilməsi gözlənildiyi halda, bu görüş baş tutmadı. Halbuki belə bir görüşün keçirilməsi vacib idi. Bunun baş tutmamasına isə, əgər bir tərəfdən Ermənistan prezidentinin göstərdiyi destruktiv mövqe səbəb olubsa, digər tərəfdən vasitəçilərin kifayət qədər qətiyyət göstərməməsi münaqişə tərəfləri arasında görüşün keçirilməsini əngəlləyib. Bunun əvəzində isə vasitəçilər və münaqişə tərəfləri birgə bəyanat qəbul ediblər. Ermənistan prezidentinin sammitöncəsi Astanaya gəlmək istəyində olmaması, yalnız son məqamda onun toplantıya qatılması bir növ görüşün keçirilməməsinin də məhz Sarkisyanın görüşdən qaçmasının nəticəsi olduğu göstərilir. Onun bu dəfə də danışıqlardan yayınmaq mövqeyi göstərməsi Astana görüşünün keçirilməməsi ilə yadda qaldı. Ekspertlər bunu Sarkisyanın Prezident İlham Əliyevlə görüşdən qaçması kimi qiymətləndirirlər.
Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da sammitdən sonra "Trend" İnformasiya Agentliyinə verdiyi müsahibədə ATƏT-in Astana sammitini şərh edərək, Azərbaycan və Ermənistan prezidentlərinin, eləcə də, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin dövlət başçılarının birgə bəyanatının çox vacib olduğunu bildirib:
- 56 ölkəni özündə birləşdirən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının sammiti təəssüf ki, hərdənbir keçirilir. Astanadakı sammitə qədər belə tədbir 11 il əvvəl keçirilmişdi. Adətən, belə sammitlərdə ATƏT-in görülən işlər və müəyyən ideyalar, gələcəklə bağlı fikir və qərarlar, Avropa ölkələrinin və ona yaxın dövlətlərin bütövlüyü haqqında hesabatı açıqlanır. Bununla əlaqədar sammitdə dövlət, hökumət və nümayəndə heyətlərinin başçıları çıxış edirlər.
Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edib. Azərbaycanın dövlət başçısının çıxışı konkret və ATƏT-ə güclü mesaj oldu və böyük diqqətlə dinlənildi. Düşünürəm ki, bu çıxış ismarıc kimi qəbul olunacaq. Azərbaycan Prezidenti çıxış etməklə yanaşı, sammit çərçivəsində müxtəlif dövlətlərin başçıları, nümayəndə heyətlərinin rəhbərləri ilə ondan artıq görüş keçirdi. Bu görüşlərdə ikitərəfli əlaqələr, onların inkişafı müzakirə olundu və qeyd etmək istəyirəm ki, bu görüşlərin gedişində nümayəndə heyətlərinin rəhbərləri, dövlət başçıları və baş nazirlər Azərbaycan Prezidentindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycanın mövqeyi, nizamlanma prosesinin hazırkı vəziyyəti, onun perspektivləri haqqında soruşurdular. Bununla əlaqədar Azərbaycan Prezidenti ətraflı məlumat verdi, fikir mübadiləsi aparıldı.
Eyni zamanda, sammitdə, məlum olduğu kimi, münaqişə tərəfləri olan ölkələrin - Azərbaycan və Ermənistan prezidentlərinin, eləcə də, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin dövlət başçılarının birgə bəyanatı qəbul edildi. Bu bəyanat çox vacibdir və 3+2 formatında qəbul edildi ki, bu da, öz növbəsində, indiki məqamda Qarabağ münaqişəsinin həlli üzrə səylərin daha da artırıldığını göstərir və səylərin artırılmasının təsdiqidir.
Bəyanat göstərir ki, tərəflərin, xüsusilə də, Ermənistanın bu prosesdə destruktiv addımlar ata və nizamlanmanın uzadılması üçün səbəblər axtara bilməyəcəyi belə şəraitin yaradılması vacibdir. Beləliklə, bu sənəd Ermənistanın destruktiv addımlar atması imkanlarını məhdudlaşdıran sənəddir. Bəyanat münaqişənin sülh və danışıqlar, sabitliyin və təhlükəsizliyin təmin edilməsi yolu ilə nizamlanmasını əsas məqsəd kimi qarşıya qoyur. Eyni zamanda, bəyanat münaqişənin güc tətbiq olunmadan, beynəlxalq hüquq normaları çərçivəsində, BMT Nizamnaməsinə, Helsinki Yekun Aktının qaydalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və bu prosesdən sonra qəbul olunan digər sənədlərə əməl olunması əsasında nizamlanmasını nəzərdə tutur.
Bununla bərabər, bəyanat Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını da nəzərdə tutur. Çünki bu bəyanatın istinad etdiyi sənədlərin bəndlərindən biri Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından ibarətdir.
Ümumilikdə, onu da qeyd etmək vacibdir ki, bu, münaqişə tərəfi olan ölkələrin prezidentlərinin və həmsədr ölkələrin bəyanatı olduğuna görə, onu belə anlamaq lazımdır ki, həmsədr ölkələrin prezidentlərinə münaqişənin nizamlanması prosesində daha fəal olmaq öhdəliyi qoyulur. Çünki bu günədək bir ildən artıq müddət ərzində bu məsələdə Rusiya Federasiyası ən fəal ölkə olub. Təbii ki, əgər üç həmsədr ölkə varsa, onda onların hər biri bu prosesdə aktiv olmalıdırlar. Bu bənd də bəyanatda öz əksini tapıb.
Prezident Administrasiyasının şöbə müdiri, həmçinin, Astana sammitində Ermənistan prezidenti Serj Sarkisyanın göstərdiyi həddən artıq destruktiv mövqeyin öz layiqli cavabını aldığını nəzərə çatdırıb:
- Azərbaycan Prezidentinin çıxışı Serj Sarkisyanın çıxışına güclü cavab oldu. Eyni zamanda, bu, Serj Sarkisyana və ATƏT-in üzv ölkələrinin rəhbərlərinə güclü mesaj oldu ki, vəziyyət belədir və münaqişənin həlli ilə yaxından məşğul olmaq lazımdır.
Münaqişənin həllində hərbi yoldan istifadənin mümkünlüyünün nə dərəcədə olması ilə bağlı məsələyə aydınlıq gətirən Novruz Məmmədov münaqişənin sülh yolu ilə həll olunmayacağı təqdirdə, Azərbaycan tərəfinin öz imkanlarından istifadə edərək, münaqişəni həll etmək iqtidarında olduğunu qeyd edib:
- Hamı gözəl bilir ki, münaqişənin sülh yolu ilə nizamlanmasının düzgün yolu güc tətbiq etmədən danışıqlar yoludur. Şübhəsiz ki, bu, əsasdır və ATƏT-də qəbul edilən birgə bəyanatının məqsədlərindən biridir və biz bununla razıyıq. Ermənistan tərəfinin bir ildən çox müxtəlif vədlər verərək, müxtəlif addımlar ataraq, münaqişənin nizamlanması prosesinin yubadılması ilə məşğul olmasına baxmayaraq, Azərbaycan Prezidenti məhz bu istiqamətdə əlindən gələni edir. Bəyanatın məqsədlərindən biri münaqişənin dinc yolla həllidir və bu bəyanat həmsədr ölkələrin prezidentlərinin mövqeyini əks etdirir. Prinsipcə, bunu ATƏT-in mövqeyi kimi də qəbul etmək olar. Lakin bu, heç də o demək deyil ki, münaqişə nizamlanmasa, biz onun həlli üçün digər imkanlardan istifadə etməyəcəyik. Biz istəyirik ki, münaqişə güc tətbiq edilmədən həll olunsun. Biz məcburiyyət prinsipinə əl atmaq istəmirik.
Ermənistan rəhbərliyinin avantürist siyasətinin ölkəni uçuruma apardığını bildirən Novruz Məmmədov bu siyasətin ATƏT-in sammitində də öz təzahürünü göstərdiyini və Ermənistanın bu sammitdə heç nəyə nail ola bilməməsinə səbəb olduğunu xüsusilə vurğulayıb:
- Reallığı öz maraqlarına uyğun təhrif etmək indi dəbdədir. Əslində isə, bu, heç də belə deyil. Ermənistan sammitdə nəyə nail oldu? Mən bunu başa düşə bilmirəm. Ermənistan heç nəyə nail ola bilmədi və nail ola da bilməzdi. Buna Ermənistan rəhbərliyinin avantürist siyasəti səbəb olub. Ermənistan rəhbərliyi və erməni xalqı bilməlidir ki, bu, ölkəni uçuruma aparır. Gec-tez Azərbaycan öz torpaqlarını qaytaracaq və işğaldan azad edəcək. Bunula bağlı heç kəsdə şübhə olmamalıdır.
Son zamanlar "WikiLeaks" saytının yaydığı məlumatların böyük bir əks-sədaya səbəb olması onun Astana sammitinə də təsirinin olması ilə bağlı müəyyən ehtimallar yaradır. Bu məsələyə də aydınlıq gətirən Novruz Məmmədov adıçəkilən informasiyalara ciddi yanaşmağa ehtiyac olmadığını və onların yalan olduğunu diqqətə çatdırıb:
- Bu barədə sammit zamanı müxtəlif ölkələrin nümayəndə heyətlərinin görüşlərində də danışılıb. Ümumi fikir belədir ki, bu saytın yaydığı informasiyalara ciddi münasibət bildirmək lazım deyil. Əslində, buna ehtiyac da yoxdur. Bu informasiyalar çox güman ki, müəyyən məqsədlərlə yayılır. Məsələn, kimsə ölkələr arasında münasibətləri pozmaq və ya kiminsə nüfuzuna xələl gətirmək istəyir. Görüşlər zamanı təsdiq edildi ki, bu məlumatlar yalandır, həqiqətə uyğun deyil.
Azərbaycan ilə bağlı da bəzi informasiyalar olub. Mən bütün görüşlərdə iştirak edən şəxs kimi artıq qeyd etmişəm ki, Prezident İlham Əliyev görüşlər zamanı ikitərəfli münasibətləri, onların inkişafını müzakirə edir. Görüşlərdə üçüncü tərəf müzakirə edilmir. Buna görə də Azərbaycan haqqında yayılan informasiya həqiqətə uyğun deyil və mən belə görüşlərdə iştirak edən şəxs kimi bunu tamamilə təsdiq edirəm.
Bununla əlaqədar olaraq digər ölkələr də belə reaksiya veriblər. Bu ölkələrin nümayəndələri də bu məlumatların həqiqətə uyğun olmadığı barədə danışıblar.
Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun da dediklərindən belə bir nəticəyə gəlmək olar ki, Astana sammiti gözlənilən bütün ümidləri doğrultmasa da, burada qəbul olunan qərarlar, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı yüksək qiymətləndirmək lazımdır.

Digər xəbərlər