Azərbaycanda 7 noyabr parlament seçkiləri yüksək seçici fəallığı ilə başa çatdı. Bütün prosedurlar demokratiya, qanun çərçivəsində baş verdi. İstənilən partiya namizədlərinə eyni hüquq verilmişdir. Saxtakarlıqdan, qanunsuzluqdan uzaq olan parlament seçkilərində YAP uğurlu qələbə qazandı. Bu qələbə, bütövlükdə, Azərbaycan xalqının qələbəsi idi. Çünki taleyimiz inamlı, etibarlı əllərdədir. Hər bir azərbaycanlı bununla fəxr etməlidir.
Millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov:
- İlk öncə, demək istəyirəm ki, Azərbaycan iqtidarının həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər sayəsində budəfəki parlament seçkiləri də çox mütəşəkkil, düşünülmüş və obyektiv şəkildə keçirildi. Bütün namizədlər üçün bərabər şəraitin yaradılması, təbliğat-təşviqat işlərinə geniş şəraitin yaranması, namizədlərə pulsuz 4 dəqiqə efir vaxtının ayrılması və seçicilərlə görüş keçirmək üçün əvvəlcədən yerlərin müəyyənləşdirilməsi seçkilərin uğurlu təşkilinə böyük yardım göstərdi. Habelə, qanunvericilik bazasının kifayət qədər təkmil olması icra orqanlarının seçkiyə müdaxiləsinin qarşısını tamamilə alımışdır. 119 saylı Ağdam-kənd seçki dairəsində seçicilər izdihamlı şəkildə səs verməyə gəlirdilər. İnsanlar, xüsusən, YAP-ın namizədlərinə hörmət, çox isti münasibət bəsləyirdilər. Bütün görüşlərdə də bunun şahidi olduq. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyevin gördüyü bütün uğurlu işləri insanlar yüksək qiymətləndirirdilər. Dövlətimiz inkişaf edir, xalqımızın rifahı Azərbaycanın beynəlxalq imici gündən-günə yüksəlir. İnsanlar da gördükləri müsbət dəyişikliklərin cavabı olaraq seçkilərə mütəşəkkil şəkildə gəldilər. YAP-ı təmsil edən namizədlərə səs verdilər. Bütövlükdə, vətəndaşlıq borclarını layiqincə yerinə yetirdilər. Bütün səsvermə məntəqələrində 500 veb-kamera quraşdırılmışdı. Dünyanın müxtəlif ölkələrinin tamaşaçıları seçkilərə baxa bilirdi. Bu, elə demokratiya deməkdir. Radikal müxalifət heç vaxt uğursuzluğu özündə, köhnə düşüncə tərzində, nüfuzdan düşməsində, xalqın onlara olan etimadını itirməsində axtarmayır. Guya hansısa kənar bir səbəb onlara mane olur. Əllərində arqument olmadan şifahi şəkildə öz xislətlərinə xas olaraq ləkə yaxmaq, böhtan atmaq onların çoxdankı işidir. Yeni tərkibdə olan parlamentdə Azərbaycanın inkişafına dəstək verən qanun və qərarlar qəbul olunacaqdır. Azərbaycanda yaşadığımız üçün fəxr etməliyik. Müstəqil, demokratik, suveren Azərbaycan dövlətinin səsi hələ çox yüksəklərdən gələcəkdir, bayrağımız zirvələrdə dalğalanacaqdır.
Millət vəkili Vahid Əhmədov:
- Parlament seçkiləri zamanı namizədlərlə heç bir problem yaşanmadı. Hər şey MSK-nın və DSK-nın böyük əməyi nəticəsində uğurla başa çatdı. Həqiqətən də, bu iki qurumun seçkilərdə əvəzolunmaz xidmətləri oldu. Saxtakarlıq, qanuna uyğun olmayan heç bir hərəkət baş vermədi. Seçkilərdə fəal iştirakı xalqımızın siyasi mədəniyyətinin yüksək olduğunun bariz nümunəsidir. Çünki xalqımız bir daha sübut etdi ki, səs verib ən layiqli namizədləri seçməyi bacarır. ATƏT-dən, MDB-dən xeyli müşahidəçilər vardı. Əminliklə deyə bilərəm ki, namizədi olduğum Quba rayonunda hər şey inanılmaz dərəcədə şəffaf, demokratik və azad keçdi. Yalnız Bakı şəhərində deyil, Azərbaycanın bütün bölgələrində hər şey demokratiyaya uyğun, qanun pozuntusu olmadan keçdi. Necə ki, 2005-ci il parlament seçkiləri YAP-ın qələbəsi ilə nəticələndi və eləcə də, 2010-cu il parlament seçkiləri də YAP-ın uğurlu qələbəsi ilə yekunlaşdı. Elə bir dairə, məntəqə olmayıb ki, orada yerli və xarici müşahidəçilər iştirak etməsin. İnsanlar kütləvi şəkildə məntəqələrə gələrək haqqa və ədalətə səs verdilər. 7 noyabr günü xalq öz iradəsini açıq şəkildə bəyan etməklə Prezident İlham Əliyevə sadiqliyini bir daha nümayiş etdirdi. Hər bir namizədə təbliğat-təşviqat üçün bütün şərait yaradılmışdı. Mən hər şeydən razı qaldım. Siyasət arenasında tək bir güclü siyasi təşkilat var ki, o da YAP-dır. Təbii ki, YAP-ın namizədləri parlamentdə oturmalı və xalqına, vətəninə var gücü ilə xidmət etməlidir. Hər birimiz azərbaycanlı olaraq möhtərəm Prezidentimizlə qürur duyuruq.
Millət vəkil Asəf Hacıyev:
- Onu deyə bilərəm ki, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı Azərbaycan dövlətində bütün seçki prosesləri çox normal şəraitdə keçirilir. Əzəmətli, müstəqil Azərbaycan dövlətində bütün sahələrdə-iqtisadi, siyasi, mədəni və mənəvi sahələrdə inkişaf var. Bir çox ölkələri Azərbaycan inkişaf tempinə görə geridə qoyubdur. Bunun bünövrəsində isə, YAP-ın uğurlu siyasəti və xalqımızın sevimlisi olan möhtərəm Prezidentimiz İlham Əliyev durur. Danılmaz bir faktdır ki, hər bir göstəricilər sürətli templə artır. Xüsusilə, onu qeyd etmək istərdim ki, xalqımızın 7 noyabr parlament seçkilərinə axını hədsiz dərəcədə çox idi. YAP-ın 70-ə yaxın namizədi artıq millət vəkili mandatını alıb. Budur, əsl demokratiya və uğur. Beynəlxalq müşahidəçilərin də verdiyi məlumatlara görə hər şey normal bir ab-havada keçdi, məntəqə və dairələrdə heç bir qanun pozuntusu müşahidə olunmadı. Əlbəttə, bu, müxalifəti qıcıqlandırır. Radikal müxalifət hansısa bir bəyanatı verəndə, onu arqumentlə əsaslandırmalıdır. Əgər onların təbirincə desək, belə bir saxtakarlıq vardısa, sənədlər əsasında çoxdan aşkarlanardı. Hər bir məntəqədə yerli, xarici müşahidəçilər vardı. Müxalifət, belə səviyyəsiz, haqsız, düşüncəsiz, əxlaqi dəyərlərdən uzaq olan davranışlara malikdir. Müşahidəçilərimin şahidi olduğu bir seçki məntəqəsində müxalifət namizədi ANS kanalını dəvət edərək, bildirdi ki, burada saxtakarlıq var. İddia edirdi ki, qutuda 681 bülleten var, amma qutudan 681 bülleten çıxmayacaq. ANS kanalı isə çəkiliş aparan zaman heç bir saxtakarlığın olmadığını müşahidə etdi və qutudan, həqiqətən də, 681 bülleten çıxdı. Budur, müxalifətin növbəti absurd və cəfəng bəyanatı. Xəcalətdən sanki danışmağa söz belə tapmadılar.Azərbaycanda nəsə bir siyasi hadisə baş verən kimi dərhal qaçırlar beynəlxalq təşkilatların yanına və ağla sığmayan, uydurmalardan ibarət olan sözlər deyirlər. Amma unudublar ki, müstəqil Azərbaycanın taleyini beynəlxalq təşkilatlar və qurumlar deyil, Azərbaycan dövləti özü həll edir. Bu gün Azərbaycanda inkişaf modeli formalaşıbdır. Bu birlik, inkişaf modelinin özü bizi gələcəyə doğru aparır. Bunun kökündə isə Ulu Öndər Heydər Əliyev ideyaları və Onun layiqli davamçısı və siyasi varisi cənab Prezident İlham Əliyev dayanır. Biz bununla fəxr etməli və qürur hissi yaşamalıyıq. Necə ki, yaşayırıq.
Millət vəkili Elman Məmmədov:
- Həm YAP-ın namizədi, həm də bir seçici kimi, 7 noyabr parlament seçkilərini çox müsbət qiymətləndirirəm. Suveren Azərbaycan cəmiyyət, hər istiqamətdə günü-gündən inkişaf edir, güclənir. O cümlədən də, cəmiyyətimizdə insanların maariflənməsi, daha da fəallığı, hər bir siyasi proseslərə fəal qoşulmaları, dövlətçilik nöqteyi-nəzərdən yanaşmaları çox təqdirə layiq haldır. 7 noyabr seçkiləri də yüksək seçki fəallığlı ilə fərqləndi, seçicilər özlərinin konstitusion borclarını, vətənə olan sevgilərini yüksək səviyyədə yerinə yetirdilər, beynəlxalq müşahidəçilər də öz müsbət rəylərini verdilər. Ola bilsin ki, hansısa dövlətlərdən olan müşahidəçilər seçkilər haqqında müsbət fikir bildirməsinlər. Bu, həmin dövlətlərin müəyyən mənada Azərbaycana olan qərəzli mövqeləri, siyasi məqsədləridir. Amma ümumən 1000-dən çox müşahidəçi vardı. Onların böyük əksəriyyəti seçkinin gedişatı ilə bağlı müsbət rəy verdilər. Ümumiyyətlə isə, keçirilən seçkilərdə Azərbaycan vətəndaşlarının rəyi daha önəmlidir. Seçən də, seçilən də Azərbaycan vətəndaşlarıdır. Heç kim gəlib Azərbaycana hökm verə bilməz. Seçki prosesi Azərbaycanın öz konstitusiya qanunları ilə idarə olunur. Bir sözlə, seçki demokratik, yüksək seçici fəallığı ilə mütəşəkkil tərzdə keçirildi və gözlədiyimiz kimi, yenə də hakim YAP-ın uğurlu qələbəsi ilə nəticələndi. Bu, tək bizim deyil, cənab Prezidentimizin qələbəsi idi. Saxta seçki keçirildiyini iddia edən müxalifətçilərin yaxın tarixi yadına salmaq istəyirəm. Onlar AXC-Müsavat hakimiyyəti dönəmində keçirilən saxta seçkilərin havası ilə yaşayırlar. 1993-cü ildən indiyə qədər neçə dəfə prezident, parlament və bələdiyyə seçkiləri keçirilibsə, radikal müxalifət adlanan, fəaliyyətləri ilə özlərini rüsvay etmiş qrup seçki haqqında müsbət rəy verməyiblər. Bunlar hələ seçkilərə start verməmişdən öncə, seçkilərin saxta keçəcəyi barədə rəy verirlər və sonda da deyirlər ki, bu seçkiləri tanımırıq, hər şey saxta oldu. Onlar Azərbaycan seçicisinin heç bir faizini də təşkil etmir. Onların fikirləri özləri üçün maraqlıdır, cəmiyyət üçün yox.