PDF Oxu

Əsas

  • 25

Əli Həsənov: “Heç bir jurnalist diqqətdən kənarda qalmayacaq”

Əli Həsənov: “Heç bir jurnalist diqqətdən kənarda qalmayacaq”
Dünən Azərbaycan Mətbuat Evinin Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Milli Mətbuat Gününün 135 illiyi münasibətilə Azərbaycan Prezidentinin təltif etdiyi bir qrup jurnalistə fəxri ad və mükafatların təqdim olunması mərasimi keçirilib.
Tədbirdə Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, qəzet redaktorları və digər şəxslər iştirak ediblər. Onu da qeyd edək ki, bugünkü tədbir həm də BMM-nin açılışı ilə əlamətdar olub.
Tədbirdə çıxış edən Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Milli Mətbuatının yaranmasının 135 illik yubileyinin geniş şəkildə qeyd edildiyini bildirib. Əli Həsənov vurğulayıb ki, müstəqillik illərində Azərbaycan mətbuatı keşməkeşli, eyni zamanda, şərəfli bir yol keçib. Müəyyən dövrlərdə jurnalistika və dövlət, jurnalistika və cəmiyyət arasında problemlərin də ortaya çıxdığını dilə gətirən Ə.Həsənov söyləyib ki, 1991-ci illə indiki dövrü müqayisə etdikdə, kəskin fərqlər nəzərə çarpır: "Hazırda dünya mətbuatı ilə müqayisə oluna biləcək yazılı mediamız var. Bu gün dünya miqyasında Azərbaycanı yüksək səviyyədə, layiqincə təmsil edə biləcək mediamız, jurnalistlərimiz, jurnalist təşkilatlarımız mövcuddur".
Jurnalistikanı bütün dövrlərdə üç əsas ölçü və meyarın fərqləndirdiyini deyən Prezident Administrasiyası İctimai-Siyasi şöbəsinin müdiri bunlardan birincisinin mükəmməl qanunvericilik bazasının olduğunu vurğulayıb: "Müstəqil mətbuat yalnız münbit şərait yaradılan məkanda inkişaf edə bilər. Bunun üçün mütləq şəkildə milli qanunvericilik olmalıdır. Bu qanunvericilikdən çıxış edərək, jurnalistikanın prinsipləri, kodeksi, normaları və digər məsələlər müəyyən olunur. Digər tərəfdən, tək bir qanunla jurnalistikanı cəmiyyətin aparıcı institutuna çevirmək olmaz. İkinci əsas məsələ maddi bazadır. Bütün dünyada media bir kommersiya vasitəsidir. Müstəqillik illərində mətbuatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımları xüsusi vurğulamaq lazımdır. Ən mühüm və üçüncü məsələ isə jurnalist əxlaqı, jurnalist peşəkarlığı, mənəviyyatı ilə bağlıdır. Jurnalistika unikal bir peşədir, təkrarolunmaz bir sənətdir. Digər peşələrlə müqayisə olunduqda, jurnalist peşəsi ən məsuliyyətli bir peşədir. Jurnalistin əməyinin nəticəsi olaraq, cəmiyyətdə müəyyən sosial mühit formalaşır. Ümummilli Liderimiz Heydər Əliyev həmişə deyirdi ki, jurnalist olmaq üçün təkcə peşəkarlıq kifayət etmir, təkcə ali təhsil almaq bəs etmir, eyni zamanda, jurnalistlər ən fədakar insanlar olmalıdır ki, onların yazdıqları cəmiyyətdə qəbul olunsun".
Azərbaycan hökumətinin bugünkü mətbuat siyasətinin bu üç əsas meyar üzərində qurulduğunu deyən Ə.Həsənov bildirib ki, sözügedən prinsiplər hal-hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilir: "Milli mətbuatın 135 illik yubileyində hamı gördü ki, dövlət mətbuat üçün nə edir və nə etməyə çalışır. Dövlətin mətbuata qayğısı bundan sonra da davam edəcək. Hansı düşərgəyə aid olmasından asılı olmayaraq, heç bir jurnalist dövlətin diqqətindən kənarda qalmayacaq".
Daha sonra Ə.Həsənov, V.Səfərli və Ə.Amaşov mükafatları KİV təmsilçilərinə və jurnalistlərə təqdim ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevə də "Tərəqqi" medalı verilib.

Digər xəbərlər