PDF Oxu

Əsas

  • 22

Daha bir beynəlxalq uğur

Daha bir beynəlxalq uğur
Dünən Bakıda BMT İnkişaf Proqramı İnsan İnkişafı hesabatının 20-ci illik yubiley buraxılışının təqdimatı keçirilib
SİA-nın məlumatına görə, "Millətlərin həqiqi sərvəti: İnsan inkişafına aparan yollar" başlıqlı hesabat Azərbaycan Prezident Administrasiyası və BMT İP tərəfindən birgə təqdim olunub. Toplantıda bildirilib ki, BMT İP-in illik İnsan İnkişafı Hesabatı mərhum iqtisadçı Məhbub ul-Haqqın rəhbərliyi ilə müstəqil ekspert komandası tərəfindən 1990-cı ildə hazırlanıb. O, ilk dəfə milli inkişafın makroiqtisadi göstəricilərlə qiymətləndirilməsinə bir alternativ olaraq sağlamlıq, təhsil və gəlir göstəricilərinə əsaslanan İnsan İnkişafı Kodeksini təklif edib. Builki hesabatda yeniliyin davamlı olaraq inkişaf dinamikası və qanunauyğunluqları haqqında yeni yanaşmalar, o cümlədən, bərabərsizlik, gender və yoxsulluğun ölçülməsi üçün yenilənmiş metodlar təqdim olunur.
Hesabatın əhatə etdiyi 169 ölkə arasında son 5 ildə Azərbaycan ən sürətli irəliləyişə nail olan dövlətdir. 2005-ci ildə 105-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə qalxıb. Nəticədə Azərbaycan "Orta insan inkişafı" qrupu ölkələrini tərk edərək Braziliya, Türkiyə və Malayziya kimi "Yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olub.
Azərbaycanın İnsan İnkişafı İndeksi 1995-ci ildən 2010-cu ilədək 27% artaraq 0,563-dən 0,713-ə yüksəlib. Bu müddət ərzində Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu 5 il, gözlənilən təhsil illəri 3 il və adambaşına düşən ümummilli gəlir 338% artıb.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdimat mərasimindəki çıxışında bildirib ki, BMT İnkişaf Proqramının son hesabatında Azərbaycan haqqında olan məlumatlarda göstərir ki, ölkənin inkişaf göstəriciləri yüksəlib. O deyib ki, Azərbaycan hesabatda 34 pillə irəliləyib: "Postsovet ölkələri arasında Azərbaycan illik 1,77 artımla ilk yerlərdə qərarlaşıb".
Prezident Administrasiyasının rəhbəri Azərbaycanda keçiriləcək parlament seçkilərinə də toxunub. O bildirib ki, Azərbaycanda seçkilərin demokratik keçirilməsi, siyasi qüvvələrin mübarizə aparması üçün bütün namizədlərə bərabər şərait yaradılıb: "Biz üzərimizə düşən öhdəlikləri yerinə yetiririk. Bütün namizədlərin bərabər şərtlərlə mübarizə aparması təmin edilib, azad mühit yaradılıb. Məntəqələrdə qurulan 500 veb-kamera seçkilərin şəffaflığını təmin edir. Seçkilərin demokratik keçirilməsində mətbuatın qərəzsiz mövqeyi də rol oynayacaq".
Ermənistan-Azərbaycan münaqişəsindən danışan Ramiz Mehdiyev bildirib ki, Azərbaycan öz ərazilərinin işğaldan azad olunmasına çalışır: "Biz Azərbaycanda baş verənlərə, Dağlıq Qarabağ münaqişəsinə kənardan ikili standartlar mövqeyindən yanaşılmasını qəbul etmirik. Azərbaycanda demokratiyanın qurulması üçün zəruri şərait yaradılıb. Lakin müharibə vasitəsilə qonşu dövlətin ərazilərimizin işğalına hələ də son qoyulmayıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycan ərazilərinin 20 faizi hələ də Ermənistan qoşunlarının işğalı altındadır. Bu işğala son qoyulmalıdır. Azərbaycan hakimiyyəti buna səy göstərir".
R.Mehdiyev deyib ki, Azərbaycan hökuməti işğala son qoymaq üçün səylər göstərməklə yanaşı, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində də işlər aparır: "Ermənistan beynəlxalq hüquq normalarını və prinsipləri kobud şəkildə pozur. Dağlıq Qarabağ heç vaxt ermənilərin ərazisi olmayıb. Bura Qafqaz albanlarının yaşadığı ərazi olub. Ermənilərin Qarabağa verdikləri Artsax adı Zərdüştlükdə də var. Hətta sonradan Qafqaz Albaniyasında xristianlıq yayılarkən, ölkənin əsas xristian məbədlərindən biri də Qarabağda yerləşib".
Prezident Administrasiyasının rəhbəri bəyan edib ki, Azərbaycanda müşahidə edilən siyasi, iqtisadi və mədəni inkişaf, demokratiya və insanların sosial hüquqlarının, xüsusilə də, milli azlıqların hüquqlarının qorunması Dağlıq Qarabağ ermənilərinin Azərbaycan tərkibində yaşayıb, öz milli xüsusiyyətlərini ifadə etmələri üçün geniş imkanlar açır: "Sadə ermənilər hər zaman bu fikri paylaşıblar. Bu, bizə imkan verəcək ki, orada quruculuq işləri görək, məktəblər açaq, əhalinin həyat səviyyəsinin yüksəlməsini təmin edək. Bu, eyni zamanda, onların Azərbaycanda gedən sürətli inkişafdan bəhrələnməsini mümkün edir. Ermənistan rəhbərliyi qeyri-konstruktiv mövqeyindən çəkilməli və münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verməlidir".
Ramiz Mehdiyev əlavə edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində narkotiklərin becərilməsi və tranziti kimi hallar geniş vüsət alıb. Bunu regional və beynəlxalq təhlükəsizlik üçün real təhdid kimi qiymətləndirən R. Mehdiyev beynəlxalq təşkilatları, xüsusilə, beynəlxalq təhlükəsizliyin təminatçısı qismində birbaşa çıxış edən BMT-ni bu məsələyə adekvat reaksiya verməyə çağırıb. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının nəzarətsiz ərazilərə çevrildiyini vurğulayıb: "Bu gün həmin ərazilərdə qanunsuz silah ticarəti aparılır".
Azərbaycan və Ermənistan prezidentlərinin son görüşünə münasibət bildirən Prezident Administrasiyasının rəhbəri bildirib ki, prezidentlərin Həştərxanda keçirilmiş son görüşünü müsbət qəbul etmək lazımdır: "Dövlət başçıları Rusiya prezidentinin təklifi ilə görüşüblər. Bu, gələcək işlər üçün mühüm addımdır".
Astanada keçiriləcək ATƏT sammiti çərçivəsində prezidentlərin nəzərdə tutulan görüşündə hər hansı nəticə gözlənilib-gözlənilmədiyinə gəlincə, R.Mehdiyev bununla bağlı əvvəldən proqnoz verməyin çətin olduğunu bildirib.
PA rəhbəri Azərbaycan və Ermənistan arasında əsir və meyitlərin dəyişdirilməsi barədə əldə olunmuş razılaşmaya da toxunub: "Bununla bağlı dövlət başçıları tərəfindən sənəd imzalanıb. Azərbaycan tərəfdən bu məsələnin həlli üçün lazımi addımlar atılır. Hələ danışıqlar gedir, hazırlıqlar aparılır. Görünür ki, bu məsələdə qarşı tərəfin də fikrini bilməliyik".
Prezident Administrasiyasının rəhbəri bəyan edib ki, işğal altındakı Ağdam şəhərinin adının separatçılar tərəfindən dəyişdirilməsi cəhdi Ermənistanın müəyyən qüvvələri tərəfindən aparılan oyunun yeni bir növüdür: "Bu, onu göstərir ki, Ermənistanda radikal qüvvələr Azərbaycan-Ermənistan arasında münasibətləri gərginləşdirmək istəyirlər", - deyən R.Mehdiyev bildirib ki, belə hallara beynəlxalq təşkilatlar da kəskin münasibətlərini bildirməli, ermənilərin oyunlarına son qoyulmalıdır.
Ramiz Mehdiyev ATƏT-in Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı ikinci aralıq hesabatına da münasibət bildirib. O, hesabatda müəyyən yanlışlıqların olduğunu deyib: "Onları çıxmaq şərti ilə, hesab edirəm ki, hesabat müsbətdir".
R.Mehdiyev bildirib ki, Azərbaycanda seçkilərin demokratik keçirilməsi, siyasi qüvvələrin mübarizə aparması üçün bütün namizədlərə bərabər şərait yaradılıb: "Biz üzərimizə düşən öhdəlikləri yerinə yetiririk. Bütün namizədlərin bərabər şərtlərlə mübarizə aparması təmin edilib, azad mühit yaradılıb. Məntəqələrdə qurulan 500 veb-kamera seçkilərin şəffaflığını təmin edir. Seçkilərin demokratik keçirilməsində mətbuatın qərəzsiz mövqeyi də rol oynayacaq".

Digər xəbərlər