"İslamda qadın: nailiyyətlər və problemlər"
Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "İslamda qadın: nailiyyətlər və problemlər" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Küveyt dövlətinin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Lətifə Əl-Fəhəd Əl-Savah və onun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın ziyalı qadınları iştirak edib. Komitənin sədri Hicran Hüseynova təşkil olunan dəyirmi masanın keçirilməsi ilə bağlı məlumat verdi: "Bu görüşdə bir çox məsələlərə toxunulacaq. Həmçinin, müsəlman xanımlarının cəmiyyət həyatına inteqrasiyasını hərtərəfli nəzərdən keçirməkdir".
H.Hüseynova Küveyt hökuməti rəsmi nümayəndələrini salamlayaraq, Azərbaycan və Küveyt ailə, qadın və uşaq məsələlərinə dövlət səviyyəsində diqqət yetirdiyini bildirdi".
Hicran Hüseynova Azərbaycanın Küveytlə əlaqələrinin inkişafında maraqlı olduğunu və dəyirmi masanın müsəlman qadınlarının hüquqlarının inkişafı məsələsinə xidmət edəcəyini də vurğulayıb. O, cəmiyyətdə gender balansının təmin edilməsinin vacibliyini vurğulayaraq, Azərbaycanın bu istiqamətdə çox sürətlə irəlilədiyini və parlamentdə qadınların sayının artdığını bildirib: "Küveyt Dövlətinin Nazirlər kabineti yanında Qadın Məsələləri komitəsi ilə əməkdaşlıqda biz böyük uğurlar qazanmışıq. Bizimlə Küveyt həmkarlarımız arasında ailələrin rifahının yüksəldilməsi, qadınların inkişafı və uşaqların müdafiəsi sahələrində əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Küveyt ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi ailə, qadın, uşaq məsələlərində də əlaqələr dinamik şəkildə inkişaf etdirilir. Ölkələrimiz arasında sıx əməkdaşlıq qurulması Azərbaycan Prezidenti İlham Əliyev cənabları və Küveyt dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabah cənablarının bilavasitə təşəbbüsü əsasında mümkün olmuşdur. Məlum olduğu kimi hər iki ölkədə ailə, qadın və uşaq məsələləri dövlətin daimi nəzarəti, hərtərəfli dəstəyi altındadır. Cəmiyyət həyatının vacib seqmenti olan bu sahədə böyük irəliləyişlərin müşahidə olunması ilə yanaşı, müəyyən problemlər də mövcuddur. Biz həm də, müsəlman ölkələri kimi, dünyada mövcud olan müsəlman qadını imicinin, çox zaman yanlış stereotipinin dəyişilməsində maraqlıyıq. İslam aləmində qadın ailə ocağının qoruyucusu, ana, həyat yoldaşı kimi böyük nüfuza, hörmətə layiq şəxs kimi yüksək qiymətləndirilir".
Bu gün ölkəmizdə qadınların cəmiyyətin bərabərhüquqlu üzvü kimi tanınması prosesi şərəfli tarixə malikdir. Bakıda 1901-ci ildə müsəlman qızlar üçün ilk dünyəvi məktəb açılıb. Hələ 1918-ci ildə Azərbaycan Demokratik Respublikasında bütün müsəlman Şərqində, ilk dəfə olaraq, qadınların seçki hüququ təsbitini tapmışdır. Ötən tarixi dövr ərzində qadınların sosial statusu daha da yüksəlmiş, cəmiyyət həyatının müxtəlif sahələrində onların tamhüquqlu iştirakı təmin olunmuşdur. Bu gün Dağlıq Qarabağ münaqişəsi hələ də ədalətli həllini tapmamasına, torpaqlarımızın 20 faizinin erməni işğalı altında qalmasına baxmayaraq, qadınların hüquq və azadlıqlarının qorunması, onların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən libbi xidmətlərlə təmin edilməsi, onların cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkə Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qadın məsələlərinə diqqəti bizi daha da ruhlandırır".
Görüşdə çıxış edən Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Sabah Azərbaycan qadınının ictimai-siyasi həyatda rolunu yüksək qiymətləndirdi: "Azərbaycan qadınının ictimai-siyasi həyatda rolunu yüksək qiymətləndirirəm. Azərbaycan qadını ictimai-siyasi həyatda fəal iştirak edir ".
Sonda Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Küveyt dövlətinin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Lətifə Əl-Fəhəd Əl-Savaha qiymətli hədiyyə təqdim etdi.