“Azərbaycanda seçki prosesi daim təkmilləşdirilir..."
Seçki prosesində hər hansı bir qanun pozuntusu və çatışmazlığın olması təbiidir. Əsas bu halların seçkinin ümumi nəticəsinə təsir göstərməməsidir. Bu haqda Prezident Adminstrasiyasının İctimai-Siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ATƏT-in seçkini izləmək üçün ölkəmizə gəlmiş müşahidəçilərinin yaydığı aralıq hesabata münasibətində deyib. Ə.Həsənov hesab edir ki, yayılan sənəddə haqlı məqamlar olsa da, düzgün təqdim edilməyən bəzi nüanslara da rast gəlinir.
"Hesabatda bizə qane edən və etməyən məsələlər var. İndi buna təfsilatı ilə toxunmağa ehtiyac yoxdur. Amma bəzi məsələlər var ki, onlar aydınlaşdırma tələb edir. Onların qarşısında fakt qoymağa ehtiyac var. Bütövlükdə qeydə alınma və təbliğata qədərki mərhələdə onları qane etməyən məsələlərə toxunulub. O cümlədən hakimiyyətin izahatı verilib",- deyə o bildirib.
Öncəki görüşdə hansısa etiraz doğuran məqam olduğunu bildirən Əli Həsənov müşahidə missiyasını 3 əsas məsələnin maraqlandırdığını deyib: "Seçicilərin seçkidə azad iştirak, azad şəkildə öz ifadələrini ifadə etmək azadlığı, sonra azad yarış və namizədi seçmək imkanları. Siyasi mübarizə imkanları seçkinin nəticələrinin legitim şəkildə sənədləşməsi və qanuni şəkildə elan olunmasıdır".
Əli Həsənov qeyd edib ki, müşahidəçilər daha çox seçki prosesində müddətlərin qısaldılmasından narazılıq edir. Amma Azərbaycanda seçki prosesi 1995-ci ildən etibarən şəraitə uyğun formada təkmilləşdirilir və bu zaman Qərb dövlətlərinin təcrübəsindən istifadə olunur.
Əli Həsənov hesab edir ki, namizədlərin iştiraki ilə canlı teledebatlar keçirməyə ehtiyac yoxdur. "Azərbaycanda parlament seçkiləri keçirilir və deputatlar öz dairələrində təbliğat aparmalıdır. Bütün respublika ərazisində yayımlanan televiziyalarda şou düzəltməyə ehtiyac yoxdur",- deyə Əli Həsənov bildirib.
Ümumiyyətlə, Azərbaycanda hər seçkinin öncəkindən daha demokratik, daha şəffaf keçdiyi beynəlxalq təşkilatlar və müşahidəçilər tərəfindən hər zaman qeyd olunur. Ölkəmizdə bütün siyasi qüvvələr, müstəqil namizədlər heç bir maneə olmadan azad şəkildə öz siyasi fəaliyyətlərini davam etdirir, seçki təbliğatını aparır, müxtəlif tədbirlər keçirir, televiziya və mətbuatda çıxışlar edirlər. İctimai televiziyada isə bütün namizədlərə bərabər şəkildə vaxt ayrılıb.
Lakin təbiidir ki, bu sahədə müəyyən nöqsanların və çatışmazlıqların olması da mümkündür. Belə hallar müvafiq təşkilatlar tərəfindən aşkar edildikdə lazımi tədbirlər görülür. Əgər kiminsə hüquqları pozulursa, o zaman həmin şəxsin məhkəməyə, Mərkəzi Seçki Komissiyasına müraciət etmək hüququ var. Bu orqanlar vətəndaşların şikayətlərin araşdırır və hüquqlarını qoruyur.
Azərbaycanda seçki qanunvericiliyi növbəti dəfə təkmilləşdiriləndən və seçki prosesinin demokratik prinsiplərə daha da uyğunlaşdırılması üçün həyata keçirilən tədbirlərdən sonra inamla demək olar ki, builki parlament seçkiləri ölkədə keçirilmiş öncəki seçkilərdən daha yüksək səviyyədə və demokratik prinsiplər şəraitində keçiriləcək.
Hazırki Seçki Məcəlləsinə uyğun olaraq, bu günədək keçirilən prezident, parlament və bələdiyyə seçkiləri haqqında beynəlxalq təşkilatların verdikləri müqayisəli təhlillərə diqqət yetirsək, belə qənəatə gəmək olar ki, Azərbaycan hakimiyyəti seçkilərin demokratik və dünya standartlarına uyğun keçirilməsi üçün siyasi iradə və əzm nümayiş etdirir. Ölkəmiz demokratik seçki keçirməyə qadirdir və bu əvvəlki seçkilərdə də öz təsdiqini tapıb.
Demokratik seçkiləri sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi inkişafının əsası kimi dəyərləndirən sərəncamda öz əksini tapan müddəalardan biri də qanunsuz müdaxilələrə yol verilməməsi, belə hallar aşkarlanarsa, həmin şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasıdır.
Ötən parlament seçkiləri zamanı bir neçə dairədə seçkilərin nəticələrinin ləğv olunması, bəzi rayonların icra başçılarının seçkilərə qanunsuz müdaxiləyə yol verdiklərinə görə tutduqları vəzifədən azad edilməsi beynəlxalq təşkilatlar tərəfindən də təqdir olundu. Dövlət rəsmiləri öz çıxışlarında dəfələrlə bildiriblər ki, Azərbaycan hakimiyyətinin əsas niyyəti seçkilərin demokratik, azad və ədalətli keçirilməsinə nail olmaqdır.
Azərbaycan hakimiyyətinin ölkədə seçkilərin demokratik keçirilməsi üçün ciddi səylər göstərdiyini beynəlxalq təşkilatların və dövlətlərin müşahidə missiyaları da qeyd edirlər.
Azərbaycan demokratik inkişafda yeni mərhələyə qədəm qoyub. Bu günədək keçirilən seçkilərdə həmişə xalqın iradəsinə üstünlük verilib. Qarşıdan gələn parlament seçkisində də bu amilin üstün tutulacağı şübhəsizdir. Çünki getdikcə ölkəmiz demokratik islahatları daha əzmlə həyata keçirir. Azərbaycan xalqı öz gələcəyini, öz taleyini və öz tarixinin yeni dövrünü yazmaq üçün noyabrın 7-də seçki məntəqələrinə gedəcək.