Bahar Muradova:”Düşmən tərəf necə adlandırırsa adlandırsın, Ağdam elə Ağdam olaraq qalacaq"
"Dağlıq Qarabağdakı separatçı rejimin qərarı əsasında Ağdam şəhərinin"Akna" adlandırılması Ermənistanın başqasına məxsus olanları özününküləşdirmək siyasətinə sadiq qaldıqlarını sübüt etdi". Bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, Dağlıq Qarabağın seperatçı rejiminin başında dayananlar dünya tərəfindən qəbul olunmayan, tanınmayan bir rejimdir və onun qəbul etdiyi qərarlar heç də ciddiyə alınmır.
B.Muradovanın sözlərinə görə, Azərbaycan ərazisində hansısa bir bölgənin, kəndin, şəhərin adını dəyişdirmək yalnız ölkənin ali qanunverici və icra hakimiyyəti orqanının birgə təqdimatı ilə həllini tapan məsələdir.
"Ölkəmizə məxsus bir səlahiyyətin mənimsənilməsi məsuliyyət doğurur. Ona görə də düşünürəm ki, biz səlahiyyətimizi mənimsəyib, daha artıq cinayətlərə yol verən insanların cəzasını verəcəyik. Düşmən tərəf onu necə adlandırırsa adlandırsın, Ağdam elə Ağdam olaraq qalacaq. Qarabağa"Arsax" deyəndə Qarabağ bəyəm mahiyyətini dəyişir? Qoy, Ağdama da"Akna" desinlər. Bu onların nə dərəcədə həyasız olduqlarının göstəricisidir. Bir var ki, bu sözün heç olmasa tarixdə Ağdam adı ilə hər hansı bir bağlılığı olsun. O zaman bəlkə də Azərbaycandan kənar adamlar düşünə bilərdilər ki, bunu azərbaycanlılar Ağdam adlandırıb, amma vaxtilə ermənilər də"Akna" deyib. Elə ölkələr var ki, onlar özlərini başqa, biz isə onları başqa cür adlandırırıq. Ağdam isə həmişə Ağdam olub. Ona görə də Dağlıq Qarabağdakı rejimin bu kimi addımları azərbaycanlıları qıcıqlandrmaq məqsədilə etdiyi addım kimi dəyərləndirmək lazımdır", - deyə vitse-spiker vurğulayıb.
Bunun heç bir hüquqa, fakta söykənmədiyini dilə gətirən B. Muradova bildirib ki, bu addım bizi mövqeyimizdə daha qəti, kəskin və ardıcıl olmağımıza sövq edir:"Əgər bu tanınmış bir qurum olsaydı, onunla bağlı şikayət oluna bilərdi. Azərbaycanın tərkib hissəsi olduğuna görə, bunu seperatçı rejimin qərarı hesab edirik. Ərazi bütövlüyümüz təmin olunduqdan sonra həmin ərazilər öz adı ilə yaşamaqda davam edəcək".