"Radikal müxalifətin aqressivləşməsinin əsas səbəblərindən biri öz dayaqlarını itirməsi ilə əlaqədardır"
"Müxalifətin radikal qanadının aqressivləşməsi təkcə cəmiyyət üçün yox, həm də onun özü üçün böyük problemə çevrilib. Çünki cəmiyyət belə radikal əhval-ruhiyyəli insanlardan uzaq durur, onları qəbul etmir.
Qeyd etdiyim kimi, radikal müxalifət özünü cəmiyyətdən təcrid edir. Əslində müxalifətin bu qanadı öz aqressivliyinin qirovuna çevrilib". SİA-nın xəbərinə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov açıqlamasında bildirib. Onun sözlərinə görə, müxalifətin bir hissəsinin həddən artıq aqressivləşməsinin əsas səbəblərindən biri elə onun öz dayaqlarını itirməsi ilə əlaqədardır. O, qeyd edib ki, bir sıra müxalif lidelərin olduqca böyük ambisiyaları var və həmin ambisiyaların reallaşması onların mövcud imkanları xaricindədir: "Bu ambisiyalar azalan imkanlar fonunda aqressivliklə kompensasiya edilir. Hazırda Azərbaycanın radikal müxalifəti öz mövcudluğunu isbat etməyin yeganə yolu kimi aqressivliyi seçir. Onlar hesab edir ki, nə qədər aqressiv olsalar, nə qədər böhtan atsalar, nə qədər əxalqi-mənəvi dəyərlərə sığmayan hərəkətlər etsələr, onda cəmiyyət müxalifətin mövcudluğunu duyacaq. Görünür, başqa bir formada və sahədə radikal müxalifət öz mövcudluğunu sübut edə bilmir. Radikallığın və aqressivliyin cəmiyyət üçün təhlükəsi, ilk növbədə bundadır". YAP-ın icra katibi deyir ki, digər xoşagəlməyən hal odur ki, Azərbaycan müxalifətinin böyük bir hissəsi hər hansı bir ideya ilə ölkə cəmiyyətinin diqqətini cəlb edə bilmir, alternativ fikir ortaya qoymaqda acizdir. İdeyasız müxalifət cəmiyyət üçün gərginlik mənbəyinə, sosial bəlaya çevrilir. YAP isə seçkilərə qoşularkən öz proqramını müəyyənləşdirdi və bütün cəmiyyətə çatdırdı: "Lakin müxalifət seçki kampaniyasında hər hansı proqramla iştirak etdiyini ortaya qoya bilmədi. Halbuki YAP-ın seçki proqramının ortaya qoymasına elə də böyük zərurət yox idi. Çünki YAP hakimiyyətdədir və onun proqramı ölkə Prezidentinin həyata keçirdiyi siyasətdir. Bu siyasət timsalında cəmiyyət artıq YAP-ın proqramından xəbərdardır. Bəs, seçkiyə qoşulan müxalifətin proqramı nədən ibarət idi? Onlar daxili və xarici siyasət, iqtisadi, sosial sferada, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar hansı ideya, hansı bir alternativ konsepsiyanı ortaya qoydu? Nəhayət, haqqında söhbət açdığımız müxalifət qanadının seçdiyi yol cəmiyyətin əxlaqi - mənəvi dəyərlərinin aşılanmasına aparır. Müşahidə edildiyi kimi, müxalifətin siyasi təbliğatı ancaq yalana, böhtana və Azərbaycan reallıqlarının inkarına istinad edir. Bunun sübutu kimi göstərə bilərəm ki, İctimai Televiziya vasitəsilə aparılan debatlarda müxalifət tərəfindən təhqirdən, yalandan, böhtandan başqa insanların diqqətini cəlb edə biləcək hər hansı ideya irəli sürülmədi". Əli Əhmədov bildirib ki, müxalifətin bu cür davranışı əslində siyasəti əxlaqi və mənəvi əsaslarından məhrum edir, onu antiinsani, anticəmiyyət faktoruna çevirir və müxalifətin mövqelərinin zəifləməsi, dayaqlarının itirilməsi, ictimai dəstəyinin azalması bu düşərgədə aqressivliyi gücləndirir. Onun sözlərinə görə, Azərbaycanın müxalifəti təkcə radikal əhval-ruhiyyədə olanlardan ibarət olmasa da, müəyyən hissəsi bu xarakterindən əl çəkə bilmir: "Azərbaycan müxalifətin əhəmiyyətli bir hissəsi özünün reallıq hissini bütünlüklə itirib. Onların real güclərindən daha böyük iddiaları mövcuddur. Bu iddiaları heç zaman gizlətməyə meyilli olmayıblar. Halbuki, müxalifətin bu hissəsində onların böyük iddialarına rəğmən həddən artıq kiçik gücləri, olduqca zəif ictimai dəstəkləri mövcuddur. Müxalifətin radikal hissəsilə Azərbaycan cəmiyyəti arsında uçurum getdikcə dərinləşir. Maraqlıdır ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətində sabitliyin, dincliyin ən yüksək dəyər kimi qiymətləndirilməsi fonunda meydana ifrat aqressivləşmiş müxalifət çıxır. Və bu, qeyd etdiyim kimi cəmiyyətlə, əhali ilə müxalifətin radikal qanadı arasında uçurumu həddən artıq dərinləşdirir. Son parlament seçiklərində bunu biz bir daha müşahidə etdik. Radikallar üçün müxalifətçiliyin aqressivlik kimi dərk edilməsi cəmiyyətə bir siqnal olmalıdır. Lakin o da faktdır ki, radikal müxalifət nə qədər aqressivləşəcəksə, bir o qədər də cəmiyyətlə öz arasında uçurumu dərinləşdirəcək" deyə Əli Əhmədov vurğulayıb. YAP Sədrinin müavini deyir ki, əgər müxalifətin radikal hissəsi öz davranışını dəyişdirməsə, ciddi ideoloji dəiyşikliklərə uğramasa, onların tamamilə Azərbaycanın siyasi həyatından silinməsi labüd olacaq. Bu, artıq müasir cəmiyyətin tələbinə çevrilib. Çünki indiki Azərbaycan cəmiyyəti aqressivliyi qəbul etmir. "Bu düşərgə, yumşaq desək xoşagəlməz bir quruma çevrilib. Cəmiyyət bu cür insnaların təhlükə mənbəyi olduğunu aydın dərk etməyə başlayıb. Nəticədə onlar getdikcə daha artıq dərəcədə cəmiyyətdən özlərini təcrid edirlər. Fikrimcə, müxalifət Azərbaycanda köklü surətdə yeniləşməlidir. Bugünkü Azərbaycana, bugünkü sabitliyə uyğun müxalifətin formalaşmasına çox ciddi ehtiyac var. İndiki Azərbaycanın inkişafına xidmət edəcək müxalifətin yaranması çoxdan sosial sifarişə çevrilib. Fikrimcə, müxalifət Azərbaycanda köklü surətdə yeniləşməlidir. Bugünkü Azərbaycana, bugünkü sabitliyə uyğun müxalifətin formalaşmasına çox ciddi ehtiyac var. İndiki Azərbaycanın inkişafına xidmət edəcək müxalifətin yaranması çoxdan sosial sifarişə çevrilib", - deyə YAP-ın icra katibi vurğulayıb.