Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı yönündə Dövlət Proqramı hazırlanır
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirən Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı ölkənin qiymətli kağızlar bazarındakı mövcud vəziyyətindən və hesabat dövrü ərzində bazarın inkişafına dair həyata keçirilən tədbirlərdən, eləcə də, qarşıda duran vəzifələrdən danışdı. Hesabat dövrünün həm dünya, həm də Azərbaycan iqtisadiyyatı üçün bir sıra xüsusiyyətlərlə yadda qaldığını qeyd etdi.
Dünyanın aparıcı iqtisadiyyatlarında böhrandan sonrakı bərpa proseslərindən danışan R.Aslanlı inkişaf etmiş ölkələrdə iqtisadi artımın fiskal konsolidasiya tədbirlərinin tətbiqi ilə əlaqədar olaraq, daha konservativ artım nümayiş etdirdiyini vurğuladı: "İqtisadi böhranın dünya maliyyə bazarlarına və bütövlükdə, qlobal iqtisadiyyata vurduğu təsirin miqyasını təsvir etmək üçün bir neçə misala diqqət yetirək. 2009-cu ildə dünya iqtisadiyyatı 0,6 faiz daralıb. Müqayisə üçün qeyd edək ki, son 30 ildə ayrı-ayrı ölkələrdə və regionlarda baş vermiş böhranlara baxmayaraq, dünya iqtisadiyyatı orta illik 3,3 faiz templə artırdı. İqtisadi böhran daha çox inkişaf etmiş ölkələrin iqtisadiyyatına təsir göstərmişdir. Bu ölkələrdə iqtisadiyyatın artımı 2009-cu il ərzində neqativ olmuşdur. İqtisadi artım 3,2 faiz daralmışdır. İnkişaf etməkdə olan ölkələrə də təsir olmuşdur. İqtisadi artım templəri 3 dəfədən çox aşağı düşərək, 2,5 faizə enmişdir ki, bu da son 30 il ərzində müşahidə olunan orta illik artımın təxminən üçdə ikisi deməkdir."
Komitə sədri onu da söylədi ki, bunlara baxmayaraq, 2010-cu ildə iqtisadi bərpa prosesləri davam etmişdir: "İnkişaf etmiş ölkələrdə rast gəlinən problemlər inkişaf etməkdə olan ölkələrdən fərqlidir. Birinci qrup ölkələrdə daha çox işsizlik mövcuddur. Bununla əlaqədar olaraq daxili tələbatın və istehlakın azalması, büdcə kəsirləri və onların örtülməsi üçün suveren borcların tarixi maksimumlara çatması kimi çağırışlar və problemlər iqtisadi bərpa proseslərinin sürətinə təsir göstərir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2010-cu il ərzində dünya iqtisadiyyatının 4,8 faiz artımı proqnozlaşdırılır. İnkişaf etmiş ölkələrdə iqtisadi artım təxminən 2,7 faiz səviyyəsində olacaq. İnkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişaf daha yüksk templərlə davam edir. Bu ölkələrdə Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2010-cu ildə iqtisadi artım 7,1 faiz, 2011-ci ildə isə 6,4 faiz səviyyəsində gözlənilir."
R.Aslanlı onu da vurğuladı ki, son dövrlər müşahidə olunan valyuta məzənnələri ilə bağlı debatlar inkişaf etməkdə olan ölkələrin ixrac imkanlarına təsir göstərməkdədir: "Qeyd etdiyim bu mənzərə 2010-cu ildə qlobal iqtisadiyyatın mənzərəsidir. Dünya və Azərbaycan maliyyə bazarları beynəlxalq makro və mikroiqtisadi proseslərin təsirindən heç də tam təcrid olunmayıb. Bütövlükdə, bu proseslər dünya maliyyə bazarlarına da çox ciddi təsir edir. Bir faktı qeyd etmək istərdim ki, böhran nəticəsində dünya fond bazarlarında korporasiyaların kapital itkiləri 2009-cu il ərzində 14,5 trilyon dollar təşkil etmişdir. Bu rəqəmin təsir dərəcəsini təsəvvür etmək üçün isə müqayisə gətirək. 2009-cu ildə dünya iqtisadiyyatının həcmi 53 trilyon dollar olmuşdur. Beləliklə, bu itkilərin məbləği dünya iqtisadiyyatının 25 faizindən çox olmuşdur. 2009-cu ildə böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatı 14 trilyon dollardan az olmuşdur. Yəni qısa dövr ərzində dünya maliyyə bazarları ABŞ iqtisadiyyatı həcmində itkiyə məruz qalmışdır."
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr qarşılıqlı əlaqələndirilmiş və fərdi iqtisadi dirçəlmə proseslərinə yardım kampaniyaları həyata keçirirlər. Qısa dövr ərzində təxminən 13 trilyon dollar həcmində yardım paketləri həm maliyyə sektoruna, həm də iqtisadiyyata meyilləndirilməyə başlanılıb. Bunun nəticəsində maliyyə bazarlarında müəyyən canlanma və bərpa prosesləri müşahidə olunmağa başlandı. Nəticə etibarilə bu gün inkişaf etmiş bazarlarla inkişaf etməkdə olan bazarlar arasında mühüm fərq olmasına baxmayaraq, bütövlükdə, qlobal maliyyə bazarlarında bərpa prosesləri iqtisadiyyatdan daha sürətli templərlə davam edir. Bu günə olan məlumatlara əsasən, deyə bilərik ki, artıq inkişaf etmiş bazarlar öz itkilərinin təxminən 50-60 faizini bərpa ediblər. İnkişaf etməkdə olan bazarlarda, məsələn, Türkiyədə, Hindistanda, Braziliyada böhran dövründə məruz qalmış itkilər tam həcmdə bərpa olunub.
Daha sonra R.Aslanlı bu proseslərin fonunda dövlət başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə sosial-iqtisadi inkişafın davam etdiyini və bu dövr ərzində makroiqtisadi vəziyyətin stabil qaldığını söylədi. Komitə sədri bildirdi ki, hesabat dövründə iqtisadiyyatda 4,1 faiz, neft sektorunda 2,7 faiz, qeyri-neft sektorunda isə 5,2 faiz artım qeydə alınmışdır.
Tədbirin sonunda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri media nümayəndələrini maraqlandıran sualları cavablandırdı.