PDF Oxu

Əsas

  • 24

Siyavuş Novruzov: "Müşahidələr, exit-poll, ictimai rəy bu seçkilərin də YAP-ın qələbəsi ilə başa çatacağını söyləməyə əsas verir"

Siyavuş Novruzov: "Müşahidələr, exit-poll, ictimai rəy bu seçkilərin də YAP-ın qələbəsi ilə başa çatacağını söyləməyə əsas verir"
"Seçki prosesi uğurla, Seçki Məcəlləsinin tələblərinə uyğun başa çatdı. Azərbaycanda bərqərar olmuş şəffaf seçki mühiti, azad rəqabət şəraiti seçkilərin demokratik keçirilməsini təmin etdi". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov seçkilərlə bağlı açıqlamasında deyib. İcra katibinin müavini bildirib ki, budəfəki ümumxalq səsverməsi də digər seçkilər kimi demokratik şəkildə həyata keçirildi. Millət vəkilinin sözlərinə görə, istər namizədlərin qeydə alınmasında, istərsə də digər proseslərdə bütün namizədlərə bərabər şərait yaradıldı. 125 seçki dairəsində təxminən 690 namizədin qeydə alındığını deyən hakim partiya təmsilçisinin sözlərinə görə, bu da hər dairədə orta hesabla 6 nəfərə yaxın namizədin mübarizə aparması demək idi: "Təbliğat-təşviqat kampaniyası dövründə, ayrı-ayrı kütləvi informasiya vasitələrində, o cümlədən insanlarla görüşlərdə hər bir namizədə öz seçicilərinə ünvanlanan təkliflərini, fikirlərini, rəylərini çatdırması üçün imkan yaradıldı. Ümumiyyətlə, səsvermə prosesi sağlam seçki mühitində baş tutdu". S.Novruzov seçkilərin tam şəffaf, demokratik keçirildiyini və heç bir ciddi qanun pozuntusunun qeydə alınmadığını söyləyib. O vurğulayıb ki, müxalifətin ayrı-ayrı təmsilçilərinin müəyyən dairələrdə etdikləri qanunsuzluqlardan başqa bütün proses yaxşı keçdi. Seçici fəallığının müşayiət olunduğunu dilə gətirən S.Novruzov onu da əlavə edib ki, heç bir dairə və məntəqələrdə seçkinin nəticələri ləğv olunmayıb. Açıqlaması zamanı beynəlxalq müşahidəçilərin rəylərinə münasibət bildirən millət vəkili qeyd edib ki, hər hansı qanun pozuntusu ilə bağlı beynəlxalq müşahidəçilər tərəfindən müraciətlər daxil olmayıb: "Bugünki seçkiləri həm yerli, həm də beynəlxalq müşahidəçilər izləyirdilər. Həmçinin YAP-ın da bəzi dairə və məntəqələrdə müşahidəçiləri var idi. O cümlədən, beynəlxalq təşkilatların - ATƏT-in, Avropa Şurasının, TürkPA-nın, MDB-nin, Azərbaycanda olan səfirliklərin nümayəndələri beynəlxalq müşahidəçi qismində iştirak ediblər. Müşahidələr, exit-poll, ictimai rəy və seçicilərin fikirləri bu seçkilərin də Yeni Azərbaycan Partiyasının qələbəsi ilə başa çatacağını söyləməyə əsas verir".

Digər xəbərlər