PDF Oxu

Əsas

  • 22

Türkiyə mətbuatının təcrübəsinə həsr olunmuş seminar keçirilib

Türkiyə mətbuatının təcrübəsinə həsr olunmuş seminar keçirilib
Dünən Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşavirliyinin təşkilatçılığı ilə Türkiyə mətbuatının təcrübəsinə həsr olunmuş seminar keçirilib. SİA-nın xəbərinə görə, seminarda Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Milli Televiziya və Radio Şurası, Mətbuat Şurası, Türkiyə Nazirlər Kabineti, TRT təmsilçiləri, yerli mətbuat orqanlarının təsisçiləri və baş redaktorları iştirak edib. Tədbirdə çıxış edən Türkiyə səfirliyinin mətbuat müşaviri Həmid Kaya Azərbaycan və Türkiyə mətbuatının əlaqələrindən danışıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Azərbaycan müstəqillik əldə edəndən sonra Türkiyə mətbuatının Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılmasında mühüm rol oynadığını vurğulayıb. Azərbaycanda medianın inkişaf etdiyini deyən Türkiyə Nazirlər Kabinetinin Mətbuat-yayım və informasiya şöbəsinin baş direktoru Murat Karakaya isə iki ölkənin media qurumları arasında təcrübə mübadilələrinin təşkilinə ehtiyac duyulduğunu deyib. Türkiyə və Azərbaycanın eyni dəyərlərə malik olduğunu söyləyən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov isə çıxışında iki ölkə mediasının mövcud vəziyyətinə toxunub: "Biz hər zaman Türkiyə ilə münasibətlərimizin ab-havasına müvafiq şəkildə iki ölkənin kütləvi informasiya vasitələrinin əməkdaşlığını arzu etmişik. Amma bəzən təəssüflər olsun ki, kütləvi informasiya vasitələri hər iki ölkəni təmsil edən qəzetlər, televiziyalar heç də hər zaman münasibətlərimizin daha yaxın, yüksələn xətt üzrə inkişafına xidmət etmir. Əksinə müəyyən anlarda bəzi kütləvi informasiya vasitələrində həm Azərbaycanda, həm də Türkiyədə münasibətlərimizi korlayan və xələl gətirən yazılar hazırlanır. Ona görə də, düşünür ki, hər iki kütləvi informasiya vasitələrinin iştirakı ilə və hər iki ölkənin kütləvi informasiya vasitələrində məsul olan dövlət nümayəndələrinin iştirakı ilə keçirilən bu tədbir çox əhəmiyyət kəsb edir. Və bundan sonrakı birgə fəaliyyətimiz və bir-birmizi narahat edən məsələləri müzakirə edərik". Eyni zamanda PA şöbə müdiri Türkiyə jurnalistlərini ayıq-sayıq olmağa və bəzi məsələlərdə Azərbaycan və Türkiyə mediasının birgə çıxış etməyə çağırıb və bunun vacib olduğunu vurğulayıb: " Bizi bir-birimizə qarşı, qonşu dövlətlərə münasibətləri korlamağa yönələn cəhdləri ayırd etməli və onların hədəfinə çevrilməməlidirlər. Biz çalışmalıyıq ki, iki ölkə arasında olan dəyərləri hansısa təsirlərdən asılı etməyək. Təəssüf ki, son zamanlar Azərbaycan və Türkiyə arasında münasibətlərə təsir göstərmək üçün qlobal mərkəzlər yaradılır. Biz medianın müştərək tədbirləri nəticəsində milli dəyərləri qlobal təsirlərdən azad edə bilərik. Atatürk Avropa üçün başağrısına çevrilən dövlət yaradıb. Ona görə də Avropa Atatürkün üzərinə gələ bilər. Onu qorumaq isə Türkiyə mediasının borcudur. O cümlədən Heydər Əliyevi qorumaq". Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc çıxışında iki ölkə mediasının birgə fəaliyyətinin əhəmiyyətinə toxunub. O, qeyd edib ki, bu cür tədbirlər mövcud olan münasibətlərin daha da dərinləşməsinə və əməkdaşlığın davam etdirilməsinə böyük töhvə verə bilər. Seminarda daha sonra qəzet və jurnallarda səhifə dizaynı, televiziya xəbərçiliyi və televiziyada reportaj texnikaları, görüntülü xəbər vermə texnikaları, video-reportajların hazırlanmasındakı son inkişaflar, Türkiyə və dünyada mediada reklam, Türkiyə Mətbuat Elan Təşkilatı və rəsmi elanlar, Türkiyədə mətbuatla dövlət təşkilatları arasındakı problemlərin həlli yolları mövzularında məruzələr oxunulub.

Digər xəbərlər