Azərbaycan Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin müzakirə müddətini uzadıb
Dünən Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. İclasda Konstitusiyanın 86-cı maddəsinə uyğun olaraq, 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılıb. Plenumun iclasını məhkəmə sədri Fərhad Abdullayev açaraq məhkəmə heyəti və katibini elan edib.
Sonra hakim Rafael Qvaladze çıxış edərək, seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib: "Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin yoxlanılması məqsədilə ekspertləri cəlb edib".
O, seçki pozuntuları iddiası ilə Respublika Baş Prokurorluğuna daxil olan müraciətlər barədə də açıqlama verib. Hakim həmin müraciətlərdən biri - 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə daxil olmuş müraciətlə əlaqədar cinayət işi başlandığını deyib. Hakimin sözlərinə görə, cinayət işi həmin dairədən namizəd olmuş şəxsin seçki günü səsvermə prosesinə müdaxiləsi, bununla da, seçki qanunvericiliyini pozması ilə bağlı başlanıb.
İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov daxil olan bütün müraciətlərin diqqətlə araşdırılaraq, müvafiq qərarlar qəbul edildiyini deyib. O, seçkinin təşkil olunması, namizədlərin qeydiyyata alınması, pulsuz efir vaxtının ayrılması, MSK-ya daxil olan müraciətlər və s. barədə məlumat verib. M.Pənahov dövlət və hökumət strukturlarının seçki prosesinə müdaxilə etməsi barədə iddiaların da əsassız olduğunu bildirib.
Daha sonra Konstitusiya Məhkəməsinin hakimləri M.Pənahova bir neçə sual ünvanlayıb. M.Pənahov həmin sualları cavablandırıb. İclasda ekspert qismində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov çıxış edib. O, 7 noyabr seçkilərinin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib və seçki prosesinə müsbət rəy verib.
Həmçinin, iclasda MSK sədrinin müavini Şaitdin Əliyev, MSK katibi Natiq Məmmədov da çıxış edərək, 7 noyabr seçkilərinin demokratik, azad və ədalətli keçirildiyini deyib.
Sonda F.Abdullayev məhkəmə baxışının başa çatdığını deyib. O, məhkəmənin noyabrın 29-u saat 9.00-dək təxirə salındığını elan edib.
Qeyd edək ki, 2010-cu il noyabrın 7-də 4-cü Çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 743 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınmış şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb. 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparıb. Seçici siyahılarında 4946588 nəfər səsvermə hüququ olan vətəndaşın adı olub. Seçkilərdə 2480205 seçici (ölkə üzrə seçicilərin 50,14%-i) iştirak edib.
Seçkiləri qeydiyyatdan keçmiş 48 mindən artıq müşahidəçi, o cümlədən, MSK-da akkreditə olunmuş 1024 beynəlxalq müşahidəçi izləyib.
MSK 7 noyabr seçkiləri ilə bağlı 20 DSK üzrə 46 seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib, DSK-lar tərəfindən nəticəsi ləğv olunan məntəqələrin sayı 3 olub. Seçkilərdə Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb. Seçkilərdə qələbə qazanmış digər şəxslər bitərəflərdir.
MSK seçkilərlə bağlı yekun protokolu noyabrın 22-də təsdiqləyərək, Konstitusiya Məhkəməsinə göndərib.