PDF Oxu

Əsas

  • 18

Siyasi partiyalar seçkilərin azad və demokratik keçirilməsi barədə bəyanat qəbul edib

Siyasi partiyalar seçkilərin azad və demokratik keçirilməsi barədə bəyanat qəbul edib

Dünən Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş  seçkilərdə iştirak etmiş bəzi siyasi partiyaların iştirakı ilə tədbir keçirildi. YAP  Sədrinin müavini, İcra katibi Əli Əhmədov görüşdə çıxış edərək, Azərbaycanda növbəti parlament seçkilərinin uğurla başa çatdığını bildirib: "Bu seçkilər Azərbaycanda demokratiyanın, seçki praktikasının inkişafında əhəmiyyətli bir mərhələ hesab olunur.  Bütün seçki prosesini dəyərləndirərək, o cümlədən, səsvermənin nəticələrinə qiymət verərək, qətiyyətlə bəyan etmək olar ki, Azərbaycanda növbəti parlament seçkiləri demokratik dəyərlərə uyğun olaraq, ədalətli şəkildə şəffaf keçirilib.
Birmənalı şəkildə vurğulamaq olar ki,  bu seçkilər Azərbaycanda xalqın iradəsini ifadə edə bilibdir. Onu da qeyd etmək lazımdır ki, parlament seçkiləri ilə əlaqədar olaraq, Azərbaycanda müvafiq tədbirlər görülüb. Bu seçkilər  Seçki Məcəlləsinin demokratik ənənələrinə və normalarına əsaslanaraq, demokratik keçirilməsi üçün ən zəruri tədbirlər görülüb və müvafiq şərait yaradılıb. Bunun sübutu olaraq, keçirilən seçkilərdə 20-dən çox siyasi partiyaların və onların nümayəndələrinin iştirak etməsi, seçkidə iştirak edən bütün namizədlər üçün təşviqat kampaniyasında lazım olan bütün imkanlardan, o cümlədən də, pulsuz efir vaxtının verilməsi olub. Eyni zamanda, seçki kampaniyasını izləmək üçün 50 min nəfərdən çox yerli müşahidəçi, 1000 nəfərdən çox isə beynəlxalq müşahidəçi iştirak etmişdir. Bütün bunlar isə, ümumilikdə, seçki kampaniyasının demokratik və şəffaf keçirilməsini təmin edə bilmişdir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar da bütün prosesləri izləyərək və bundan sonra da müşahidə etdikləri bütün faktları obyektiv şəkildə dəyərləndirərək, Azərbaycanda keçirilən 7 noyabr parlament seçkilərinə düzgün və obyektiv qiymət verəcəklər.  Bu günə qədər çoxlu sayda  beynəlxalq müşahidəçilərin səsləndirdikləri rəylər ümumi şəkildə seçkilərin normal keçməsi haqqında beynəlxalq təşkilatların və onların müşahidəçilərinin rəylərinin formalaşması ilə bağlı müəyyən fikirin yaranmasına əsas verir."
Ə.Əhmədov ölkədə keçirilən seçkilərin nəticələrinin cəmiyyət tərəfindən də müsbət qəbul edildiyini və demokratik, obyektiv və şəffaf seçki olaraq qiymətləndirildiyini bildirdi: "Birmənalı şəkildə etiraf etmək lazımdır ki, istənilən seçkinin ən mühüm hakimi xalqdır. Azərbaycan xalqı da parlament seçkiləri ilə əlaqədar öz mövqeyini bir daha nümayiş etdirdi."
YAP Sədrinin müavini bəzi siyasi qüvvələrin Azərbaycanda keçirilən parlament seçkiləri ilə əlaqədar fərqli mövqelər ortaya qoymağa cəhdlər göstərdiklərini bildirdi: "Bəzi dairələrdə deputat seçilmək istəyini həyata keçirə bilməyənlər özlərinin uğursuzluqlarını, bütövlükdə, demokratiya anlayışı ilə səhv salmağa meyilli olduqlarını bir daha nümayiş etdirirlər. Lakin bilmək lazımdır ki, demokratiya seçkilərin ədalətli və şəffaf keçirilməsi ilə bir şəxsin istənilən  dairədən lazım olan uğuru qazanmaması ilə ölçülmür.  İstər İsa Qəmbərovun, istər Əli Kərimovun bu seçiklərdə uğur qazanmaması demokratiya və şəffaflıq məfhumu ilə eyniyyət təşkil etmir. Bu halda, olsa-olsa, konkret bir namizədin öz proqramını lazımi səviyyədə bilməməsi  və müəyyən edilmiş səsləri toplaması formasında ifadə edilə bilər. Bu baxımdan da, Azərbaycanda keçirilən parlament seçkilərinin demokratik, ədalətli və şəffaf keçirilməsinə yaradılan şəraitə əsaslanaraq, seçkinin nəticələri tam olaraq Azərbaycan xalqının iradəsinin ifadəsidir. Konkret şəxslərin seçilib-seçilməməsi və yaxud da, uğur qazanıb-qazanması, bütövlükdə,  ayrı-ayrı namizədlərin şəxsi problemlərinin və yaxud da şəxsi uğursuzluqlarının nəticələri kimi dəyərləndirilə bilər."
Ə.Əhmədov 7 noyabr parlament seçkilərində iştirak edən siyasi partiya liderlərinin iştirakı ilə keçirilən tədbirin  mahiyyətinə də toxundu: "Bugünkü görüşün keçirilməsində əsas məqsəd Azərbaycanda keçirilən seçki kampaniyasının ümumi gedişinə və siyasi mühitə, eyni zamanda, səsvermənin nəticələrinə münasibət bildirməkdir. Hesab edirəm ki, partiya liderləri seçki kampaniyasına obyektiv olaraq münasibət bildirəcək və bununla da, yekun bir bir bəyanat qəbul edəcəyik."

7 noyabr Milli Məclisə keçirilmiş seçkilər legitimdir

BAXCP sədri Qüdrət Həsənquliyev görüşdə çıxış edərək, Azərbaycanda 7 noyabr parlament seçkilərinin demokratik və ədalətli keçdiyini bildirdi. Q.Həsənquliyev bəzi müxalifət partiya liderlərini seçkilərin keçirilməsi ilə bağlı böhtanlı fikirlər söyləməsinə və öz riyakar və çirkin niyyətlərdən əl çəkməməsinə adət edənlərə də öz münasibətini bildirdi: "20 faiz torpaqlarımızı işğal edən, bir milyondan çox soydaşlarımızı qaçqın edən düşmənlə saziş imzalayan və sonra da gedib Azərbaycan xalqından onun parlamentdə təmsil olunmasına səs verməsini istəmək ancaq düşüncəsiz bir xəyaldır. Hesab edirəm ki, belə düşünənlərin hərəkətləri demokratik normalara sığan bir addım deyil. Ona görə də, Azərbaycan xalqı kimlərin Milli Məclisdə təmsil olunmasını düzgün müəyyən edir."
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycanda 7 noyabr parlament seçkilərini demokratiya istiqamətində irəliyə doğru atılan növbəti addım adlandırdı. Bildirdi ki, parlament seçkiləri ilə bağlı Ana Vətən Partiyası iki dəfə bəyanat qəbul edib. Bu bəyanatlarda ölkədə keçirilən parlament seçkilərinin ədalətli və demokratik keçirildiyi, Seçki Məcəlləsinin müddəalarına və  beynəlxalq standartlara uyğun baş tutduğu konkret faktlarla qeyd olunub: "Bütövlükdə beynəlxalq təşkilatların dediyi kimi, ölkə miqyasında keçirilən seçkilərin mütləq əksəriyyəti, yəni 90 faizi Avropa standartlarına uyğun şəkildə, Seçki Məcəlləsinin müddəalarına uyğun olaraq demokratik və ədalətli keçirilmişdir."
F.Ağamalı qeyd etdi ki,  7 noyabr parlament seçkiləri ədalətli və demokratik keçirildiyi üçün siyasi partiyalar tərəfindən imzalanan bəyanatla həmfikirdir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Yeni Azərbaycan Partiyasının fikirləri ilə razı olduğunu bildirdi: "Qeyd etmək lazımdır ki, bu gün biz Azərbaycanda ciddi bir hadisəyə münasibət bildiririk. Bu münasibəti bildirərkən düzgün fikir irəli sürmək lazımdır. Şəxsi ambisiyalarını düşünən bir, iki partiyanın irəli sürdüyü qərəzli fikirlər ancaq dövlət, millət anlayışından çıxaraq məqsədli yanaşmaq istəyənlərin fikirləridir. Reallıq isə  budur ki, həqiqətən də, Azərbaycanda çox ciddi və obyektiv seçkilər keçirilib.

S.Rüstəmxanlı seçki kampaniyasının çox uğurlu bir yol keçdiyini də qeyd etdi: "Avropanın təcrübəsinə görə, əgər o ölkənin seçki keçirəcəyinə ümid yoxdursa,   ora müşahidəçi göndərilmir. Əgər Azərbaycana 1000 nəfərdən çox xarici müşahidəçi gəlibsə, bu, bir daha onu göstərdi ki, ölkədə, həqiqətən də, yüksək səviyyədə keçirilən seçki prosesi baş verib. Bir dairəyə 8-9 beynəlxalq müşahidəçi gələrək, seçkilərin keçirildiyi andan seçki qutularının açıldığı ana qədər nəzarət etdilər. Bir daha şahid oldular ki, seçkidə heç bir saxtakarlıq baş verməyib. Lakin həmin bəzi beynəlxalq qüvvələr bu hadisənin şahidi ola-ola müəyyən qüvvələrin təsiri ilə gedib başqa bir yerdə qeyri-obyektiv fikirlər yazırlarsa, bu, artıq Azərbaycana olan ənənəvi ikilistandartın nəticəsidir. Doğrudur, müəyyən qüvvələr var ki, bu istiqamətdə yenə də fəaliyyət göstərirlər. Lakin bilmək lazımdır ki, seçki bizim daxili işimizdir. Ona görə də, hər hansı bir qüvvənin azad və demokratik şəraitdə keçən seçki prosesinə qara yaxması Azərbaycan xalqını öz seçimindən uzaqlaşdıra bilməz."
Dəymirmi masada Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Sosial-Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü çıxış edərək, parlament seçkilərini demokratik və şəffaf keçirildiyini bildirdilər.
Tədbirin sonunda siyasi partiyaların birgə bəyanatı qəbul olundu.

Digər xəbərlər