Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, dördüncü çağırış Milli Məclisə Xəzər rayonundan deputatlığa namizəd Mehriban xanım Əliyeva seçicilərlə görüşlərini davam etdirir.
Mehriban Əliyevanın Şüvəlana göstərdiyi diqqət və qayğı sayəsində qəsəbə son illər həm simasını dəyişmiş, həm də yeni inşa olunan sosial-mədəni obyektlər ilə xeyli zənginləşmişdir. Heydər Əliyev Fondunun prezidenti tez-tez qəsəbədə olur, sakinlərin arzu və istəkləri, problemləri, görüşlərdə qaldırılan məsələlərin həlli ilə yaxından maraqlanır. Bu dəfə də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qəsəbəyə gəlişinin məqsədi burada yaşayanların arzu və istəkləri ilə maraqlanmaq, problemlərin həllinə kömək göstərmək idi. Şüvəlan qəsəbə mədəniyyət evində keçirilən görüşdə seçicilər Mehriban Əliyevanı hərarətlə qarşılamışlar.
Xəzər rayonunda geniş abadlıq-quruculuq işlərinin getdiyini diqqətə çatdıran Mehriban xanım demişdir ki, qazanılan uğurlar göz qabağındadır. Bu illər ərzində biz sizinlə görüşürük. Bütün problemləri birlikdə müzakirə edirik, onların həlli yollarını axtarırıq və aradan qaldırmağa çalışırıq. Çox sevindirici haldır ki, ötən beş il ərzində Xəzər rayonunda 16 yeni məktəb binası tikilmiş və ya təmir olunmuşdur. Dörd park, altı bağça, xəstəxanalar, poliklinikalar, dörd mədəniyyət evi, tibb mərkəzləri, görülmüş abadlıq-quruculuq işlərinin əyani təsdiqidir. Bu istiqamətdə işlər davam etdirilir. Ağsaqqalların təşəbbüsü ilə Xəzər Rayon İnkişaf Fondunun yaradıldığını söyləyən Mehriban xanım, qurumun Heydər Əliyev Fondu ilə çox sıx əməkdaşlıq etdiyini, rayonun həyatında fəal rol oynadığını vurğulamışdır. Heydər Əliyev Fondunun prezidenti demişdir ki, mən hər zaman çalışıram ki, gündəlik həyatda olan problemləri həll edək, kiməsə yardım lazımdırsa, nəyəsə ehtiyacı varsa, onları təmin edək. Əlbəttə, problemlər hələ də vardır. Əminəm ki, qarşıdakı dövrdə bütün problemlər həllini tapacaqdır. Bu gün Azərbaycanda məktəblərin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Mehriban xanım Əliyeva bildirmişdir ki, ölkəmizdə, eləcə də Xəzər rayonunda yeni inşa olunan təhsil müəssisələri ən müasir standartlara cavab verir.
Mehriban xanım demişdir: Biz birlikdə çalışmalıyıq ki, bütün problemləri çox qısa bir zamanda həll edək. Əhalinin yaşayış səviyyəsi daha da yaxşı olsun. Yeni iş yerləri, yeni müəssisələr açılsın. Su, qaz, elektrik təminatı daha da yaxşılaşsın. Ümidvaram ki, biz bütün problemləri birlikdə həll edəcəyik. Mən sizə minnətdarlığımı bildirmək istəyirəm. Çünki ötən beş ildə daim sizin diqqətinizi, qayğınızı və dəstəyinizi hiss etmişəm və bu da mənə işləməyə güc vermişdir.
Qəsəbə sakini Sevil Haşımova Mehriban xanımın təşəbbüsü ilə qəsəbədə görülən işlərin minlərlə ailəyə sevinc gətirdiyini, sakinlər tərəfindən böyük rəğbətlə qarşılandığını demişdir. O bildirmişdir ki, son illər qəsəbəmizin siması tamamilə dəyişmiş, insanların rahatlığı üçün hər cür şərait yaradılmışdır. Mehriban xanımın indiyə qədər gördüyü işləri minnətdarlıqla xatırladan S.Haşımova demişdir ki, sizin kimi deputatımızın olması bizim üçün çox böyük xoşbəxtlikdir.
Sakin Bahar Əkbərova isə Mehriban xanımın deputatlıq fəaliyyətinin beş ili ərzində görülən işlərin gündən-günə abadlaşıb gözəlləşən Şüvəlanın simasında təzahür etdiyini söylədi. O, qəsəbənin problemlərinin aradan qaldırılmasında göstərdiyi köməyə görə Mehriban xanıma minnətdarlıq etmiş, qarşıdakı parlament seçkilərində ona uğurlar arzulamışdır. Xoş sözlərə görə minnətdarlığını bildirən Mehriban xanım Əliyeva onun ən səmimi salamlarını bütün seçicilərə çatdırmağı xahiş etmişdir. Hər görüşündə qəsəbə sakinlərinin diqqət və qayğısını hiss etdiyini deyən Mehriban xanım demişdir: Sizin sözləriniz mənim üçün çox dəyərlidir. Doğrudan da, bu beş il ərzində mən bunu hiss etmişəm. Hər görüşdə, hər dəfə ünsiyyətdə olanda mən bu sevgini, məhəbbəti hiss edirəm. Bu, mənə güc verir. Mən imkan dairəsində çalışmışam ki, bacardığımı edim.
Təhsilin cəmiyyətimizdə böyük rolunu vurğulayan Mehriban xanım bildirmişdir ki, son illər məktəblərin təmiri üçün böyük işlər görülmüşdür. Bir il ərzində rayondakı qalan bütün məktəblər də təmir olunacaqdır. Məktəblərin maddi-texniki bazasının yaxşılaşdığını diqqətə çatdıran Heydər Əliyev Fondunun prezidenti demişdir ki, biz gərək təhsilin keyfiyyəti haqqında düşünək. Bu tamamilə yeni bir məqsəddir. Yəni, bütün məktəblərdə kompyuter olmalıdır. Bütün məktəblərdə müasir təhsil üçün nə lazımdırsa hamısı olmalıdır.
Azərbaycanın bütün bölgələrində geniş abadlıq-quruculuq işlərinin aparıldığını deyən Mehriban xanım rayon mərkəzlərində gedən inkişafın paytaxt Bakıdan geri qalmadığını diqqətə çatdırmışdır. Bunların hamısı yalnız sizin dəstəyinizlə olan işlərdir. Ona görə, bir daha mən Sizə öz minnətdarlığımı bildirirəm və əmin etmək istəyirəm ki, gələcəkdə də əlimdən gələni edəcəyəm. Ümidvaram ki, biz bütün imkanlarımızı, gücümüzü səfərbərliyə alıb qalan problemləri də birlikdə həll edəcəyik.
* * *
Zirə qəsəbə nümayəndəliyinin qarşısında keçən görüşdə seçicilər Mehriban xanımı hərarətlə qarşıladılar.
Seçiciləri ürəkdən salamlayan Heydər Əliyev Fondunun prezidenti onları yenidən görməkdən şad olduğunu söylədi. Mehriban xanım dedi ki, burada gördüyüm hər şey məni çox sevindirir. Zirə qəsəbəsində çox gözəl, təmiz, geniş küçələr, parklar yaradılıbdır. Ümumiyyətlə, Xəzər rayonunda gedən bütün abadlıq, quruculuq işləri göz qabağındadır.
Seçiciləri ilə əvvəlki görüşlərini xatırladan Mehriban xanım Xəzər rayonunda təhsil, səhiyyə, infrastruktur məsələlərinin hər zaman diqqət mərkəzində saxlanıldığını, problemlərin həllini tapdığını vurğuladı. Mehriban xanım Əliyeva dedi ki, ötən beş il ərzində Xəzər rayonunda 16 məktəb yenidən qurulmuşdur. Parklar, mədəniyyət evləri, şadlıq sarayları, poliklinikalar, xəstəxanalar, internat məktəbləri, tədris mərkəzləri, mədəniyyət evləri istifadəyə verilmişdir. Bütün bu işlər, əlbəttə, məni çox sevindirir.
Xəzər Rayon İnkişaf Fondunun Heydər Əliyev Fondu ilə birlikdə Zirə qəsəbəsində bir sıra layihələr həyata keçirdiyini söyləyən Mehriban xanım dedi ki, Bakı kəndlərinin sosialyönümlü problemlərinin həlli hər zaman diqqət mərkəzindədir. Qəsəbələrin içməli su, təbii qaz, elektrik enerjisi ilə təminatı yaxşılaşır. Əlbəttə, problemlər də mövcuddur. Arzum odur ki, bu problemlər çox qısa bir zamanda öz həllini tapsın. Yeni iş yerləri açılsın, yeni müəssisələr fəaliyyətə başlasın, əhalinin həyat səviyyəsi daha da yaxşılaşsın. Əminəm ki, biz buna hökmən nail olacağıq.
Heydər Əliyev Fondunun prezidenti uşaqların keyfiyyətli təhsilə yiyələnmələrinin vacibliyini diqqətə çatdıraraq, bu sahədə işlərin davam etdiriləcəyini söylədi. Bu yaxınlarda Zirədəki Nüsrət Yaqubov adına 120 nömrəli orta məktəbin binasını Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən təmir edəcəyik. Bu gün məktəblərin maddi-texniki bazası gücləndirilir. Hazırda Xəzər rayonunda təmirsiz olan 2-3 məktəb də bu yaxınlarda əsaslı təmir olunacaqdır. Artıq demək olar ki, məktəblərin yenidən qurulması işlərini başa çatdırmışıq. Növbəti mərhələdə biz artıq təhsilin keyfiyyətinin yüksəldilməsi üzərində fikirləşməliyik. Təhsilin keyfiyyətini dünya standartlarına çatdırmalıyıq. Bütün məktəblərdə kompyuter olmalıdır. Uşaqlar xarici dilləri yaxşı öyrənməlidirlər. Yəni, bunlar yaxın gələcək üçün qarşımıza qoyduğumuz vəzifələrdir.
Mehriban xanım seçicilərin hər zaman ona dəstək olduqları üçün təşəkkür edərək dedi: Mən bu gün sizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki bütün işlərdə mən hər zaman sizin dəstəyinizi hiss etmişəm. Bu da mənə güc vermişdir. Əldə edilən bütün qələbələr, uğurlar bizim birgə qələbələrimizdir. Mən inanıram ki, mövcud problemləri də biz bütün imkanlarımızı, gücümüzü səfərbər edərək aradan qaldıracağıq. Beləliklə, qəsəbəniz bundan da gözəl olacaqdır. Mehriban xanım qəsəbə sakinlərini narahat edən problemlərlə maraqlandı, onların həllinə yardım etməyi çalışacağını bildirdi. Qəsəbə sakini Tamilla Məmmədova Mehriban Əliyevanın fəaliyyətinin yüksək qiymətləndirildiyini söylədi, onlara göstərilən diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirdi.
Sonda Mehriban xanım Əliyeva seçiciləri ilə xatirə şəkli çəkdirdi.
* * *
Zirəyə hər gəlişində Mehriban Əliyeva bu qəsəbənin ən qocaman sakinlərindən biri olan Badam Bədəlova ilə görüşür. Qəsəbəyə bu gəlişdə də Mehriban xanım Badam nənənin qonağı oldu.
Mehriban Əliyeva və Badam nənə çay süfrəsi arxasında səmimi söhbət etdilər. Mehriban xanımı növbəti dəfə Zirə qəsəbəsində görməkdən şad olduğunu bildirən Badam nənə ona cansağlığı və fəaliyyətində daha böyük uğurlar arzuladı.