PDF Oxu

Əsas

  • 21

Ermənistan hakimiyyəti cinayətkar qruplaşmaya çevrilib

Ermənistan hakimiyyəti cinayətkar qruplaşmaya çevrilib
Son zamanlar Ermənistan rəhbərliyi dövlət səviyyəsində Dağlıq Qarabağın erməni torpağı olması ilə bağlı böyük bir təbliğat işi aparmağa başlayıb. Dağlıq Qarabağın işğalı ilə kifayətlənməyən işğalçı dövlət indi də onu öz adına çıxarmaq niyyətindədir. Bu işin planlı və müntəzəm şəkildə aparılması ilə bağlı konkret faktlar da mövcuddur. Artıq uzun müddətdir bu absurd fikirləri müxtəlif ədəbiyyatlarda, dərsliklərdə, internet şəbəkəsində müxtəlif yollarla yaymaqla məşğul olan ermənilər indi artıq işi dövlət səviyyəsində həyata keçirməyə başlayıblar.
Bir müddət bundan öncə, Ermənistan prezidenti Serj Sarkisyanın erməni diasporunu təmsil edən jurnalistlərə tarixi faktları təhrif edərək çatdırması, bundan sonra isə, bu günlərdə Dağlıq Qarabağda yaradılmış separatçı rejimin işğal olunmuş Azərbaycan torpağı olan Ağdam rayonunun adını dəyişdirərək, erməni adı qoymaqla bu ərazilərin də erməni torpağı olduğunu göstərməyə çalışması yolverilməz hallardır.
Əlbəttə ki, bu hallar Azərbaycan tərəfindən də ən yüksək səviyyədə etirazla qarşılanıb və Ermənistanın bu cür addımlarının onun öz nüfuzunu daha da itirməsinə səbəb olacağı bildirilmişdir. Təsadüfi deyil ki, ermənilərin apardığı bu təbliğat Azərbaycan Respublikası Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən ölkə mətbuatında pislənmiş və o, bunun yalnız və yalnız erməni təxəyyülündən başqa bir şey olmadığını qeyd etmişdir. Bununla yanaşı, o, Ermənistanla Azərbaycan arasında aparılmış müharibə və müharibə nəticəsində Azərbaycan ərazilərinin işğal olunmasının təkcə Azərbaycan üçün deyil, eyni zamanda, daha çox Ermənistan üçün törətdiyi fəsadlara da toxunmuşdur. Ermənistanın bugünkü vəziyyətinin heç də yaxşı olmadığını nəzərə çatdıran R.Mehdiyev mənasız müharibənin nəticəsində ermənilərin heç bir şey əldə etmədiyini nəzərə çatdırır. Həqiqətən də, dünya tarixinə nəzər saldıqda, görmək olar ki, indiyə kimi baş verən bütün müharibələr və işğallar müəyyən bir üstünlüyün əldə edilməsinə istiqamətlənmiş və bu nəticə ilə başa çatmışdır. Lakin Cənubi Qafqazda baş verən Ermənistan-Azərbaycan müharibəsi isə əks-effekt verərək, Ermənistan bu münaqişəni davam etdirdikcə və Azərbaycan ərazilərini işğal altında saxladıqca, daha da geriləmiş və inkişafdan geri qalmışdır. Vaxtilə müəyyən erməni qurumlarının yaratdığı avantüra nəticəsində bu gün bütün Ermənistanın əziyyət çəkməsi R.Mehdiyevin məqaləsində xüsusilə qeyd olunur. "Ermənistan rəhbərliyi və sadə ermənilər fikirləşməlidirlər ki, "Krunk" və "Qarabağ" komitələrinin psevdovətənpərvərləri öz xalqlarını mənasız avantüraya sövq etməsəydilər, Cənubi Qafqaz bu gün necə ola bilərdi. Mənasız müharibə, minlərlə məhv edilmiş insan həyatı, milyonlarla qaçqın, dağıntı, minalanmış ərazilər və sosial xərclər əvəzinə, hərbi xərclərdən başqa ermənilər heç nə əldə etmədilər".
Bir müddət bundan öncə, ABŞ-da həbs olunmuş erməni kriminal dəstəsinin fəaliyyəti və onun bir ucunun Ermənistan rəhbərliyinə qədər uzanması Ermənistan rəhbərliyinin də cinayətkar qruplaşmalardan ibarət olduğunu təsdiq edir. R.Mehdiyev də bu məsələni öz fikirlərində xüsusilə qabartmış və məhz bu cür əməllər altında erməni lobbisinin öz fəaliyyətini həyata keçirməsini nəzərə çatdırmışdır: "ABŞ-da həbs edilmiş əslən Ermənistandan olan böyük cinayətkar qrup yaşlıları və yoxsulları qarət edərək, oğurladıqları pulları seçki kampaniyasına dəstək pərdəsi altında korrupsiyalaşmış konqresmenlərin, senatorların satın alınmasına yönəltmiş, onların dili ilə Azərbaycan və regionda baş verən proseslər haqqında görünməmiş yalanlar yaymış və qara təbliğat aparmışlar".
Bəzən ABŞ-da və digər ölkələrdə olan erməni lobbisinin hansı maliyyə mənbəyinə söykənməsi barədə suallar yaranır və bunun son nəticədə çox qaranlıq mənbələrlə əlaqələndirilməsinin şahidi oluruq. Lakin görünür, onların cinayət törətməklə əldə etdikləri pulların miqdarı o qədər çox olub ki, nəhayət, onları tələyə salmaq mümkün olub. Budur erməni lobbisinin fəaliyyəti və öz yalanların dünyada tanıtmaq üçün əldə etdiyi pulların mənbəyi. Belə olan təqdirdə, hansı leqal lobbi fəaliyyətindən və yaxud leqal hakimiyyətdən söhbət gedə bilər?
Prezident Administrasiyasının rəhbəri, həmçinin, öz fikirlərində onu da nəzərə çatdırmışdır ki, bu gün Ermənistan bütün dünyadan təcrid olunmuş şəkildə mövcudluğunu davam etdirir: "Ermənistan bu gün tam təcrid olunmuşdur, nəqliyyat yolları və enerji ötürücülərindən kənarda qalmışdır. Bu ölkənin dənizə çıxışı yoxdur, sərhədlərinin böyük hissəsi qapalıdır. Ermənistanda əhalinin sayı durmadan azalır, ermənilər digər ölkələrə üz tuturlar. Bütün böyük müəssisələr artıq dövlətə məxsus deyil və dövlət borcunu ödəmək üçün satılmışlar. Ermənistan öz sərhədlərini müstəqil şəkildə qorumaq imkanına malik deyil". Ermənistan tutduğu işğalçılıq mövqeyi ilə ölkəni daxildən sarsıtmış və onun düzəldilməsini çətin bir vəziyyətə salmışdır. Qonşu dövlətlərlə sərhədlərinin bağlı olması Ermənistan dövlətini bütün regional layihələrdən kənarda qoymuş, onu bir sıra xarici himayədarların verdiyi ianələr hesabına yaşamasına sürükləmişdir. Odur ki, bu gün Ermənistanın düşdüyü ağır və acınacaqlı vəziyyət məhz bundan əvvəlki və indiki rəhbərliyinin səriştəsiz siyasətinin nəticəsidir.
Bu gün ermənilər Dağlıq Qarabağ münaqişəsinin xalqların öz müqəddəratını təyin etmək hüququna uyğun olaraq həll edilməsinin vacibliyini bütün dünyaya çatdırmaqla, Azərbaycan torpaqlarında daha bir erməni dövlətinin yaradılmasına çalışır. Lakin onlar bir şeyi anlamaq istəmirlər ki, bir xalqın bir neçə dövləti ola bilməz. Doğrudur, hər bir xalq öz müqəddəratını təyin etmək hüququna malikdir. Lakin ermənilər artıq bu imkandan istifadə edərək, tarixin müxtəlif dönəmlərində Azərbaycan ərazisində öz dövlətlərini qurmağa nail olmuşdur. Lakin ikinci belə bir halın baş verməsi yolverilməzdir. Onların bəhanə kimi göstərdikləri beynəlxalq normaların isə heç bir əhəmiyyəti yoxdur. R.Mehdiyev də öz məqaləsində bu məsələni şərh etmişdir: "Ermənilərin arqument bazası olduqca zəifdir, çünki tarixi hissədə, o, uydurmalara, saxtakarlığa və qeyri-elmi nəticələrə, hüquqi sahədə isə beynəlxalq hüququn müddəalarının özünəməxsus şərhinə əsaslanır".
Ermənilər Azərbaycan torpaqlarını işğal etməklə yanaşı, bu ərazilərdə olan tarixi, mədəni abidələri məhv etmiş, tarix boyu burada yaşamış türklərin izini silməyə çalışmışlar. Bu, özünü müxtəlif toponimlərin dəyişdirilməsində də göstərmişdir. Ermənilər bu gün Azərbaycan torpaqlarında tarixi abidələri bərpa etmək adı altında onların saxtalaşdırılması ilə məşğul olur. Bu məsələ Azərbaycan tərəfindən müxtəlif beynəlxalq təşkilatların iclaslarında qaldırılmış və bu sahədə müvafiq qətnamələrin qəbul edilməsinə nail olunmuşdur. Lakin ermənilər bu sənədlərə məhəl qoymadan öz mövqelərindən geri çəkilmək istəmirlər.
Prezident Adminstrasiyasının rəhbəri öz fikirlərində Ermənistan rəhbərliyinin apardığı siyasəti pisləyərək, onun əlində tutduğu beynəlxalq sənədlərin müddəalarının özbaşınalığa heç bir əsas vermədiyini bildirmişdir: "Ermənistan rəhbərləri başa düşməlidirlər ki, müasir dünyada ərazi məsələləri beynəlxalq hüquq əsasında həll olunur və tarixin saxtalaşdırılması, abidələrin dağıdılması digər ölkələrin ərazilərinin işğalına səbəb ola bilməz. Azərbaycan tərəfindən də dəstəklənən xalqların öz müqəddəratını təyin etmək hüququ özbaşınalığı və sərhədləri necə gəldi dəyişdirməyi nəzərdə tutmur".
R.Mehdiyevin də məqaləsindən göründüyü kimi, bu gün Ermənistan tərəfindən aparılan məqsədyönlü təbliğat yolverilməzdir və Azərbaycan tərəfindən bütün hüquqi əsaslarla qarşısı alınacaqdır. Heç bir sübutu olmayan və yalnız ermənilərin şəxsi təxəyyülü nəticəsində yaradılan tarixi faktları yalnız erməni xalqına qəbul etdirmək olar. Bu çərçivədən kənarda isə, bu, mümkün deyil. Görünür, ermənilər hələ də buna başa düşməyiblər və özlərinin yaratdıqları uydurma tarixi bütün dünyaya qəbul etdirmək niyyətindədirlər. Bu səbəbdəndir ki, bu gün Ermənistan xam xəyallara qapılaraq, dünyadan təcrid olunur və geri addımlayır. Bu geriləmənin qarşısını isə yalnız və yalnız onun işğalçı mövqedən geri çəkilməsi ala bilər.

Digər xəbərlər