PDF Oxu

Əsas

  • 23

“Gorus-2010: absurd teatrı mövsümü” kitabının təqdimat mərasimi keçirildi

“Gorus-2010: absurd teatrı mövsümü” kitabının təqdimat mərasimi keçirildi
Dünən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə akademiyanın prezidenti Mahmud Kərimov açaraq, qeyd etdi ki, oktyabrın 16-da Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda diaspordan olan jurnalistlər qarşısında verdiyi bəyanatların, xüsusən də erməni tarixi ilə bağlı uydurmalarının elmi ictimaiyyət tərəfindən tənqidə məruz qaldığını bildirdi. Bəşəriyyət tarixində görünməmiş bu saxtakarlıq cəhdinə, ilk növbədə, filosof alim, akademik, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı ilə münasibət bildirməsinin əhəmiyyətini vurğuladı. Ermənistan prezidenti tərəfindən irəli sürülmüş "yeni kəşflər"in ifşasına əsaslanan "Gorus-2010: absurd teatrı mövsümü" kitabı "Şərq-Qərb" nəşriyyatı tərəfindən çapdan çıxmışdır. Kitabın redaktorları isə Aslan Aslanov və Dağbəyi İsmayılovdur. M.Kərimov bildirdi ki, kitab tarixi və faktoloji mənbələr əsasında ərsəyə gəlmiş nümunədir. Kitab müəllifin erməni liderlərinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdlərini elmi dəlillərlə ifşa edir, erməni dövlətinin əzəli Azərbaycan torpaqlarını mənimsədiklərini tarixi faktlarla diqqətə çatdırır.
M.Kərimov müəllifin kitabda ermənilərin Cənubi Qafqazda, eləcə də, Asiyaya gəlmə olduqların nəzərə çatdıraraq, onların tarixini sübuta yetirən dəlilləri ortaya qoyduğunu söylədi. O, bu kitabı erməni təcavüzkarlarına tutarlı dəlil olaraq qiymətləndirdi.
Tədbirdə çıxış edən AMEA Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru Yaqub Mahmudov çıxış edərək, kitabın Azərbaycan ictimai mühitindəki əhəmiyyətinə nəzər saldı. O, bildirdi ki, kitabda hüquqi, fəlsəfi baxımından tutarlı faktların yer alması Ermənistanla bağlı çox tarixi mənbələrin aşkarlanmasına gətirib çıxarıb. Y.Mahmudov Ümummilli Lider Heydər Əliyevin informasiya blokunun yarılmasındakı roluna nəzər salıb, müasir dövrümüzdə bəlli həqiqətlərin reallıqlarla beynəlxalq ictimaiyyətə təqdimində Heydər Əliyevin böyük işlərə imza atması ilə əlaqələndirdi. O bildirdi ki, Heydər Əliyev informasiya blokadasını yardı:"Hər dəfə xarici ölkələrə səfəri çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının ərazisini əks etdirən xəritəni özü ilə aparıb, ictimai-siyasi xadimlərə həqiqətləri bəyan edirdi. Bu gün bu kitabda da Azərbaycanın qədim və müasir dövrünün xəritələrinin verilməsi kitabın elmi dəyərini artırmaqla bərabər, oxucular üçün etibarlı mənbə rolunu oynayır. Akademik Ramiz Mehdiyevin bu qiymətli kitabı erməni riyakarlığına cavab vermək baxımından deyil, çoxsaylı tarixi faktları özündə əks etdirməsi ilə son 200 ildə regionda baş verən ictimai-siyasi proseslərə də aydınlıq gətirmişdir. Bu kitab dünyanın müxtəlif regionlarında yaşayan siyasətşünaslar, qafqazşünaslar üçün mühüm əhəmiyyət kəsb edir."
Y.Mahmudov onu da bildirdi ki, kitabda yer alan faktlar və sənədlər Ermənistanın Azərbaycana qarşı məlum siyasətindən danışır. Ermənistan qonşu dövlətə qarşı təcavüz törətməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhərləri və kəndləri vəhşicəsinə dağıtmaqla öz simasındakı məkri, niyyəti, siyasi manevrlər etmək cəhdlərini əyani olaraq göstərmiş oldu. Kitabda bu faktların yer aldığını bildirən alim elmi mənbələrə istinadla Ramiz Mehdiyevin geniş oxucu kütləsinin diqqətinə çatdırdığı reallığı Azərbaycanın tarixi həqiqətləri ilə əlaqəli ifadə olunduğunu bildirdi.
Y.Mahmudov kitabda Ermənistan təmsilçisi olan Stepan Şaumyanın Azərbaycana qarşı mövqeyinin də vurğulandığını bildirdi. Azərbaycan tarixinin tədrisində sovet imperiyasının bizlərə təbliğ etdiyi məqamları da iştirakçıların nəzərinə çatdırdı. S.Şaumyan bolşevizm hərəkatının bayrağı altında çıxış edərək, faktiki Daşnaksütyun partiyasının proqramını həyata keçirmiş strateji məqsədi ilə Azərbaycan və Türkiyə ərazilərinin xeyli hissəsində erməni dövləti yaratmaq niyyətində idi. Ramiz Mehdiyev çox incəliklə bu faktlara toxunmuş və sanballı bir nümunənin yaranmasına nail olmuşdur. Y.Mahmudov məlum çıxışın yalvarış xarakteri daşıdığını bildirdi.
Y.Mahmudov onu da qeyd etdi ki, Azərbaycan Prezidentinin göstərişi əsasında altı dildə çap olunan "Qarabağ tarixi" kitabı ermənilərin hansı məslək və ideyaya mənsub olduqlarını göstərən faktordur. Azərbaycan Respublika Prezidenti İlham Əliyevin apardığı siyasət dünyada həqiqətlərin sübutuna gətirib çıxarır. "Gorus-2010: absurd teatrı mövsümü" kitabının isə artıq rus, ingilis dilində nəşrinə başlanılıb.
Təqdimat mərasimində çıxış edən AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor, Gövhər Baxşəliyeva Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının vaxtında ərsəyə gələn nümunə olduğunu bildirdi.
Gövhər xanım kitabda öz əksini tapan xəritələrə diqqət yetirdi. Bu xəritələr müxtəlif dövrləri, eramızdan əvvəlki tarixi və ərazimizi isbat edən sənəddir. O, institut tərəfindən Azərbaycanla bağlı həqiqətləri əks etdirən Loru, Qazax və Osmanlı dəftərlərinin və s. tərcümə olunduğunu bildirdi. Beynəlxalq aləmə Azərbaycanın Osmanlı İmperiyasının tərkibində olduğu zamandakı ictimai, siyasi-coğrafi mövqeyi göstərməkdə bu nümunələrin rolunu diqqətə çatdırdı. O, Azərbaycanla bağlı mövcud olan dünya ölkələr arxivində saxlanılan xəritələri, sənədləri əldə etməyin vacibliyini də bildirdi. Qeyd etdi ki, ermənilər həmin sənədləri sıradan çıxarır və öz tarixlərini süni olaraq yaradırlar. Buna qarşı ciddi işlər aparılmalıdır.
Tədbirdə çıxış edən AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, millət vəkili Aytən Mustafayeva və başqaları Ermənistanın tarixi primitiv şəkildə saxtalaşdırıb beynəlxalq təşkilatlara Dağlıq Qarabağın onlara məxsus ərazi olmasında iddialı çıxışlarını diqqətə çəkib, Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının tarixi roluna nəzər saldılar. Qeyd olundu ki, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi olub və olacaqdır.

Digər xəbərlər