Bu günlərdə "Wikileaks" internet saytında ABŞ rəsmilərinin xarici dövlət başçıları və nümayəndələri ilə keçirdikləri görüşlərin guya "bəzi gizli məqamlarını" əks etdirən materiallar yayılıb. Son 2 gündə dünya mediasının gündəmində əsasən saytın açıqladığı sənədlərlə bağlı xəbərlər və şərhlərdir. Maraqlıdır ki, saytda açıqlanan sənədlərdə ən çox Türkiyə, Yaxın Şərq, Qafqaz ilə bağlı şok iddialar yer alıb.
Saytın yayımladığı materaillarda qeyd olunur ki, guya Azərbaycan hakimiyyəti Türkiyənin regionda enerji mərkəzinə çevrilməsinə qarşıdır və ya AKP hökumətindən razı deyil. Olduqca absurd iddia olduğu aydın görünür.
Türkiyə Azərbaycanın ən yaxın strateji müttəfiqi, dünya ölkələri arasında yeganə qardaş dövlətdir. Azərbaycan üçün Türkiyənin güclənməsinin, onun beynəlxalq nüfuzunun artmasının ən çox arzuolunan hal olduğunu deyə bilərik.
Saytda bizə qonşu ölkələr barədə də sensasiyalı məlumatlar yayımlanıb. Belə məlumatların bölgədəki ölkələri bir-biri ilə düşmən edib, orada öz nüfuzunu artırmaq istəyən bir gücə sərf etdiyini anlamamaq mümkün deyil.
Azərbaycan Prezidentinin mətbuat xidməti "Wikileaks" internet saytında yazılanlarla bağlı açıqlama yayıb
Açıqlamada deyilir: "Wikileaks" internet saytında ABŞ rəsmilərinin xarici dövlət başçıları və nümayəndələri ilə keçirdikləri görüşlərin guya "bəzi gizli məqamlarını" əks etdirən materiallar yayılıb. Həmin materiallarda Azərbaycan Respublikası Prezidentinin ABŞ-ın rəsmi nümayəndələri ilə keçirdiyi görüşlə bağlı da bəzi fikir və mülahizələr əks olunub. Bununla əlaqədar bildiririk ki, saytda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə aid edilən fikir və mülahizələr qətiyyən həqiqəti əks etdirmir və onların heç bir əsası yoxdur. Bu materiallar Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlamaq, ölkə başçıları arasında inamsızlıq və etimadsızlıq yaratmaq məqsədi daşıyan açıq təxribatdır. Prezidentin leksikonunda saytda ifadə olunmuş jarqon ifadələr, kəskin və emosional dəyərləndirmələr mövcud deyil.
Azərbaycan Respublikası heç zaman qonşu dövlətlərin daxili siyasət məsələlərinə qarışmayıb və hər zaman region dövlətləri ilə mehriban qonşuluq əlaqələrinin saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən şəffaf siyasət yürüdüb. Azərbaycan Prezidenti istənilən görüş və çıxışlarında milli maraqlardan irəli gələn fikirləri açıq-aydın ifadə edib. Ölkənin xarici siyasəti həmişə müstəqil, davamlı, məntiqli və səmimi olub.
Novruz Məmmədov: "Müxtəlif dövlətlər arasında münasibətləri korlamaq istəyən qüvvələr var və onlar bu istiqamətdə müəyyən cəhdlər göstərirlər"
"Son günlər "WikiLeaks" internet saytı tərəfindən bir sıra məlumatlar yayılmağa başlayıb və onların mahiyyəti barədə, hələlik, bir şey demək istəmirəm". Bunu isə APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "WikiLeaks" təşkilatının məlumatlarında Azərbaycan Prezidentinin adından verilən açıqlamalara münasibət bildirərkən deyib: "Ancaq orada yer alan bəzi məlumatlar məni təəccübləndirdi. Ona görə təəccübləndirdi ki, bu məlumatlarda Azərbaycan Prezidentinin görüşləri zamanı ona aid olduğu iddia edilən bəzi fikirlər yayılıb".
N.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin indiyə qədər olan bütün siyasi xarakterli görüşlərində iştirak etdiyini deyərək, bu görüşlərin birbaşa müşahidəçisi olduğunu vurğulayıb: "Mən Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ dövlət katibinin müavini Uilyam Börnslə keçirdiyi görüşdə də iştirak etmişəm. Qeyd etmək istəyirəm ki, konkret bu görüş iki məsələyə həsr olunub, yəni, görüşün predmeti iki məsələ olub: birinci məsələ Ermənistan-Azərbaycan münaqişəsinin həlli, ikinci məsələ isə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafı.
Bildirmək istəyirəm ki, ümumiyyətlə, Azərbaycan Prezidentinin keçirdiyi görüşlərdə həmişə belə olub: bir qayda olaraq, Azərbaycan Prezidenti keçirdiyi görüşdə təmsil olunan tərəfin Azərbaycanla əlaqələrindən danışır. Belə görüşlər zamanı Azərbaycan Prezidenti üçüncü tərəf və ya dövlət haqqında danışmır. Bayaq adını çəkdiyim Uilyam Börnslə görüş zamanı da belə olub. Yəni, dediyim iki məsələdən başqa heç bir dövlət barədə danışıq olmayıb".
"Bu cür məsələlərin ATƏT-in Astana
sammiti zamanı
ortaya çıxarılması düşünməyə
vadar edir"
N.Məmmədov vurğulayıb ki, bu cür materialların dövlət katibinin müavini ilə olan görüşlə bağlı verilməsi də bir qədər təəccüb doğurur: "Belə çıxır ki, danışıq aparanın özünə onun nədən danışdığı haqqında sonradan məlumat verilir. Görünür, müxtəlif dövlətlər arasında münasibətləri korlamaq istəyən qüvvələr var və onlar bu istiqamətdə artıq müəyyən cəhdlər göstərirlər. Bu, təhlükəli tendensiyadır.
Bizim qonşu dövlətlərlə münasibətlərimizin real vəziyyəti bu gün hamıya bəllidir. O cümlədən, ikitərəfli əməkdaşlıq sahəsində qonşu dövlətlərlə atdığımız addımlar göz önündədir. Bunu sübut etməyə heç bir ehtiyac yoxdur. Təkcə qardaş Türkiyə ilə bu illər ərzində gördüyümüz işlər beynəlxalq aləmdə son onilliyin ən mühüm və möhtəşəm layihələridir ki, bunların həyata keçirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri var.
Ola bilsin ki, müəyyən məqsədlərlə xarici işlər və digər nazirliklər səviyyəsində gedən danışıqlar daha böyük əhəmiyyət daşısın deyə, onların müəllifini dəyişiblər. Digər tərəfdən isə, bu cür məsələlərin ATƏT-in Astana sammiti zamanı ortaya çıxarılması düşünməyə vadar edir. Yəni, bu məlumatların açıqlanması ilə sammitin keçirilməsinin üst-üstə düşməsi, ümumiyyətlə, beynəlxalq ictimaiyyət qarşısında suallar doğurur".
Bu saytın açıqladığı materiallar, həqiqətən də, önəmli beynəlxalq tədbirlər öncəsi ortaya çıxır. Yəqin ki, belə addımlar bəzi ölkələrə təzyiq etmək, onların haqqında dünya ictimaiyyətində mənfi rəy yaratmağa hesablanıb.
M.Zülfüqarlı: "Wikileaks"dəki məlumatlar məqsədyönlü və qərəzli şəkildə dövlətlərarası münasibətləri korlamağa yönəlmiş cəhdlərdir"
"Wikileaks" saytının açıqladığı materaillara politoloqların da rəyi birmənalıdır. Onların fikrincə, "Wikileaks"in müəyyən mərkəz tərəfindən yaradılması və idarə olunması istisna olunmur.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, politoloq Məhərrəm Zülfüqarlı Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, "Wikileaks" internet portalında dərc edilən və ABŞ Dövlət Departamentinin daxili yazışmaları, habelə, Birləşmiş Ştatların müxtəlif ölkələrdəki səfirliklərinin Vaşinqtona yolladıqları sənədlər kimi təqdim edilən məlumatların səhihliyi şübhəlidir.
"Sözün açığı, bu məlumatların nə dərəcədə dəqiq olduğuna çox böyük şübhələrim var. "Wikileaks"də yer alan məlumatlar daha çox müəyyən mərkəzin hazırladığı və həyata keçirdiyi kampaniyaya bənzəyir. İstənilən halda baş verənlər, daha doğrusu, belə məlumatların yayılması xoşagəlməz hadisədir", - M.Zülfüqarlı söylədi.
Onun fikrincə, sənədlər kimi təqdim edilən məlumatlarda bir çox dövlət və hökumət başçılarının mənfi obrazda qələmə verilməsi məqsədyönlü və qərəzli şəkildə dövlətlərarası münasibətləri korlamağa yönəlmiş səylər kimi dəyərləndirilməlidir.
M.Zülfüqarlı hesab edir ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun "Wikileaks"dakı materiallara üzrxahlıq etməsi də deyilənlərə dəlalət edir. "Hazırda bəzi dövlət başçıları arasında məsələ ilə danışıqlar aparılması, "Wikileaks"da dərc edilmiş məlumatların qərəzli səciyyə daşımasının, xüsusilə, vurğulanması barədə informasiyalar yayılır. O da vurğulanır ki, "Wikileaks"dakı materiallara diplomatik yazışmanın sənədləri kimi yanaşma sadəlövhlük də ola bilər", - M.Zülfüqarlı dedi.
Göründüyü kimi, bütün analizlər və münasibətlər bu qlobal maxinasiyanın saxtalığını ifşa etməyə kifayət edir. Sadəcə, bəzi qüvvələr dünyada yeni proseslər başlamaq istəyirlər ki, bu da onların qlobal planlarını həyata keçirmələri üçün ilkin addımlardan biri sayıla bilər. Lakin dünya liderlərinin bəyanat və açıqlamaları bu cür əməllərin heç bir effekt vermədiyini ortaya qoyur.