Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə kənar təsirlərin olması qeyri-mümkündür
Müəyyən bir müddət Türkiyənin Azərbaycandakı səfirliyində çalışmış Turqut Ər ən nəhayətdə işində yol vermiş olduğu kobud xətalardan Azərbaycanın tərk etməli olur. Bu prosesdən uzun müddət keçdikdən sonra içində erməni sevgisini və xislətini gizlədə bilməyən T.Ər müəyyən qüvvələrin sifarişi ilə yazmış olduğu riyakarlıqla dolu kitabında öz məkrli xislətini açıb göstərmiş olur. Bu cür eybəcərliyə qarşı çıxan həm Türkiyə, həm də Azərbaycan ziyalıları, cəmiyyətin ayrı-ayrı üzvləri tərəfindən qınaq obyektinə çevrilib.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov: "Turqut Ər kimilərinin arxasında dayananların başlıca məqsədi Azərbaycan-Türkiyə arasında olan qardaşlıq əlaqələrinə kölgə salmaqdır"
- Ermənipərəst bir insandan nə gözləmək olar? Çünki erməniyə satılmış adam ancaq belə fikirlər yazar. Məqsəd də Azərbaycan-Türkiyə arasında olan qardaşlıq əlaqələrinə kölgə salmaqdır. Lakin çox təəssüf edirəm ki, vaxtilə Azərbaycanın çörəyini yeyənlər indi ona qarşı çıxır. Belə bir addım atan insan isə ancaq ermənipərəst Turqut Ər kimi olar. Ermənilərə satılmış bu insan, görünür, müəyyən məqsədlərini həyata keçirmək üçün qeyrətini, vicdanını da satmağa hazırdır. Çünki təsadüfi deyil ki, T.Ər öz kitabında erməni mənbələrə istinad edir, onların Azərbaycan qarşı irəli sürdüyü mülahizələri əsas götürür, isbat olunmuş həqiqət kimi qələmə verir. T.Ərin kitabının Azərbaycanda parlament seçkiləri ərəfəsində ortaya çıxması da təsadüfi xarakter daşımır. Dəfələrlə sübut olunub ki, Azərbaycanda keçirilən seçkilər zamanı bəzi xarici dairələr fəallaşır və ölkəmizin müstəqil, demokratik imicinə kölgə salmağa yönəlmiş ssenarilər həyata keçirməyə başlayırlar. Düşmən dairələrin tapşırıq və tövsiyələri ilə müstəqil Azərbaycan Respublikası ilə Türkiyə arasında münasibətlərin möhkəmlənməsində müstəsna xidmətləri olmuş şəxsiyyətlər hədəfə götürülür, onların haqqında həqiqətə uyğun olmayan, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yayılır, tarixi həqiqətlər təhrif edilir, bu mövzularda KİV-lərdə materiallar verilir, kitablar nəşr olunur. T.Ərin öz mənşəyi ilə bağlı suala cavabdan yayınması isə olduqca maraqlı mətləblərdən xəbər verir. Onun babası və əmilərinin ermənilərlə döyüşlərdə həlak olduğunu deməklə vəziyyətdən çıxmaq cəhdi qeyri-səmimiliyin təzahürüdür. İnanıram ki, bu cür iyrənc əməllərə əl atan işlərin Türkiyə-Azərbaycan münasibətlərinə heç bir təsiri olmayacaq.
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı: "Türkiyə-Azərbaycan arasındakı qardaşlıq münasibətinə Turqut Ər kimi məsuliyyət daşımayan bir insanın fikirləri kölgə sala bilməz"
- Bu gün Azərbaycan-Türkiyə arasında əlaqələrin möhkəmlənməsi bəzi qüvvələr tərəfindən qısqanclıqla qarşılanır. Belə insanlar çirkin və iyrənc hərəkətləri ilə bir daha hansı xislətə malik olduqlarını göstərirlər. O cümlədən, Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat xidmətinin rəhbəri Turqut Ərin ölkəmizlə bağlı böhtanlı fikirləri, nəinki Azərbaycan ictimaiyyəti, eyni zamanda, Türkiyə ictimaiyyəti tərəfindən də etirazla qarşılanır. Çünki Türkiyə-Azərbaycan qardaşlığı möhkəm təməl üzərində qurulub. Ulu Öndərimiz Heydər Əliyev bu iki xalq arasında qardaşlıq münasibətini qiymətləndirərkən, "iki dövlət, bir millət" fikrini söyləyib. Müasir Azərbaycanın qurucusu Ulu Öndərimiz Heydər Əliyev olduğu kimi, türk dövlətinin qurucusu da Mustafa Kamal Atatürkdür. Bu gün bu iki qardaşlıq münasibətinə T.Ər kimi məsuliyyət daşımayan adi bir insanın fikirləri kölgə sala bilməz. Çünki Türkiyə ilə Azərbaycan arasında irimiqyaslı layihələrin həyata keçirilməsi, bir daha onu göstərir ki, bu münasibətlər getdikcə möhkəmlənəcək. 2007-ci ildə Azərbaycan-Türkiyə diasporunun birinci qurultayında ölkə Prezidenti canab İlham Əliyev belə bir fikir səsləndirdi ki, bir millətin iki diasporu ola bilməz. Yəni, hər iki ölkənin diasporu bir hədəfə vurmalı, bir strategiya, bir amalla fəaliyyət göstərməlidir. Bütün bu məsələlər bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan qardaşlıq münasibəti həmişə möhkəm olacaq və bu qardaşlığa heç bir qüvvə təsir edə bilməyəcək. Hesab edirəm ki, T.Ər kimi erməni mənşəli bir adamın canfəşanlığı mənasızdır və bu hərəkəti ilə, o, erməni dəyirmanına su töksə də, heç bir məqsədinə nail ola bilməyəcək. Çünki bu dostluq qırılmaz siyasi tellər üzərində qurulub. Bundan əlavə, T.Ər Azərbaycanda müstəqil, demokratik dövlət quruculuğu proseslərində Ümummilli Lider Heydər Əliyevin tarixi rolu və müstəqillik illərində ölkəmizdə gedən ictimai-siyasi proseslər haqqında əsassız, qərəzli və qeyri-obyektiv mülahizələr irəli sürür və bununla da, ictimai rəyi çaşdırmağa çalışır. T.Ərin özünün çirkin məqsədlərinə "diplomat" adı altında nail olmağa çalışması heç də təsadüfi deyil. Bununla, o, oxucularda belə bir təsəvvür yaratmaq istəyir ki, guya onun irəli sürdüyü fikirlər diplomatik xidməti dövründə müşahidələrinə və müxtəlif şəxslərlə görüşləri nəticəsində gəldiyi qənaətlərə əsaslanır. Ona görə də, T.Ər güman edir ki, bu yolla öz fikirlərini "mötəbərlik" pərdəsinə bürüyüb, ictimai rəyə sırıya bilər.