Azərbaycan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqləyib
Dünən Azərbaycan Konstitusiya Məhkəməsinin plenum iclasında Konstitusiyanın 86-cı maddəsinə uyğun olaraq, 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılması davam etdirilib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin Plenum iclasında xüsusi konstitusiya icraatında parlament seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının 22 noyabr tarixli protokolunun Konstitusiyanın 86-cı və 109-cu maddələrinə, Seçki Məcəlləsinə uyğunluğu və seçkilərin nəticələrinin təsdiq edilməsinə dair işə baxaraq qərar qəbul edib.
Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyib. Yalnız ayrı-ayrı dairələr üzrə, ümumilikdə, 46 məntəqədə səsvermənin nəticələri ləğv olunub ki, bu da dairələr üzrə nəticələrə təsir etmir.
Xatırladaq ki, 2010-cu il noyabrın 7-də 4-cü çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 743 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınmış şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb. 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparıb.
Seçici siyahılarında 4946588 nəfər səsvermə hüququ olan vətəndaşın adı olub. Seçkilərdə 2480205 seçici (ölkə üzrə seçicilərin 50,14 faizi) iştirak edib.
Seçkiləri qeydiyyatdan keçmiş 48 mindən artıq müşahidəçi, o cümlədən, MSK-da akkreditə olunmuş 1024 beynəlxalq müşahidəçi izləyib. MSK 7 noyabr seçkiləri ilə bağlı 20 DSK üzrə 46 seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib, DSK-lar tərəfindən nəticəsi ləğv olunan məntəqələrin sayı 3 olub. Ümumilikdə, bütün dairələr üzrə seçkinin nəticələri təsdiqlənib. Eyni zamanda, MSK-nın 22 noyabrda təsdiq etdiyi yekun protokolunu komissiyanın 18 üzvündən 17-si imzalayıb. Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyib.
Qeyd edək ki, seçkilərdə Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb. Seçkilərdə qələbə qazanmış digər şəxslər bitərəflərdir.