"Diplomatik sahədə Ermənistan birmənalı şəkildə tam məğlubiyyətə doğru gedir"
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Bakinskiy raboçiy" qəzetinin 29 oktyabr tarixli nömrəsində dərc edilmiş "Gorus-2010: absurd teatr mövsümü" məqaləsində də yarımçıq təfəkkürlü Ermənistan hakimiyyəti rəhbərlərinin tarixi saxtalaşdırmaqla bağlı cəhdlərini elmi dəlillər və faktlarla alt-üst edir.
Akademik öz məqaləsində qeyd edir ki, Ermənistan rəhbərləri 3-cü reyx liderlərinin siyasətinə uyğun olaraq, öz xalqlarını fəlakətə doğru sürükləyir, tarixin acı dərslərindən nəticə çıxarmırlar. "Ermənistan rəhbərliyi və sadə ermənilər fikirləşməlidirlər ki, "Krunk" və "Qarabağ" komitələrinin psevdovətənpərvərləri öz xalqlarını mənasız avantüraya sövq etməsəydilər, Cənubi Qafqaz bu gün necə ola bilərdi?! Mənasız müharibə, minlərlə məhv edilmiş insan həyatı, milyonlarla qaçqın, dağıntı, minalanmış ərazilər və sosial xərclər əvəzinə, hərbi xərclərdən başqa ermənilər heç nə əldə etmədilər".
Yazıda vurğulanır ki, ABŞ-da həbs edilmiş əslən Ermənistandan olan böyük cinayətkar qrup yaşlıları və yoxsulları qarət edərək, oğurladıqları pulları seçki kampaniyasına dəstək pərdəsi altında korrupsiyalaşmış konqresmenlərin, senatorların satın alınmasına yönəltmiş, onların dili ilə Azərbaycan və regionda baş verən proseslər haqqında görünməmiş yalanlar yaymış və qara təbliğat aparmışlar. "Bu kriminal şəbəkənin bir ucu Ermənistanın ali rəhbərliyinə kimi uzanmışdır: qonşu ölkəyə qarşı təcavüz etməklə, onun ərazisini işğala məruz qoymaqla, etnik təmizləmə həyata keçirməklə, şəhər və kəndləri vəhşicəsinə dağıtmaqla Ermənistan, əslində, qalib gəlməmiş və məğlub olmuşdur. Diplomatik sahədə Ermənistan birmənalı şəkildə tam məğlubiyyətə doğru gedir".
Akademik qeyd edir ki, Ermənistan bu gün tam təcrid olunub, nəqliyyat yolları və enerji ötürücülərindən kənarda qalıb. Bu ölkənin dənizə çıxışı yoxdur, sərhədlərinin böyük hissəsi isə qapalıdır. Ermənistanda əhalinin sayı durmadan azalır, ermənilər digər ölkələrə üz tuturlar.
"Bütün böyük müəssisələr artıq dövlətə məxsus deyil və dövlət borcunu ödəmək üçün satılmışlar. Ermənistan öz sərhədlərini müstəqil şəkildə qorumaq imkanına malik deyil. Azərbaycanın beynəlxalq nüfuzunun, iqtisadi və hərbi gücünün artması fonunda, Ermənistan bütün üzvləri Azərbaycanla dost olan hərbi blokun arxasında gizlənməyə çalışır"- Ramiz Mehdiyev qeyd edir.
Müəllif məqaləsində, ermənilərin torpaq iddiaları ilə bağlı məqamlara da toxunaraq, təcavüzkar dövlətin tarixi saxtalaşdırmaq cəhdlərinə faktlarla sarsıdıcı zərbə vurur və onları alt-üst edir: "Ermənilər öz qonşularına qarşı ərazi iddialarını əsaslandırmaq üçün faktlarla heç bir əlaqəsi olmayan saxtalaşdırılmış tarix icad etmişlər. Başa düşəndə ki, müasir dünyada ərazi mübahisələri dar orta əsr təfəkkürü ilə deyil, beynəlxalq hüquq əsasında həll olunur, ermənilər öz ərazi iddialarını beynəlxalq qanunvericilikdə mövcud olan xalqların öz müqəddəratını təyinetmə hüququ ilə əlaqələndirməyə cəhd göstərmişlər".
Ramiz Mehdiyev ermənilərin arqument bazasının olduqca zəif olduğunu, tarixi müstəvidə, o, uydurmalara, saxtakarlığa və qeyri-elmi nəticələrə, hüquqi müstəvidə isə beynəlxalq hüququn müddəalarının özünəməxsus şərhinə əsaslandığını qeyd edir. "Ermənilər Azərbaycan ərazisi olan İrəvan xanlığında yüzlərlə toponimi dəyişdirmək və erməniləşdirməklə bu ərazilərdə yaşayan türklərin izini tarixdən silməyə çalışmışlar. Elmi rəvayətə tabe etdirmək və xarici siyasət məqsədlərinə xidmətə yönəltmək cəhdləri ilə erməni tarixçiləri ağlasığmazlığın bütün sərhədlərini aşmışdır".
Akademikin sözlərinə görə, erməni kilsəsi həmişə Azərbaycanın xristian abidələrini saxtalaşdırmağa çalışıb, alban əlyazmalarının və epiqrafiyasının məhv edilməsi bu siyasətin bir hissəsi olub. "Erməni tədqiqatçıları tarixi abidələri bərpa etmək adı altında onların saxtalaşdırılması ilə məşğul olmuş və hazırda Azərbaycanın işğal altında olan ərazilərində bu qeyri-qanuni fəaliyyəti davam etdirirlər. Mövcud olan bütün mənbələrdə, o cümlədən, Osmanlı arxivlərində Qarabağ erməniləri haqqında heç nə deyilmir və bütün sənədlər ermənilərin Qarabağa XVII-XIX əsrlərdə köçürüldüyünü sübut edir".
Ramiz Mehdiyev tarixi faktlara və sənədlərə əsaslanaraq, qeyd edir ki, 1828-ci ildə Rusiya imperatoru I Nikolay tərəfindən İrəvan və Naxçıvan xanlıqları ləğv edilib, həmin ərazilərdə erməni vilayəti yaradılıb. "1918-ci ildə müstəqilliyini elan etmiş ermənilərin siyasi mərkəzi olmamış və qədim Azərbaycan şəhəri olan İrəvan böyük dövlətlərin təzyiqi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ermənistana verilmişdir. Həmin vaxt 9,5 min kv/km ərazisi olan Ermənistan dövlətinin hazırda ərazisinin 29 min kv/km təşkil etməsi nəyin hesabına mümkün olmuşdur?"
Məqalədə, eyni zamanda, vurğulanır ki, Sumqayıt, Gəncə və Bakı hadisələri haqqında ağzıdolusu danışan ermənilər Qafan, Mehri, Əsgəran, Qukarkdakı hadisələr zamanı azərbaycanlıların qətlə yetirilməsini xatırlamamağa çalışır, Sumqayıt hadisələri zamanı ermənilərin öz soydaşlarını qətlə yetirmələri barədə susurlar.
"Ermənistanın siyasi tarixi, onu deməyə əsas verir ki, siyasətçilərin və ideoloqların səyi nəticəsində ermənilərin şüuru azərbaycanlılara və türklərə qarşı nifrətlə doldurulub. Ermənistan rəhbərləri başa düşməlidirlər ki, müasir dünyada ərazi məsələləri beynəlxalq hüquq əsasında həll olunur və tarixin saxtalaşdırılması, abidələrin dağıdılması digər ölkələrin ərazilərinin işğalına əsas ola bilməz".
Akademik Ramiz Mehdiyevin bu məqaləsi Ermənistanın bütün siyasətini və ermənilərin iç üzünü yığcam şəkildə və arqumentlərə əsaslanmış formada ifşa edir. Son vaxtlar bu həqiqətlərin dünya miqyasında ortaya qoyulması işğalçı ölkənin artıq informasiya və təbliğat müharibəsini uduzduğunu sübut edir. Ramiz Mehdiyevin bu yazısının müxtəlif dillərə çevrilməsi dünya mediasına və internet məkanına ötürülməsi işi bizim üzərimizə düşür.