PDF Oxu

Əsas

  • 11

Rus icmasının seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər

Rus icmasının seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər
Dünən YAP Binəqədi rayon təşkilatının qərargahında 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Oqtay Əsədovun rus icması ilə görüşü keçirildi.
Tədbiri giriş sözü ilə YAP  Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov açaraq, respublikanın ictimai-siyasi həyatında canlanmanın yaşanıldığını bildirdi. Milli Məclisə seçkilər gününə az bir zamanın qaldığını bildirən təşkilatın sədri respublikanın bütün ərazilərində təbliğat-təşviqat kampaniyası ilə bağlı tədbirlərin keçirildiyini iştirakçıların diqqətinə çatdırdı. Qeyd etdi ki, Yeni Azərbaycan Partiyası tərəfindən Oqtay Əsədov namizədliyinin bizim dairədən irəli sürülməsi Binəqədi rayon ərazisi seçiciləri üçün böyük bir xoşbəxtlik kimi qiymətləndirilə bilər: "O, təkcə bizim dairənin deyil, bütövlükdə, rayon ərazisinin seçicilərinin problemlərinin həllində, eləcə də, rayonun sosial vəziyyətinin yaxşılaşdırılmasında böyük töhfələr verə biləcək bir nümayəndədir. Onun bu günə qədər olan səriştəliyi, təcrübəsi, dövlət səviyyəsində fəaliyyəti onu təsdiqləyir ki, bir xalq elçisi kimi seçicilərinin etimadını qazanacaq, eləcə də, onlarla mütəmadi olaraq, təmas yaranacaqdır. Mən dairənin bütün seçicilərini məhz Oqtay Əsədov kimi bir şəxsə səs verməyə çağırıram. İnanıram ki, yüksək səs göstəricisi ilə, o, seçicilərinin etimadını qazanacaqdır. 7 noyabrda hər kəsi, Azərbaycanın bizə verdiyi seçmək hüququndan istifadə edərək   məhz, Oqtay Əsədova səs verməyə çağırıram".
 Görüşdə çıxış edən Azərbaycan rus icmasının sədri Mixail Yuryeviç Zabelin seçicilər qarşısında çıxış edərək, Oqtay Əsədovun rus icmasının seçiciləri ilə görüşündən məmnun olacağını bildirsə də, təəssüflər olsun ki, xaricdən gələn rəsmi qonaqları olduğundan onların görüşünə gələ bilmədiyini bildirərək, namizədin gününün hər zaman belə görüşlərlə, rəsmi səfərlərlə zəngin olduğunu diqqətə çatdırdı. Mixail Zabelin rus icmasının seçicilərinə ötən əsrin son illərində baş verən ictimai-siyasi prosesləri diqqətə çatdırdı: "O illər dövlətin çox ağır bir zamanı idi. Xalq cəbhəsinin hakimiyyətindəki səriştəsizlik, özbaşınalıq əhalini iflic bir vəziyyətə salmış, dövləti parçalamaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdur. Heydər Əliyev simasına olan etimad, Ona edilən müraciət Azərbaycanı bu vəziyyətdən çıxmağa yol açdı. Heydər Əliyevin qayıdışı Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin bərpasına, burada yaşayan rus millətindən olan nümayəndələrə böyük imkanlar yaratdı. Etiraf edək ki, o illərdə çoxları Azərbaycanı tərk etmək iqtidarında idi. Onu da deyim ki, Oqtay Əsədovun da bu münasibətlərin formalaşmasında rolu müstəsnadır. Azərbaycanın çətin zamanında Oqtay Əsədov səlahiyyətli nümayəndə olaraq, müharibə gedən ərazilərə, Şuşaya hərbçilərə aparılan yardımın təşəbbüskarı idi. Ərzaq, isti geyimlərlə onların təchizi olunmasına birbaşa vasitəçisi və iştirakçı idi. Çox müdrik və uzaqgörən insan olduğundan xalq arasında nüfuz sahibidir. Onun ictimai fəaliyyətini nəzərə alaraq, Azərbaycan Prezidenti böyük etimad göstərərək, parlamentə sədr vəzifəsinə irəli çəkmişdir".
Görüşdə çıxış edən namizədin vəkili Firudin İbrahimov onun səlahiyyətli nümayəndəsi kimi hər kəsi öz qəlbinin səsinə qulaq asaraq, haqqa və ədalətə səs verməyə çağırdı.
Çıxışlardan sonra rus icmasının seçiciləri ilə onun vəkilləri arasında diskussiya xarakterli münasibət yarandı. Rus icmasının seçiciləri Bayquzino Elmira, Tatyana Musadova, İrina Pavlova və başqaları çıxış edərək, Oqtay Əsədov kimi bir namizədin onların ərazisindən namizədliyinin irəli sürülməsini çox böyük sevinclə qarşıladıqlarını bildirərək, hər kəsin öz iradəsinin əksi olaraq 7 noyabrda Oqtay Əsədova səs verəcəklərini bildirdilər.

Digər xəbərlər