PDF Oxu

Əsas

  • 14

ABŞ Dövlət Departamentinin qərəzli bəyanatı

ABŞ Dövlət Departamentinin qərəzli bəyanatı
Noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçkiləri dünya ölkələrində və beynəlxalq təşkilatlarda böyük maraqla izlənilib. Seçkiləri müşahidə edən bütün müşahidə missiyaları prosesin şəffaf və demokratik şəraitdə keçirildiyini, ciddi qanun pozuntusuna yol verilmədiyini qeyd ediblər. Seçkinin rəsmi nəticələri elektron səsvermə və "exit-poll" tədqiqatının nəticələri ilə üst-üstə düşüb ki, bu da prosesin normal keçdiyini göstərən amillərdəndir. Lakin ABŞ Dövlət Departamentinin bəyanatında subyektiv və qərəzli məqamların yer alması təəccüb doğurur.
Dövlət Departamentinin yaydığı bəyanatda qeyd olunur ki, seçkilərin gedişində bir sıra məntəqələrdə qanun pozuntuları qeydə alınıb. Doğrudan da, əgər belə məlumatlar varsa, onları ortaya qoymaq lazımdır. Digər tərəfdən, pozuntular olan məntəqələrlə bağlı DSK-lar və Mərkəzi Seçki Komissiyası müvafiq araşdırmalar aparıb. Bu və ya digər məntəqələrdə baş verən cüzi pozuntular, bütövlükdə, seçkinin gedişinə və nəticələrinə təsir etməyib. Yeni Azərbaycan Partiyası hesab edir ki, Dövlət Departamentinin yaydığı bəyanat, bütövlükdə, prosesi düzgün xarakterizə etmir və reallığa uyğun gəlmir.
"Azərbaycan hökuməti builki seçkiləri tam demokratik, ədalətli və şəffaf seçkilər kimi dəyərləndirir". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ABŞ Dövlət Departamentinin seçkilərlə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Seçkilərin demokratik keçirildiyini demək üçün kifayət qədər əsasların olduğunu deyən Ə.Həsənov bildirib ki, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Birliyi Parlament Assambleyası, MDB, Türk Ölkələri Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar, seçkilərin monitorinqini aparan qurumların əksəriyyəti seçkiləri ədalətli və şəffaf seçkilər kimi dəyərləndirib: "Onlar belə bir açıqlama veriblər ki, seçki məntəqələrinin 90 faizində seçkilər tələblərə uyğun keçirilib, 10 faizində isə müəyyən nöqsanlar müşahidə edilib. Bütün siyasi partiyalar, bitərəflər, bir sözlə, bütün maraqlı tərəflər seçkilərdə iştirak edib. Seçki müddətində bütün namizədlərə bərabər şərait yaradılıb".
Ə.Həsənov qeyd edib ki, Dövlət Departamentinin bəyanatından təəssüflənir: "Təəssüflənirik ki, ABŞ-ın bu bəyanatında seçkilərlə bağlı müəyyən subyektiv mülahizələrə yer verilib. Onların dəyərləndirilməsi əksər beynəlxalq təşkilatların dəyərləndirməsindən xeyli fərqlənir. Seçkilərin beynəlxalq normalara uyğun keçirilməməsi ilə bağlı fikirləri Azərbaycanı təəssüfləndirir".
Qeyd olunanları nəzərə aldıqda, məlum olur ki, ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanatı ölkəmizə göstərilən təzyiq vasitələrindən biridir. Təbii ki, ABŞ xarici siyasət idarəsinin belə qeyri-obyektiv hesabat hazırlaması qərəzli yanaşmanın mövcudluğunu ortaya qoyur. Bəyanatda obyektivlik, məsələni hərtərəfli öyrənmək, Azərbaycandakı real durumun dəyərləndirilməsi qətiyyən hiss edilmir.
Bir qayda olaraq, Azərbaycanla bağlı ABŞ rəsmilərinin, səfirliyin verdiyi bəyanatlarda ölkəmizdə demokratik inkişafın olduğu, beynəlxalq aləmlə inteqrasiyanın bütün elementlərinin gözlənildiyi vurğulanır. Bu bəyanat isə həmin fikirlərin heç birinə uyğun gəlmir, belə bir təəssürat yaranır ki, bu bəyanat qərəzlidir, məqsədəuyğun şəkildə rənglər tündləşdirilib və Azərbaycan çox geridə qalmış, hətta demokratiya sözünün özü yasaq edilən bir ölkə kimi təqdim olunur.
Ümumiyyətlə, Dövlət Departamenti son illər ardı-arası kəsilmədən Azərbaycanla bağlı qeyri-dəqiq məlumatlar verir, öz hesabatlarında çox ziddiyyətli məlumatlardan istifadə edir. Bir qədər bundan öncə də, belə bir məlumat vermişdi ki, Azərbaycanda tələbələrin 30 faizə yaxını narkomandır. Bu faktın özü departamentin nə qədər qeyri-ciddi olduğunu ortaya qoyur.
Bu cür hesbatalarla, bu cür bəyanatlarla Azərbaycandan müəyyən güzəştlərə nail olmaq istəyirlər. Amma ABŞ-da anlamalıdılar ki, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət həyata keçirir. Azərbaycanın əsas prioritet fəaliyyəti onun milli maraqlarının qorunması, dövlət müstəqilliyinin təmin olunması, demokratik inkişafın sürətlənməsidir.
Kimsə düşünürsə ki, bu istiqamətdə hansısa təzyiqlərlə nəyəsə nail olmaq olar, bu, düzgün yol deyil. Əgər ABŞ Dövlət Departamenti demokratiya və ədalət axtarışındadırsa, o zaman yaxşı olar ki, Ermənistanı işğalçı dövlət kimi ifşa etsin, Azərbaycanın ərazilərinin boşaldılmasında konkret və səmimi bir mövqe nümayiş etdirsin. Ermənistanda hər seçkidə hakimiyyət xalqa və müxalifətə divan tutur, amma Dövlət Departamentindən səs çıxmır.
Beləliklə, ABŞ Dövlət Departamentinin son bəyanatının qərəzli və qeyri-obyektiv olduğu məlum olur. Dünyanı idarə etmək iddiasında olan ölkənin obyektiv olmaqdan, ölkələrə və xalqlara ikili stndartlarla yanaşma prinsipindən imtina etməkdən başqa yolu var.
"ABŞ Dövlət Departamentinin hesabatında yer alan fikirlər təəssüf və təəccüb doğurur. Hesab edirəm ki, departamentin hesabatı ölkəmizdə seçki prosesini izləyən beynəlxalq müşahidəçilərin məlumatları ilə ziddiyyət təşkil edir". SİA-nın məlumatına görə, bu fikirləri yap.org.az saytına açıqlamasında YAP-ın İcra katibinin müavini Mübariz Qurbanlı ABŞ Dövlət Departamentinin Azərbaycanda 7 noyabrda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
M.Qurbanlının sözlərinə görə, seçkiləri ATƏT, Avropa Şurası və digər beynəlxalq qurumların təmsilçiləri müşahidə ediblər. Beynəlxalq müşahidəçilər uzunmüddətli missiya həyata keçiriblər, bütövlükdə, seçki prosesini müşahidə ediblər, seçki günü də seçkilərin müşahidəsi həyata keçirilib: "Bütövlükdə, ATƏT-in və Avropa Şurasının Azərbaycanda parlament seçkilərini müşahidə edən nümayəndələrinin yaydığı ilkin məlumatlarda qeyd olunub ki, seçkilərdə bütün siyasi partiyaların bərabər şəkildə iştirakı təmin edilib, seçkilər demokratik dəyərlərə uyğun şəkildə keçirilib, eyni zamanda, bütün namizədlərə debatlarda öz fikirlərini çatdırmaq üçün bərabər şərait və mühit yaradılıb.
Həmçinin, seçkilərin gedişi ilə bağlı da beynəlxalq müşahidə missiyalarının yaydığı ilkin açıqlamalarda ciddi nöqsanların qeydə alınmadığı öz əksini tapıb. Belə olan halda, ABŞ Dövlət Departamentinin bəyanatı ilə beynəlxalq müşahidə missiyalarının bəyanatları arasında ziddiyyətləri görməkdəyik. Azərbaycan tərəfinin bununla bağlı münasibəti də bu yöndədir ki, departamentin bəyanatı ilə beynəlxalq müşahidə missiyalarının hesabatları üst-üstə düşmür".
"Təəssüf doğuran odur ki, departament bəyanat verməzdən öncə, seçkinin gedişi və nəticələri ilə bağlı yayılan məlumatlara istinad etməyib"-deyən M.Qurbanlı bildirib ki, buna görə də Dövlət Departamentinin yaydığı bəyanat obyektivliyi əks etdirmir. "Müşahidələr belə nəticəyə gəlməyə əsas verir ki, parlament seçkiləri tam obyektiv şəraitdə, şəffaf və ədalətli keçirilməklə, Azərbaycan seçicilərinin siyasi iradəsini tamamilə əks etdirir"-deyə YAP rəsmisi qeyd edb.

Digər xəbərlər