PDF Oxu

Əsas

  • 23

Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı yekun protokolu təsdiq edib

Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı yekun protokolu təsdiq edib
Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 2010-cu il noyabrın 7-də keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolunun təsdiq edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilən sənədlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması məsələsinə baxılıb.
İclasa sədrlik edən MSK sədri Məzahir Pənahov 7 Noyabr tarixindən ötən müddət ərzində 20 dairə seçki komissiyası üzrə 46 seçki məntəqəsində seçkinin nəticələrini ləğv edildiyini bildirib. MSK 2010-cu il fəaliyyətinin bütünlüklə parlament seçkiləri ilə bağlı olduğunu deyən M.Pənahov bu fəaliyyətin seçkilərin tamamilə demokratik və şəffaf keçirilməsinə yönəldiyini qeyd edib.
MSK katibi Natiq Məmmədov təmsil etdiyi qurumun, eləcə də aşağı seçki komissiyalarının seçkilərin demokratik keçirilməsi üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiklərini dilə gətirib: "7 noyabr seçkiləri Azərbaycan seçki tarixində mühüm hadisə adlandırıla bilər. Azərbaycan seçki sahəsində nəinki beynəlxalq standartlara cavab verir, eyni zamanda beynəlxalq standartları formalaşdırır. Builki seçkilərin bir özəlliyi də ondadır ki, müxalifət partiyalarının namizədləri iqtidar partiyasının namizədlərindən çox olub. Bütün namizədlər üçün bərabər təbliğat-təşviqat imkanları yaradılıb. İlk dəfə idi ki, ölkədə yayımlanan kanalla dairə ərazisində seçiləcək namizədlərə bərabər imkanlarla efir vaxtı ayrıld. Halbuki qanunvericiliyə görə, 60 seçki dairəsindən çoxunda namizədi qeydə alınan partiya və ya partiyalar bloku pulsuz efir vaxtı əldə edir".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını MSK-da təmsil edən MSK üzvü Mikayıl Rəhimli də Natiq Məmmədovun fikrinə şərik olaraq qurumun, eləcə də aşağı seçki komissiyalarının seçkilərin demokratik keçirilməsi üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiklərini söyləyib: "MSK daxil olan müraciətləri həssaslıqla, böyük diqqətlə araşdırıb. Ən önəmli hal odur ki, seçkiləri beynəlxalq təşkilatların təmsilçiləri olmaqla 50 mindən çox müşahidəçi izləyib. Hesab edirəm ki, bu seçkilər irəliyə doğru atılmış bir addım olub. Təbii ki, müəyyən nöqsanlar olub, amma bu seçkilərin keyfiyyətinə görə, əvvəlki seçkilərdən fərqlənir. İlkin mərhələdə 43 dairə seçki komissiyasından MSK-ya heç bir müraciət daxil olmayıb. Sonradan daxil olan müraciətlər də obyektiv araşdırılıb".
MSK üzvləri Fuad Cavadov, Ramiz İbrahimov, Tamam Cəfərova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev və MSK sədrinin müavini Şaitdin Əliyev seçkilərin azad, demokratik və şəffaf keçirildiyini vurğulayıblar.
MSK üzvü Gülağa Aslanlı (Müsavat Partiyası) MSK üzvlərinin fədakarlıqlarına şahid olduğunu, amma ölkədə seçki mühitinin olmadığını bildirib: "MSK-ya daxil olan müraciətlər obyektiv araşdırılmayıb. DSK-lar və MSK tərəfindən qeydə alınmayan şəxslərin namizədliyi sonradan Apellyasiya Məhkəməsi tərəfindən qeydə alınsa da onların təbliğat-təşviqat kampaniyası üçün vaxtı qalmayıb. Hesab edirəm ki, bu cür nəticələri Konstitusiya Məhkəməsinə göndərmək olmaz. MSK üzvlərini yekun protokola imza atmamağa çağırıram".
MSK üzvü Akif Qurbanov (Ümid Partiyası) seçkilərdə iştirak etmək istəyən müxalifət namizədlərinin yalnız 32 faizinin qeydə alındığını bildirib. Müxalifət namizədlərinə qeydə alınma zamanı süni əngəllərin yaradıldığını söyləyən A.Qurbanov seçki təşviqatının da sönük keçdiyini dilə gətirib: "Qeyd etdiyim məsələlər məni bir vətəndaş kimi, MSK üzvü kimi narahat edir. Beynəlxalq təşkilatlar da seçkilərlə bağlı bizdən gözlədiklərini ala bilməyib. MSK-nın müraciətlərə baxması hüquqdan kənar olub. Bizdə müraciətlərə hüquqla deyil, fərdi düşüncələrlə yanaşılır. Belə olan halda cəmiyyətdə də şübhələr yaranır".
Sonda 2010-cu il noyabrın 7-də keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolunun təsdiq edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilən sənədlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul olunub. Qərarın əleyhinə 1 nəfər (Gülağa Aslanlı) səs verib, 1 nəfər isə (Akif Qurbanlı) isə bitərəf qalıb. G. Aslanlı və A. Qurbanovdan başqa bütün MSK üzvləri yekun protokolu imzalayıb. MSK sədri Məzahir Pənahov bildirib ki, yekun protokola yalnız imza atanlar rəy yaza bilərlər. Protokol imzalandıqdan sonra M.Pənahov tərəfindən möhürlənib.

Digər xəbərlər