PDF Oxu

Əsas

  • 17

Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçirilib

Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin I Konqresi keçirilib

Noyabrın 27-də Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərin (DAG) I Konqresi başa çatıb. Konqresi Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) Gənclər və İdman Nazirliyi (GİN) ilə birgə təşkil edib. Konqresdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, 41 gənclər təşkilatının nümayəndələri, dünyanın 23 ölkəsindən 131 gənclər qurumunun, 25 ölkədən 41 diaspor təşkilatının rəhbərləri iştirak ediblər. Toplantıya fəaliyyət göstərdiyi qısa müddət ərzində kifayət qədər böyük işlər görməyə müvəffəq olmuş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT - AMOR) 23 nəfərlik nümayəndə heyəti ilə qatılmışdır. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov konqresi açaraq iştirakçıları salamlamışdır. Sonra Azərbaycanın dövlət himni səsləndirilmişdir.
N.İbrahimov çıxışına davam edərək demişdir ki, toplantıda xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, milli mənəvi dəyərlərimizin qorunması və mədəni irsimizin təbliğində, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin daha fəal iştirakı ilə bağlı bir sıra məsələlər müzakirə olunacaqdır. Azərbaycan gəncliyi ölkədə gedən ictimai-siyasi proseslərin aparıcı qüvvəsi olmuş, respublikamızın inkişafında mühüm rol oynamışdır.
Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev gənclərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşmış, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə xüsusi önəm vermişdir. 1970-ci illərdə ümummilli liderin təşəbbüsü ilə SSRİ-nin 50-dən artıq şəhərinin 170-dən çox ali təhsil müəssisəsində 15 mindən artıq azərbaycanlı gənc ali təhsil almışdır. Bu gün Azərbaycan diasporunun ən fəal üzvlərini elə həmin şəxslər təşkil edirlər. Prezident İlham Əliyev ulu öndərin bu siyasətinə sadiq qalaraq, gəncliyə həmişə böyük diqqət və qayğı ilə yanaşır. Dövlətimizin başçısının təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)", "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı", habelə gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzaladığı digər sənədlər bunun parlaq sübutudur. Azərbaycan diaspor təşkilatlarının 40-dan çoxunu məhz gənclər təsis etmişlər. Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və diaspor quruculuğu işinə qoşulması prosesi bu gün də davam edir. 2009-cu ilin aprelində Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) təsis edilməsi Azərbaycan diasporunun və xaricdə yaşayan azərbaycanlı gənclərin həyatında mühüm bir hadisə olmuşdur. Leyla xanım Əliyevanın sədrliyi ilə bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənclərin milli diaspor quruculuğu işinə cəlb olunması istiqamətində çox önəmli addımlar atmışdır.
Prezident Administrasiyasi ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək Azərbaycan dövlətinin gənclər siyasəti barədə geniş məlumat vermişdir. O bildirmişdir ki, dünyanın bütün xalqları və dövlətləri hər zaman gənclərlə bağlı xüsusi siyasət yürütmüşlər. Gənclərinin qayğısına qalmayan dövlətin gələcəyi yoxdur. Hər bir dövlətin əsas missiyalarından biri gələcəyin etibar ediləcəyi, estafetin ötürüləcəyi nəsli hazırlamaqdır. Diaspor siyasətimizin əsas istiqamətlərindən biri dünyada yaşayan azərbaycanlı gənclərlə iş, gənclər siyasətimizin əsas istiqaməti ölkəmizdə gənclərlə səmərəli və əlaqələndirilmiş fəaliyyətin qurulması, təhsil siyasətimizin əsas hissəsi isə yeni, sağlam, güvənilən, müasir düşüncəli, intellektli, yüksək səviyyəli təhsili olan gənclərin yetişdirilməsidir. Gənclər siyasəti hər bir dövlətin onurğa sütununu təşkil edir.
Azərbaycanda gənclər siyasətinin tarixinə diqqət çəkən Prezident Administrasiyasının şöbə müdiri xatırlatmışdır ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışının ilk yaddaqalan addımlarından biri məhz 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması olmuşdur. Cəmiyyətin siyasi həyatının tam iflasa uğradığı bir zamanda atdığı bu addımla, məhz gənclər siyasətindən başlamaqla ümummilli liderimiz bu günləri düşünürdü, gənclərin gələcəyini və bununla da dövlətimizin sabahını fikirləşirdi. Ulu öndər gənclər siyasətini düzgün və uğurlu formalaşdırmaqla dövlətin sağlam təməlini qoymuşdur.
Ə.Həsənov həm Azərbaycanda, həm də ölkəmizdən kənarda yaşayan və təhsil alan gənclərin qarşısında duran vəzifələrdən də danışmışdır. O, gənclərə müraciətlə demişdir ki, sizin qarşınızda duran ən mühüm vəzifələrdən biri həm milli, həm də bəşəri dəyərlərə yiyələnmək, mükəmməl təhsil almaq, müasir dəyərləri mənimsəmək, amma heç bir zaman milli köklərimizi unutmamaqdır.
Sizin gücünüz, intellektiniz Vətənin, dövlətin, millətin gücü və intellektidir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas istiqamətlərindən biri də məhz sağlam və təhsilli gənclik yetişdirməkdir. Amma harada yaşamağınızdan asılı olmayaraq Vətənimizi, dilimizi, milli dəyər və adətlərimizi unutmayın. Yaşadığınız ölkədə xalqımızı və dövlətimizi necə təmsil etsəniz, hər kəs də bizi məhz bunun əsasında tanıyacaq, sevəcək, hörmət edəcək və dəstək verəcəkdir. Dünya virtual məkanındakı ünsiyyət imkanlarından Azərbaycan həqiqətlərinin geniş təbliği məqsədilə səmərəli bəhrələnmək, həmçinin bu virtual məkandan dünya azərbaycanlı gənclərinin ünsiyyət imkanlarını genişləndirmək üçün istifadə olunması vacibdir. Prezident Administrasiyasının şöbə müdiri Dağlıq Qarabağ münaqişəsi və onun Azərbaycan dövlətinə, xalqına vurduğu ziyan barədə də gənclərə məlumat vermiş və bildirmişdir ki, gənclərimizin qarşısında duran məsələlərdən biri də milli varlığımızı erməni qəsbkarlarından qorumaq, ermənilərin yalan və uydurmalarla dolu təbliğatını puça çıxarmaqdır: "Siz yaşadığınız ölkələrdə elə bir önəmli amilə, gücə çevrilməlisiniz ki, sizinlə hesablaşsınlar. Yaşadığınız və təhsil aldığınız dövlətlərin ictimai-siyasi mühitinə, cəmiyyətinə nə dərəcədə inteqrasiya etsəniz, nə dərəcədə söz sahibinə çevrilsəniz, bunun Azərbaycan dövlətinin haqq səsini dünyaya yaymaqda o qədər də böyük əhəmiyyəti olacaqdır. Bu istiqamətdə hər bir ölkədə fəaliyyət göstərən türk diasporu ilə birlikdə hərəkət etməlisiniz. Bir-birinizin qarşılıqlı problemlərini birgə həll etməyə çalışmalısınız. Eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər olaraq bir-birinizi yaxşı tanımalısınız. Çünki bir-birinizi tanımadan dünyada Azərbaycanı tanıda bilməyəcəksiniz. Ona görə də bu tədbirin verdiyi ünsiyyət imkanından yaxşı faydalanmaq lazımdır".

Sonra RAGT-ın icraçı direktoru Emin Hacıyev Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın Dünya Azərbaycanlı Gənclərinin I Konqresinə müraciətini oxunmuşdur. Müraciətdə deyilir:
"Əziz dostlar! Bu gün siz mühüm bir hadisənin - Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin iştirakçılarısınız. Bu forumun əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq Avropa, Amerika, dünyanın fərqli qitələrində və ölkələrində, Vətənin hüdudlarından uzaqlarda yaşayan gənc həmvətənlərimiz mənəvi birliyi daha dolğun hiss edə biləcəklər. Ümumi məqsədlərə çatmaq əzmi ilə çalışan insanlarla tanış olmaq imkanı əldə edəcəklər. Yaşadığımız yerdən asılı olmayaraq, hamımızı ümumi Vətənimiz Azərbaycana olan məhəbbət birləşdirir.
Frankfurtda keçirilən Dunya Azərbaycanlı Gənclərinin I Konqresi həmvətənlərimiz arasında yalnız dostluq və işgüzar əlaqələrin yaranması üçün gözəl meydan deyil, həmçinin Vətənlə əlaqələrin möhkəmlənməsi, gənc insanların ictimai-siyasi fəallığının güclənməsi üçün nadir bir imkandır. Bundan əlavə, Konqres dünya miqyasında fəaliyyət göstərən Azərbaycan diasporu daxilində əlaqələrin formalaşması və güclənməsi üçün yeni qüvvələrin cəlb edilməsinə şərait yaradır. Azərbaycan dövlətinin bu məsələyə böyük önəm verməsi bizim üçün vacib dəstəkdir. Bu bir daha bizim doğru yolda olduğumuzu və bu yolla uğurla irəlilədiyimizi sübut edir.
RAGT rəsmi olaraq iki ilə yaxındır ki, fəaliyyət göstərir və bu müddət ərzində gənc həmvətənlərimizin təşəbbüslərinin geniş mənada dəstəklənməsinə çalışmışdır. RAGT ötən dövrdə öz fəaliyyət coğrafiyasını xeyli genişləndirmişdir. İndi bizim bölmələrimiz Rusiya Federasiyasının demək olar ki, bütün regionlarında yaradılmışdır. Tədbirlərimizin hamısı gənclərimizin birliyinə istiqamətlənmişdir. Biz onlara təhsil almaqda kömək edir, sağlam həyat tərzinin geniş yayılması, mədəni və tarixi dəyərlərimizə diqqətin artırılması, gənclərimizin ana dilimizi, ədəbiyyatımızı və milli ənənələrimizi öyrənmək istəyini dəstəkləyirik. Bunların hamısı olduqca vacibdir.
Dünyanın bir sıra ölkəsini təmsil edən yüzlərlə gəncin konqresdə iştirakı Azərbaycan gənclərinin həmyaşıdları ilə ünsiyyətdə olmasının vacibliyini bir daha sübut edir. Əminəm ki, toplantı iştirakçılarının hamısı istedadlı, kamil, parlaq və yaradıcı insanlardır. Sizin hamınız keyfiyyətli ali təhsil almaq üçün dünyanın nüfuzlu ali məktəblərində çalışır, qarşınıza ciddi məqsəd qoyaraq, ona nail olmaqdan çəkinmirsiniz. Bu isə o deməkdir ki, siz Azərbaycanın gələcəyinin inam və dayağısınız. Sizin gələcəyiniz isə - ölkəmizin gələcəyidir. Əminəm ki, iştirakçısı olduğumuz gənclər Konqresi çərçivəsində Azərbaycan Gənclərinin Dünya Birliyinin yaradılması bizim gənclər diasporunun möhkəmlənməsi yolunda növbəti və çox vacib addım olacaqdır. Qarşıda isə bizi bu yolda mühüm vəzifələr gözləyir.
Sizə yeni-yeni uğurlar və Konqresin işinə isə müvəffəqiyyətlər arzu edirəm!".
Gənclər və idman naziri Azad Rəhimov demişdir ki, DAG-ın Konqresi Azərbaycanın zəngin ictimai-siyasi tarixinin layiqli səhifələrindən birinə çevriləcəkdir. Azərbaycan xalqı bu gün öz taleyinin sahibidir. İndi Azərbaycan dövləti öz tarixinin şanlı səhifələrini yaşayır. Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin nüfuzu, mübarizliyi, əzmkarlığı və güclü iradəsi nəticəsində yaranan möhkəm sütunlar üzərində uğurla inkişaf etməkdədir. Gənclərlə aparılan iş 2003-cü ildən yeni mərhələyə qədəm qoymuşdur. Təməli ulu öndərimiz tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsas tərkib hissələrindən biridir. Gənclərin inkişafına yönəlmiş normativ-hüquqi baza formalaşdırılmış, bir sıra dövlət proqramları icra olunmuş, 200-dən artıq qeyri-hökumət gənclər təşkilatı yaranmışdır. Ümumilikdə, son 5 ildə hökumət tərəfindən gənclər təşkilatlarının 350-dən artıq layihəsinin dəstəklənməsi üçün dövlət büdcəsindən 3,8 milyon manat vəsait ayrılmışdır.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov gənclərə bütün məsələlərdə yardımçı olmaq barədə Azərbaycan rəhbərliyindən tapşırıq aldıqlarını və bu istiqamətdə hər bir yardımı etməyə hazır olduqlarını diqqətə çatdırmışdır. Konqres iştirakçıları qarşısında təbrik sözü ilə TürkPA-nın baş katibi Ramil Həsənov, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov çıxış etmiş, tədbirlə bağlı fikirlərini bölüşmüşlər.
Türkiyənin baş konsulu İlhan Sayqılı Türkiyə-Azərbaycan dostluğundan danışmış, çıxışını "Türkiyə ilə Azərbaycan bir ürək, bir candır" sözləri ilə bitirmişdir.
Sonra 4 paneldən ibarət konqresin "Azərbaycan həqiqətlərinin təbliği və diaspor quruculuğunda gəncliyin rolu" mövzusunda ilk bölmə iclası keçirilmişdir. Bu paneldə Türkiyə-Azərbaycan Dərnəyinin sədri, Türkiyə Strateji Araşdırmalar və Beynəlxalq Əlaqələr Mərkəzinin (TÜRKSAM) başkanı Sinan Oğan "Gəncliyin diaspor quruculuğu və lobbiçilik fəaliyyətində rolu və yeri", "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nürəddin Mehdiyev "Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və zəngin milli-mədəni irsimizin təbliğində xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin yeri", Azərbaycan Diplomatik Akademiyasının icraçı dekanı Fariz İsmayılzadə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan gəncliyi", Böyük Britaniyanın York Universitetinin məzunu Səbuhi Rzayev "Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi", gənc iş adamı Anar Məmmədov "Azərbaycan və qloballaşan dünyanın reallıqları gənclərin gözü ilə", Amerika Azərbaycanlıları Şurasının sədri, Amerika Azərbaycanlıları Şəbəkəsi "USAN"-ın Los-Anceles və Kaliforniya regionu üzrə icraçı direktoru Cavid Hüseynov "Azərbaycan həqiqətlərinin təbliği, diaspor təşkilatları arasında qarşılıqlı əməkdaşlığın inkişafı və beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi: mövcud təcrübə və perspektivlər" mövzularında məruzələrlə çıxış etmişlər.
Məruzələr ətrafında çıxışlar olmuşdur.
Noyabrın 28-də günün ikinci yarısında konqres öz işini "Xaricdə yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyası" və "İnsan hüquq və azadliqlarının müdafiəsi gənclər təşkilatlarının fəaliyyətində" məsələlərinin müzakirəsinə həsr etmişdir. Azərbaycan Respublikasının Belçikadakı səfiri Emin Eyyubov, Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatının sədri Ziya Qazıyev, Almaniyanın Höttinqen Universitetinin doktorantı Vüsal Məmmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, BMT-nin Bakı ofisinin şöbə müdiri Məzahir Əfəndiyev, Avropa Azərbaycanlıları Konqresi (AAK) İcraiyyə Komitəsinin üzvü, Norveç Azərbaycan Gənclər Assosiasiyasının (NAYO) sədri Ramil Əliyev məruzələrlə çıxış etmişlər.
Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxış edərək rəhbərlik etdiyi qurumun yaranma tarixi və bugünkü fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, cəmiyyətin London, Berlin, Brüssel və Bakıda ofisləri fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi Azərbaycanı Avropada siyasi, iqtisadi və mədəni aspektdən tanıtmaqdır: "Siyasi aspektdən tanıtma deyəndə, biz, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmağı nəzərdə tuturuq. Bizim nəşrlərimiz var, kitab, jurnal və qəzet nəşri ilə məşğuluq. Azərbaycan barəsində "100 suala cavab" kitabı nəşr olunmuşdur, qəzetimiz bir sıra Avropa ölkələrinin parlament üzvlərinə paylanır. Xocalı soyqırımı haqqında nəşr etdiyimiz kitab dünyanın müxtəlif universitet və institutlarına paylanmışdır",-deyə o məlumat vermişdir. Müzakirələrdən sonra Dünya Azərbaycanlı Gənclərin I Konqresinin qətnaməsi oxunmuş və təkliflər nəzərə alınmaqla qəbul edilmişdir. Qətnamədə deyilir: "Azərbaycan Respublikasının son illərdə əldə etdiyi iqtisadi və siyasi nailiyyətlər bütün vətənpərvər azərbaycanlılar kimi, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərdə də qürur hissi doğurur. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab Ilham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş ardıcıl islahatlar nəticəsində müasir Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. Təqdirəlayiq haldır ki, bu nailiyyətlərin əldə olunmasında gəncliyin də özünəməxsus yeri və rolu var. Eyni zamanda respublikanın artan siyasi və iqtisadi imkanları gənc nəslin təlim-tərbiyəsinin daha yüksək səviyyəyə qaldırılmasına, müasir düşüncə tərzi, universal dünyagörüşü, dərin intellektə malik kadr potensialının formalaşdırılmasına yönəlmiş layihələrin də həyata keçirilməsinə öz təsirini göstərir". Sənəddə Islam Konfransı Təşkilatının Gənclər Forumunun həyata keçirdiyi "Xocalıya ədalət - Qarabağa azadlıq" beynəlxalq kampaniyasında xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin daha fəal iştirakının təmin edilməsi istiqamətində birgə tədbirlərin görülməsi, virtual məkandakı sosial şəbəkələrdə Azərbaycanın təbliği, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə həyata keçirilən layihələrdə azərbaycanlı gənclərin daha fəal iştirakı, habelə bu tipli yeni layihələrin yaradılması, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hüquq və azadlıqlarının müdafiəsi sahəsində azərbaycanlı gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, bəzi ölkələrdə miqrantlarla bağlı qanunvericiliyin sərtləşdirilməsi ilə əlaqədar azərbaycanlı miqrantlar arasında maarifləndirmə işinin genişləndirilməsi, digər xalqların diasporları ilə məsləhətləşmələr əsasında bu dəyişikliklərin miqrantlar üçün yaratdığı çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaq və gənclərin milli-mənəvi ruhda tərbiyə olunması, ana dilini mənimsəməsi, gənc istedadların öz potensialını reallaşdırılmasına dəstək verilməsi məqsədilə layihələrin həyata keçirilməsi, xarici ölkə vətəndaşları tərəfindən qəyyumluğa götürülmüş azərbaycanlı uşaqlarla əlaqələrin qurulması, onlarla mütəmadi görüşlərin təşkil edilməsi kimi müddəalar da əksini tapmışdır.
Dünya Azərbaycanlı Gənclərin I Konqresinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul olunmuşdur.
Müraciət bu sözlərlə bitir: "Biz - Dünya Azərbaycanlı Gənclərin I Konqresinin iştirakçıları Sizi əmin edirik ki, dünyanın hər hansı bir ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı gənc Azərbaycan xalqının milli maraqlarının qorunması naminə bütün gücü ilə mübarizə aparmaq, Azərbaycan Respublikası Prezidentinə daim dəstək vermək əzmindədir". Tədbirin daha bir yekun sənədi- Dünya Azərbaycanlı Gənclərin I Konqresinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət qəbul edilmişdir. Muraciətdə vurğulanır: "Biz - Dünya Azərbaycanlı Gənclərin I Konqresinin iştirakçıları dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, sülhün və dostluğun tərəfində olan bütün ölkələrin rəhbərləri və parlamentlərinə müraciət edərək Cənubi Qafqaz regionunun əmin-amanlığı, bu bölgədə yaşayan insanların təhlükəsizliyi, uşaqların gələcəyi naminə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz səylərini səfərbər etməyə çağırırıq. Biz əminik ki, yalnız dünya birliyinin ədalətli, qətiyyətli və prinsipial mövqeyi Cənubi Qafqazın təhlükəsiz gələcəyinin açarıdır".

Digər xəbərlər