PDF Oxu

Əsas

  • 23

Azad və demokratik seçkilərə doğru

Azad və demokratik seçkilərə doğru

Noyabrın 7-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq "Səs" qəzetinin deputatlığa namizədlər arasında ödənişli əsaslarla debatlar təşkil etməsi ictimai-siyasi proseslərdə maraq doğuran mövzuya çevrilib. Bunu redaksiyamıza ünvanlanan məktublardan və telefon zənglərindən də görmək mümkündür. Qəzetin keçirdiyi növbəti dəyirmi masa da maraq doğuran və diqqətə səbəb olan məsələlərin müzakirəsi ilə müşayiət olundu.
Budəfəki dəyirmi masada YAP tərəfindən 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Rasim Nəbiyev, 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Zəlimxan Məmmədli, 94 saylı Bərdə kənd seçki dairəsindən deputatlığa namizəd Gövhər Baxşəliyeva, 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Əli Əliyev, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən deputatlığa namizəd Nəsimi Məmmədli, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Tahir Süleymanovun səlahiyyətli nümayəndəsi Aydın Tağıyev iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin şöbə müdiri İlham Əliyev hüquqi, demokratik dövlət quruculuğunda seçkilərin əhəmiyyətindən danışıb. Onu da qeyd edib ki, bütün taleyüklü tədbirlərdə olduğu kimi, 7 noyabr parlament seçkilərində də "Səs" qəzeti ümumi maraqları ifadə edən məsələlərin müzakirəsinə üstünlük verib. Şöbə müdiri bununla seçicilərə maarifləndirici xarakterli məlumatların çatdırılacağına ümid bəslədiklərini söyləyib.
İ. Əliyev dəyirmi masa iştirakçılarına seçki ilə bağlı müzakirələrin və diskussiyaların aparılmasının vacibliyini qeyd edib.

Rasim Nəbiyev:
- Ölkəmizdə cəmiyyətin bütün təbəqələri arasında 7 noyabr parlament seçkiləri ilə bağlı yüksək fəallıq müşahidə olunmaqdadır. Bu da insanların ölkədə gedən ictimai-siyasi proseslərə maraqlarının böyük olması ilə bağlıdır. Hesab edirəm ki, seçkilər azad və demokratik şəraitdə yüksək seçici fəallığı ilə başa çatacaq. Hazırkı proseslərdə, düşünmürəm ki, hansısa namizədə qarşı süni əngəllər, problemlər yaradılsın. Əgər belə hallar varsa, bu, yalnız müxalifət düşərgəsində bir-birinə qarşı rəqib olan deputatlığa namizədlər arasında baş verir.

"Səs" qəzetinin əməkdaşı:

- Zəlimxan bəy, sizin təbliğat-təşviqat kampaniyanız necə gedir? Bu prosesdə hər hansı bir maneə ilə rastlaşmısınızmı?

Zəlimxan Məmmədli:
- Təbii ki, seçkilərin demokratik keçməsində hər zaman maraqlı olmuşuq. 2005-ci ilin parlament seçkiləri ilə müqayisədə bu dəfə müəyyən dəyişiklik görürəm. Birinci mərhələni uğurlu hesab etmək olar. Heç bir qanun pozuntusuna rast gəlinməyib. Təbliğat-təşviqat prosesində yerlərin müəyyənləşdirilməsi ilə əlaqədar müəyyən problemlər var və buna görə də, müəyyən təmas imkanları məhdudlaşır. Hakim partiyanın namizədinə yerli icra hakimiyyətlərinin müdaxilə imkanları olub. Bu cür epizodların qarşısını almağa nail olmuşuq. Seçkilərin daha azad və demokratik templə getməsini hər birimiz arzulayırıq. Çünki xalqın iradəsi bunu istəyir.

"Səs" qəzetinin əməkdaşı:
- Gövhər xanım, bu günlərdə bəzi namizədlər tərəfindən populist çıxışlar edilir, yalançı vədlər verilir. Sizcə, bu yolla seçici rəğbəti qazanmaq mümkündür?

Gövhər Baxşəliyeva:
- Hesab edirəm ki, bu gün Azərbaycan cəmiyyəti artıq elə bir vəziyyətdədir ki, namizədlərin populist çıxışlarına inanmır. Çünki boş- boş çıxışlarla heç nə əldə etmək olmaz. Cəmiyyətimiz artıq kifayət qədər inkişaf edib. İnsanlara real vədlər vermək, doğru söz danışmaq lazımdır. İnsanları boş-boş sözlərlə aldatmaq olmaz. Xalqın istəyi inkişaf, problemlərin tədricən həll olunmasıdır. Bu istiqamətdə də dövlətimiz böyük işlər görür. Həm cənab Prezidentimiz, həm onun ətrafında olan insanlar Azərbaycanda çox böyük işlər görürlər. Millət vəkilinin isə vəzifəsi hər hansı problemi aidiyyətı qurumlar qarşısında qaldırmaqdan ibarətdir. Namizədliyimi verdiyim 94 saylı Bərdə kənd seçki dairəsinə 63 kənd daxildir və bu kəndlərin 50-dən çoxunda məktəb var. Mən bütün bu məktəblərin hamısını gəzmişəm. Bildiyimiz kimi, kənd məktəbləri bərbad vəziyyətdə idi. Millət vəkilinin vəzifəsi odur ki, bütün bunları aidiyyətı qurumlara bildirsin. Təbiidir ki, bu problemlə bağlı həm dövlət qarşısında, həm də təhsil naziri Misir Mərdanov qarşısında tam ətraflı məlumat verildi. Mənim dairəmdə son beş il ərzində bir çox böyük məktəblər tikildi. Bərdədə Zərifə Əliyeva adına çox müasir təhsil kompleksi tikilibdir. Hələ ki, bu cür müasir təhsil kompleksinə malik olan ikinci bir məktəbə rast gəlməmişəm. Bərdənin 7 kəndində yeni tipli məktəb tikilib. Bu, artıq irəliləyişdir. Məktəbdən əlavə, suvarma suyuna böyük ehtiyac var. Sərsəng su anbarının ermənilər tərəfindən işğalı nəticəsində bəzi kəndlər susuz qalıb. Yeganə yol artezian quyularının qurulmasıdır. Mənim beş il ərzində bu və digər problemləri aidiyyətı dövlət qurumlarına çatdırmağım, Əhməd Əhmədzadə ilə bilavasitə iş aparmağım sayəsində 40-a qədər artezian quyusu qazılıb. Amma bu quyular yenə də azlıq təşkil edir. Çünki hər kənddə ən azı beş-altı ya da yeddi quyu olmalıdır. İnsanlara yalan vəd vermək lazım deyil. 5 il bu artezian suvarma sularının bərpası ilə məşğul olmuşam. Tədricən bu yolla insanların problemlərinin həlli ilə məşğul olmuşam.

"Səs" qəzetinin əməkdaşı:
- Əli bəy, eyni düşərgəni bölüşdüyünüz deputatlığa namizədlərin bir-birinə qarşı ittihamlar irəli sürmələri adi hala çevrilib. Sizin də hədəfə çevrilən namizədlər sırasında olmanız nə ilə bağlıdır?
Əli Əliyev:
- Mən son illər hakimiyyətin atdığı addımların əleyhinə olmuşam, seçkilərin heç birinin nəticəsini tanımamışam. Sadəcə olaraq, siyasi proseslərə yanaşmam ondan ibarətdir ki, ölkənin maraqlarını qoruyum. Ümummilli məsələlərdə müxalifətçilər başa düşülməyən mövqe ifadə edirlər, hətta ermənilərlə saziş belə imzalamaqdan çəkinmirlər. Bu, milli maraqların ziddinə olan mövqedir. Bu mövqe ilə heç bir vətəndaş barışmamalıdır. Hər bir siyasətçinin arxasında onun vətəndaşlıq mövqeyi durmalıdır. Bu hakimiyyətin etdiyi müsbət işləri qiymətləndirirəm, amma müxalifətin işi deyil ki, onları tərifləsin. Bütün dünyada müxalifətin vəzifəsi hakimiyyətin çatışmazlığını dilə gətirmək, səhvlərindən çəkindirməkdir. Yəni demokratiyanın da qiyməti ondadır ki, hakimiyyət nələri isə edir və müxalifət də onu təqib edir. İnkişaf etmiş ölkələrdə "kölgə kabineti" deyilən bir institut var. Bu kabinet büdcə tərəfindən maliyyələşdirilir və müxalifət partiyalarının konkret sahələr üzrə kölgə nazirləri fəaliyyət göstərir. Hökumət özü də maraqlıdır ki, belə siyasi münasibətlər formalaşsın. Dövlətin gücü məhz siyasi sistemin inkişafındadır.

Güclü dövlətin müxalifəti də güclü olur. Azərbaycan hökuməti öz yürütdüyü ölkədaxili siyasətlə yanaşı, siyasi institutların inkişafına da təkan verməlidir. Müxalifəti əzmək yox, inkişaf etdirmək lazımdır. Hesab edirəm ki, siyasi fəaliyyətimin də məqsədi ondadır ki, Azərbaycanda normal siyasi münasibətlər formalaşsın, müxalifət və iqtidar arasında olan münasibətlər formalaşsın. Bu, Azərbaycan dövlətçiliyinin inkişafına xidmət edən faktorlardır. Təəssüflər ki, bir sıra iqtisadi maraqlar, Azərbaycanın böyük neft resurslarına malik olması hakimiyyətdəki bəzi qara qüvvələrin düşmənçilik münasibətlərinin stimullaşdırılmasına gətirib çıxarır. Nəticədə Azərbaycan dövləti özü zərbə alır. Bu münasibətlərin yumşaldılması, ilk növbədə, hakimiyyətin üzərinə düşən vəzifədir. Siyasi fəaliyyətimin məqsədi kimlərinsə mövqeyi ilə çıxış etmək deyil. Məqsədim odur ki, müxalifətdə və ya hakimiyyətdə olmasından asılı olmayaraq, səhv edən hər kəs tənqid olunmalıdır. Müxalifətin də kifayət qədər səhvləri var.

"Səs" qəzetinin əməkdaşı:
- Nəsimi bəy, sizin də seçki təbliğatı kampaniyası ilə bağlı fikirlərinizi öyrənmək maraqlı olardı.

Nəsimi Məmmədli:

- Məni bu tədbirə dəvət etdiyiniz üçün sizə təşəkkür edirəm. Mən "Qarabağ" seçki blokundan namizədliyimi irəli sürmüşəm. Hazırda "Ümid" Partiyası icra aparatının rəhbəriyəm və 20 ildir ki, ictimai-siyasi fəaliyyətlə məşğul oluram. Bizim ən mühüm uğurumuz dövlət müstəqilliyini əldə etməyimizdir. Bu, hər bir azərbaycanlının uğurudur. Hər birimizin qarşısında ikinci bir mühüm mərhələ dayanır: ölkəmizin demokratik inkişaf etməsi, insanların təhlükəsiz yaşaması üçün mübarizə aparmaq və Dağlıq Qarabağı işğaldan azad edib, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək. Bu dəyirmi masada bir-birimizə rəqib olmadığımız üçün bir-birimizə opponentlik etmirik. Ümumi baxışlar daha obyektiv formada ifadə olunur. Bu gün cəmiyyətimizin nəhəng problemlərindən biri Dağlıq Qarabağ problemidir. Bu problemin həlli Azərbaycanda siyasi statusundan, iqtidar, ya da müxalifət olmasından asılı olmayaraq, hər kəsin problemidir. Son zamanlar görünür ki, bu mövzu ilə bağlı iqtidarla müxalifət arasında elə bir fikir ayrılığı yoxdur. Hər kəs Dağlıq Qarabağın sülh yaxud da, müharibə yolu ilə həll olunmasının tərəfdarıdır. Hər kəs Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istəyir. Biz də bir vətəndaş kimi, həm beynəlxalq təşkilatların nümayəndələri ilə, həm də özümüzün vətəndaşlarımızla görüşlərdə, ayrı-ayrı ictimai-siyasi layihələr həyata keçirilən zaman Qarabağ məsələsinin həlli istiqamətində öz üzərimizə düşən vəzifənin nədən ibarət olduğunu bilirik və həyata keçiririk. Cəmiyyətdə belə bir fikir formalaşır ki, atəşkəs konsepsiyasının özü də çox uğurla həyata keçirilib. Bu sahədə diplomatik səylərimiz daha da artırılmalıdır ki, effekti daha çox olsun.
Özünü ifadə edə bilməyən cəmiyyət böyük problemlərin həllində həmrəylik nümayiş etdirə bilmir. Bizim seçki ərəfəsində də çox ciddi problemlərimiz var və çalışırıq ki, bu problemləri aradan qaldıraq. Hər halda, Azərbaycan cəmiyyəti Avropa qədər açıq cəmiyyət deyil. Son dövrlərdə Seçki Məcəlləsində elə dəyişikliklər baş verib ki, özünü ifadə imkanları məhdud olan cəmiyyətin imkanları aşağıdır. Dörd dəqiqəlik debatın özündə də, görünür ki, elə insanlar namizəd kimi qeydə alınırlar ki, ümumiyyətlə, deputatlığın nə olduğu, onun funksiyasının nədən ibarət olduğu haqda elementar təsəvvürləri də yoxdur. Bir icra nümayəndəsinin, yaxud da mənzil-istismar idarəsinin parlamentdə görəcəyi iş çərçivəsində özünü təsəvvür edirsə, bu, bizim cəmiyyətimizdə ağrılı bir məsələdir.
Aydın Tağıyev:
- Tahir Süleymanovun Yeni Azərbaycan Partiyası tərəfindən 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyi irəli sürülüb. Tahir müəllim seçicilərlə görüşündə seçicilərin etimadını doğruldacağını, hər zaman onların yanında olacağını və cəmiyyətin problemlərinin həllində insanlara yardım göstərəcəyini vurğulayıb. Seçicilərin, görüşlərdə fəal iştirakı, Tahir Süleymanova qarşı diqqəti və xoş münasibəti onu göstərir ki, seçicilər onun fəaliyyətindən, gördüyü işlərdən çox razıdırlar. İnanırıq ki, seçicilər növbəti seçkilərdə də vətəndaşlıq mövqeyini bildirib, layiq bildikləri seçiciyə - Tahir Süleymanova səs verəcəklər.

Rasim Nəbiyev:
- Bu seçkilərdə aparılan təbliğat-təşviqat o qədər geniş, normal təşkil olunub ki, hər bir deputatlığa namizəd öz ürək sözlərini, fikirlərini istər İTV-nin keçirdiyi debatda, istərsə də, mətbuatda bildirə bilir. Sizin təşkil etdiyiniz debat çox gözəl təşkil olunub, hər kəs öz fikrini deyə bilir. Əvvəlcə müxalifətlə bağlı fikirlərimi bildirmək istəyirəm. Özlərini müxalifət adlandıran insanlar elə düşünürlər ki, müxalifət yalnız pisi görməlidir, pisi deməlidir. Əlbəttə, bununla razılaşmaq olar. Tənqid inkişaf deməkdir. Ölkəni müxalifətsiz təsəvvür etmək çətindir. Hər bir müxalifət nümayəndəsi iqtidarı tənqid etməlidir. Lakin bununla yanaşı, yaxşını da görməyi bacarmalıdır. Bu seçki dönəmində bəzi müxalifət nümayəndələrinə demək istəyirəm ki, onlar bu adı daşımağa layiq deyillər. Biz İsa Qəmbərov kimi bir adamın nəyini müdafiə edək? Ermənistana gedib Levon Ter-Petrosyanın rəhbərlik etdiyi partiya ilə müqavilə bağlamasına necə baxmaq olar? Bu, əlbəttə, bizim milli maraqlarımıza ziddir və hətta böyük zərbədir. Bu gün hər bir müxalifət nümayəndəsi bilməlidir ki, müxalifət müəyyən nöqtədə iqtidarla birləşir. Söhbət əgər dövlət maraqlarından, xalqın mənafeyindən gedirsə, müxalifət hər bir şeyi atıb iqtidarla birləşməlidir və bütün qüvvələrini bu istiqamətə yönəltməlidir. Lakin çox təəssüf edirəm ki, İsa Qəmbərov kimi müxalifət nümayəndələrinin bu cür hərəkətləri bizim milli mənafelərimizə çox ziddir. Ona görə də mən bu gün öz fikirlərimi bildirmək istəyirəm ki, cəmiyyətimizdə artıq müxalifətin özündə də müəyyən dəyişikliklər hiss olunmağa başlayıb. Biz hərdən sağlam müxalifət nümayəndələri deyirik. Bu nümayəndələri çox az-az tapırdıq, az-az görürük. Mənə elə gəlir ki, bu gün müəyyən müxalifət nümayəndələrində, onların fikirlərində müxtəlif dəyişikliklər var. Çox təəccüblənirəm ki, ölkəmizin əldə etdiyi bu uğurları müxalifət niyə görmür? 1994-cü ildə Azərbaycanın dövlət büdcəsi 300 milyon dollar idi. Amma indi isə 15 milyard dollara çatması, onu göstərir ki, bu müddət ərzində Azərbaycanın dövlət büdcəsi 50 dəfədən çox artıb. Əlbəttə ki, bu, çox böyük nailiyyətdir. Ölkəmiz ən öndə gedən dövlətlər sırasındadır. Bütün güclü dövlətlər bəyan edir ki, Azərbaycan hələ bundan sonra da iqtisadi artım sürətinə görə, mövcud birinciliyini əldə saxlaya biləcək. 2005-ci ildə Azərbaycanın ümumi daxili gəliri 26, 2006-cı ildə 35, 2007-ci ildə 25, 2008-ci ildə 15. 2009-cu ildə 9,3 faiz olması və bu il 6 faiz artması, məhz onu göstərir ki, Azərbaycan, həqiqətən də, iqtisadi cəhətdən yüksək sürətlə inkişaf edir. Bütün bunları nəzərə alsaq, biz görərik ki, Azərbaycan iqtisadiyyatı nə qədər yüksək sürətlə inkişaf edir.
Müxalifət haqqında da bəzi fikirlərə toxunmaq istəyirəm. Müstəqilliyin ilk illərində, məhz İsa Qəmbərovun rəhbərlik etdiyi indiki müxalifətin hakimiyyətindən o dövrdə bizə nə qalmışdı? Dağıdılmış iqtisadiyyat. Elə bir iqtisadiyyat ki, onun sahə və sferaları arasında inteqrativ və funksional əlaqələr tamamilə kəsilmişdir, iqtisadi proseslərdə qeyri-müəyyənliyin kəskin şəkildə genişlənməsi prosesi gedirdi. Bir sözlə, Azərbaycan sistemsizlik böhranının bütün məziyyətləri, bütün xüsusiyyətlərini özündə ehtiva edən bir dövrü yaşayırdı. Özünün siyasi və iqtisadi quruluşunu dəyişən ictimai həyatın bütün sahələrində islahat aparan Azərbaycan analoqu olmayan bir dövrə qədəm qoymuşdu. O dövrdə hakimiyyətə gələn iqtidar bütün dünya təcrübəsinə baxıb bir model axtarırdı ki, Azərbaycana bunu tətbiq eləsin. Nə Amerika modeli olan liberal bazar iqtisadiyyatı, nə İsveç modeli olan sosial-demokrat modeli, nə alman modeli olan sosial yönümlü bazar iqtisadiyyatı modeli Azərbaycana uyğun gəlmirdi. Belə bir dövrdə zəngin dövlətçilik təcrübəsinə malik olan Ulu Öndərimizin hakimiyyətə gəlməsi Azərbaycan xalqını məhv olmaqdan xilas elədi. Onun iqtisadi-sosial, hərbi sahədə həyata keçirdiyi siyasəti nəticəsində biz siyasi böhrandan çıxdıq. Təsəvvür edin ki, o dövrdə Azərbaycanda vətəndaş müharibəsi yaşanırdı. Adını çəkdiyim İsa Qəmbərov əli Azərbaycan xalqının qanına bulaşmış insandır. Hansı ki, bu adam bu gün özünü müxalifət hesab edir və deputatlığa namizədliyini irəli sürür. Bu, doğrudan da, dözülməz bir haldır. O dövrdə qısa bir müddətdə vətəndaş müharibəsinin qarşısı alındı. Dağlıq Qarabağ məsələsində atəşkəsə nail olduq. Bundan sonrakı dövrdə 1994-cü il oktyabr hadisələrində, 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinə cəhdin qarşısının alınması ilə Azərbaycan qısa müddətdə siyasi böhrandan çıxdı. Yadda saxlamalıyıq ki, o dövrdə Azərbaycan dövlətinin Ulu Öndərin başlamış olduğu iqtisadi siyasətin nəticəsində Azərbaycan iqtisadi böhrandan çıxdı və 1996-cı ilin yanvar ayından ölkəmizdə iqtisadi inkişaf başlandı. Qısa bir müddətdə "Əsrin müqaviləsi"nin imzalanması ilə ölkəmizə 11.4 milyard dollar investisiya qoyulmuşdur.

(Ardı var)

P.S Təşviqat xarakterli keçirilən dəyirmi masada səslənən fikirlərə görə "Səs" qəzeti məsuliyyət daşımır.

Digər xəbərlər