PARLAMENT SEÇKİLƏRİNİN NƏTİCƏLƏRİ AZƏRBACAN SEÇİCİLƏRİNİN İRADƏSİNİ İFADƏ EDƏCƏK
Dünən Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov parlament seçkilərinin nəticələri ilə bağlı KİV-lər üçün mətbuat konfransı keçirib. İcra katibi Əli Əhmədov noyabrın 7-də keçirilən parlament seçkilərinin uğurla başa çatdığını vurğuladı: "Bu seçkilər Azərbaycanda demokratiyanın, seçki praktikasının inkişafında əhəmiyyətli bir mərhələ hesab olunur. Düşünürəm ki, kifayət qədər yüksək seçici fəallığı ilə keçirilən bu seçkilərdə öz proqramını, platformasını nümayiş etdirə bilən və seçicilərin etimadını qazana bilən namizədlər daha çox səslər əldə edəcəkdir. Xüsusi vurğulamaq istəyirəm ki, bütövlükdə, seçkiöncəsi mühit Azərbaycanda demokratik keçib, normal, azad, şəffaf, seçkilərin keçirilməsi üçün bütün siyasi partiyalara, seçkidə iştirak etmək istəyən vətəndaşlara öz istəklərini həyata keçirilməsi üçünzəruri şərait yaradılıb. Seçkilərdə 23 siyasi partiyanın nümayəndələrinin iştirak etməsi, hesab edirəm ki, bütövlükdə, siyasi partiyalar səviyyəsində seçkiyə olan yüksək marağın göstəricisidir. Digər bir tərəfdən isə, partiyalar səviyyəsində də, seçki yarışmasının həyata keçirilməsi diqqəti çəkən məqamlardan biridir".
Ə.Əhmədov bir sıra müxalifət partiyalarının Yeni Azərbaycan Partiyasının uğurlarına qarşı qısqanclıqla yanaşdığını və müxalifətin böhtan və yalandan əl çəkmədiyini bildirdi: "Azərbaycanda seçki kampaniyasında, guya müxalifət üçün lazımi şəraitin olmadığını nümayiş etdirməyə çalışırlar. Güman edirəm ki, bunların obyektiv əsasları yoxdur. Əsassız olaraq, bildirirlər ki, guya müxalifət partiyalarından seçkilərə qatılmış namizədlərin sayı Yeni Azərbaycan Partiyası tərəfindən seçkiyə qatılmış namizədlərin sayından çoxdur. Əgər biz bu faktı nəzərə alsaq, bütövlükdə, iştirak etmək istəyən siyasi partiyaların hər biri üçün lazımi şəraitin yaradıldığını qeyd etmək lazımdır. Həm partiyaların, həm də xüsusi olaraq qatılmış namizdlərin öz platformalarını təbliğ etmələri üçün efir vaxtları verilib və bir sıra başqa şırait yaradılıb. Qeyd etmək istəyirəm ki, bu seçkilərdə ödənişsiz efir vaxtı tətbiq edilib. Təəssüf ki, pulsuz efir vaxtından bəzi hallarda bəzi müxalifət nümayəndələrinin namizədləri sui-istifadə hallarına üstünlük verdilər. Hesab edirəm ki, reallığın təhrif edilməsi, böhtanlar atılması, etik normalardan kənar çıxışlar normal seçki təşviqatı hesab edilə bilməz. Bu, onların özlərinin mövqelərinin zəif olmasından irəli gəlir. Bir sıra hallarda adi etik normalardan kənara çıxan formada çıxışların edilməsi heç bir halda normal seçki təşviqatı və təbliğatı sayıla bilməz".
YAP Sədrinin müavini Ə.Əhmədov onu da bildirdi ki, seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün şəraitin yaradılmasının göstəricilərindən biri də seçkilərdə müşahidəçilərin sayının kifayət qədər çox olmasıdır: "Bu seçkilərdə 50 minə yaxın yerli və xarici müşahidəçi qeydə alınıb. Azərbaycanda təxminən 5 mindən yuxarı seçki məntəqəsi var. Bu o deməkdir ki, hər məntəqəyə orta hesabla 10 nəfər düşür. Eyni zamanda, seçki prosesini 1000-dən yuxarı beynəlxalq müşahidəçilər izləyib. Yaxın zamanda nəticələr elan olunacaq. Parlament seçkilərinin nəticələri Azərbaycan seçicilərinin iradəsini ifadə edəcək".
Ə.Əhmədov bəzi müxalif siyasi partiyaların səsvermənin gedişində də qanun pozuntularına cəhd etdiklərini söylədi: "Bu sahədə bizim araşdırmalarımız aparılır. 22 saylı Nəsimi seçki dairəsinin 19 saylı seçki məntəqəsində Pənah Hüeyinlinin müşahidəçilərinin seçicilərə təsir göstərməsini qeyd etmək istəyirəm. Müşahidəçilərimizin verdiyi məlumata görə, Pənah Hüseyn və onun qızı Aybəniz Hüseyn məntəqənin qarşısında seçicilərə təsir göstərmək istəyib və bununla da seçkinin normal gedişinə imkan verməməyə çalışıblar. 15 saylı Yasamal seçki dairəsində İsa Qəmbərin səlahiyyətli nümayəndəsi olan Tural Abbaslı seçki prosesinə müdaxilə etmək istəyib. Bu əsasda qanun pozuntusunu qeydə almaq istəyən komissiya üzvləri ilə münaqişə yaranıb. Bütün bunların hamısı protokollaşdırılıb. 31 saylı Suraxanı seçki dairəsində AXCP (i) sədri Əli Kərimlinin bir dəstə tərəfdarları məntəqələri gəzərək qanun pozuntularına cəhd göstəriblər. Müşahidəçilərimiz bütün qanun pozuntularının qeydiyyatını aparıb və məlumat veriblər. Biz də bununla bağlı MSK-ya müraciət edəcəyik".
YAP Sədrinin müavini Əli Əhmədov onu da vurğuladı ki, bütün bunlara baxmayaraq səsvermə normal keçib: "Səslərin hesablanması prosesində yerli və beynəlxalq müşahidəçilər iştirak ediblər. Proses çoxlu sayda insanların gözləri qarşısında baş verib".
Azərbaycan keçirilən seçki prosesinin işıqlandırılması barədə məsələyə də toxunan Əli Əhmədov bir sıra hallarda bəzi xarici ölkə mediasında seçkilərlə bağlı qeyri-obyektivliyə yol verildiyini bildirdi: "Həmin media seçkini tamam başqa bir formada təbliğ etməyə cəhd göstərir. Mətbuatın hər hansı məntəqəyə girməsi və izləməsi üçün qadağa yoxdur. Lakin xarici mətbuatın Azərbaycanın müxalifət mətbuatında həqiqətə uyğun olmayan yazılanları öz səhifələrinə köçürmələri qərəzlər yaradır. Onlar hər iki tərəfin yazdıqlarına baxıb, analiz edib yazsalar, düzgün olar. Mətbuat bu şəkildə hərəkət etməməlidir. Azərbaycandakı prosesləri məqsədli şəkildə təhrif edən xarici mətbuat orqanları çirkli niyyətlərə xidmət etdiklərini ortaya qoyurlar. Necə ola bilir ki, o mətbuatın səhifələrində yalnız Əli Kərimlinin, İsa Qəmbərin fikirlərinə, müxalifətin həqiqətə uyğun olmayan yazılarına yer var? Niyə hakimiyyətdə olan partiyanın fikirlərini soruşmurlar? Azərbaycan cəmiyyəti belə meyillərə öz etirazını bildirməlidir. Bu gün "Azadlıq" radiosunun saytı fəaliyyət göstərir. Lakin o saytın səhifələrində Azərbaycanda bir müsbət hadisə görə bilməzsiniz. O sayta baxanda Azərbaycan haqqında çox mənfi fikir formalaşır. Həmin saytda Azərbaycan gəncləri müzakirələrdə iştirak etmək istəyir. Fikirlərini göndərirlər sayt qəbul edir ancaq səhifəyə qoyulmur. Bu, o deməkdir ki, onlar Azərbaycanı yalnız qara rəngdə göstərmək istəyirlər. Buna nə ad vermək olar? Açıq etiraf etsinlər ki, bunlar filan tərəfin pulu ilə Azərbaycana qarşı çevrilmiş təxribatdır. Hökumət mövqeyindən ora bir mesaj göndərin, görün saytda yayımlanacaq? Fikir azadlığından danışanlar özləri bunu ən kobud şəkildə təhrif edirlər. Çünki orada yazılanlar da saytın işçilərinin yazdığı yazılardır. Xarici mətbuatda da bir sıra hallarda anti-Azərbaycan meyilləri özünü göstərir. Hər dəfə yazırlar ki, neftlə zəngin Azərbaycanın xalqı pis vəziyyətdə yaşayır. Bilmək lazımdır ki, bu Azərbaycan xalqının neftidir, Azərbaycan xalqına da qalmalıdır".
Sonda Əli Əhmədov bir daha onu vurğuladı ki, Azərbaycanda 7 noyabr parlament seçkisi tam normal, ədalətli, şəffaf keçirilib: "Bu seçki Azərbaycan xalqının iradəsini tam ortaya qoydu. Qanunla imkan verilən bütün imkanlardan istifadə edilib. Bütün bunlar göstərir ki, YAP qələbə qazanacaq".