"Rusiya-Azərbaycan münasibətləri ilə əlaqədar rəy sorğusu keçirilərsə...
"Bəzi "dost" qüvvələr söyləyirlər ki, Azərbaycan parlamentində plüralizm, demokratiya, partiya rəngarəngliyi, fərqli düşüncə nümunələri azdır. Amma bugünki müzakirələr zamanı gördük ki, Azərbaycan parlamenti bütün deyilənlərin əksinə olaraq siyasi plüralizmin, fərqli düşüncə daşıyıcılarının fəaliyyət göstərdiyi, toplaşdığı bir məkandır". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Vətəndaş cəmiyyətinin inkişafında parlamentin rolu" adlı dəyirmi masada aparılan müzakirələrin yekunları ilə bağlı çıxışında deyib.
O əmin olduğunu bildirib ki, bu gün Azərbaycan cəmiyyətində Rusiya-Azərbaycan münasibətləri ilə əlaqədar rəy sorğusu keçirilərsə, bəlkə də Rusiya ilə bağlı ən müxalif fikri məhz Azərbaycan parlamentindən, bəzi parlamentarilərdən eşitmək olar.
Şöbə müdiri fikirlərinə aydınlıq gətirərək millət vəkili Qüdrət Həsənquliyevin tədbirdəki çıxışını bir daha xatırladıb və əlavə edib ki, millət vəkili Dağlıq Qarabağın məhz Rusiyanın dəstəyi ilə Ermənistan tərəfindən işğal olunduğunu və Rusiyanın hələ də Ermənistanı dəstəklədiyini deyir. Ə.Həsənov sözlərinə görə, bu cür müxalif fikirlər Azərbaycan cəmiyyətinin ən dərin qatlarına qədər nüfuz edib.
"Bugünki dəyirmi masada təkcə bizi birləşdirən məqamlardan danışmadıq, Rusiya ilə Azərbaycanı birləşdirən məqamların üzərində dayanmadıq, eyni zamanda həm Rusiya, həm də Azərbaycan cəmiyyətində qarşı tərəfə olan müxalif fikirləri də eşitdik. Bu bizim gələcək fəaliyyətimiz üçün müəyyən əsaslar verir. Mən hakimiyyətin icra qanadını, Azərbaycan Prezidentinin komandasını təmsil edirəm. Hakimiyyətin parlament qanadı ilə icra strukturları arasında əsas fərq ondan ibarətdir ki, parlament fərqli düşüncələri ifadə edən insanların fəaliyyət göstərdiyi, icra strukturu isə eyni cür düşünən bir insanın vahid komandasıdır. Bu da təbii haldır. Parlamentarilər həmişə mövqe müxtəlifliyi ilə seçiliblər. Bu tək bizim parlamentarilərimizə aid deyil. Rusiyalı deputatlar tərəfindən də bəzən Azərbaycanla bağlı elə çıxışlar olur ki, az qalırsan Rusiya Azərbaycan əlaqələrinin sonu olduğunu düşünəsən", - deyə Prezident Administrasiyasının şöbə müdiri məsələyə həmçinin Rusiya tərəfdən də yanaşıb.
Onun sözlərinə görə, Rusiya etnik seperatizmi bizim kimi düşünmürsə, bu o demək deyil ki, biz bu dövlətlə bütün əlaqələri kəsməliyik və yaxud Rusiya bizim düşmənimizlə dostluq edirsə bütün əlaqələri qırmalıyıq: "Biz Rusiyanın dünya siyasətinə, regional siyasətinə təsir etmək gücündə deyiliksə, o zaman Rusiyanın mövcud siyasətindən Azərbaycanın xeyrinə istifadə edə biləcəyimiz məsələlərdən yapışıb bölgə münasibətlərimizi yaxşılaşdırmalıyıq. Əgər Rusiya ilə münasibətləri kəsmək, korlamaq bizim işimizə yarayacaqsa, gəlin bu məsələyə fərqli qiymət verək".
Rusiyanın dünya siyasətindəki mövqeyindən danışan dövlət rəsmisi qeyd edib ki, bu gün Rusiya böyük dövlətdir, dünya siyasətini yönəldən 3-5 ölkədən biridir. Onun sözlərinə görə, biz bu dövləti istəyimizin nəticəsinə gətirə, onu istədiyimiz şəkilə sala bilmərik: "Amma biz bu dövlətlə Azərbaycanı birləşdirən məsələlərdən yapışmalıyıq. O məsələlərdən ki, həmin sahələr bizim dövlətləri birləşdirir, biz də müttəfiqliyimizi və strateji əlaqələrimizi onun üzərində qurmalıyıq. Amma Rusiyanın digər dövlətlərlə münasibətləri bizim ikitərəfli münasibətlərimizə qətiyyən təsir etməməlidir. Eyni sözü ABŞ, Fransa, İran haqqında da demək olar. İranla biz dost, qonşu ölkəyik. Amma İranın dostları bizim dostumuzdurmu? İranın dostu Ermənistandır, o da bizim dostumuz deyil. İranın düşmənləri bizim düşmənlərimizdirmi? Onun düşmənləri İsrail, Amerikadır. Onlar da bizim düşmənlərimiz deyil. Rusiyanın dostları və ya düşmənləri avtomartik olaraq bizim dostlarımız və ya düşmənlərimizdirmi? Yox. Əgər biz bundan çıxış etsək, onda gərək bütün dövlətlərlə münasibətlərimizi korlayaq".
Əli Həsənov həmçinin əlavə edib ki, parlamentar maksimalizmi dövlətlərarası münasibətlərdə bəzən müəyyən qədər yaramır. Onun müzakirə edilmiş məsələlərə istinadən bildirdiyinə görə, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə icra strukturlarının münasibəti daha üstündür və daha inkişaf edib, nəinki parlamentlərarası əlaqələr: "İcra strukturu olaraq bizi birləşdirən məsələləri tapırıq, bir araya gətirib onların üzərində münasibətləri qururuq. Amma Rusiya və Azərbaycan parlamentariləri daha çox bir-birini tənqid etmək, bir-birinin siyasətini təhqir etmək üzərində fəaliyyət göstərdiyinə görə də belə problemlər yaranır. Vətəndaş cəmiyyətinin formalaşmasında parlamentin rolu əvəzolunmazdır. Vətəndaş cəmiyyəti fərqli düşünən insanların bir araya toplaşıb hərəsinin öz maraqlarını ifadə etməsi və bu maraqların balansının yaradılmasıdır".
Prezident Administrasiyasının şöbə müdiri dəyirmi masada müzakirə edilən ikinci məsələyə də toxunaraq bu mövzunun dövlətlərarası əlaqələrdə parlamentarilərin rolu olduğunu qeyd edib. Ə.Həsənov təəssüf etdiyini bildirib ki, dövlətlərarası əlaqələrdə parlamentarizm həmişə müsbət rol oynamır və bəzən elə olur ki, ölkələrin icra strukturları arasında yaxşı münasibət olur, amma parlamentarilər bir-birinə müharibə elan edir. O həmçinin qeyd edib ki, Gürcüstan-Rusiya münasibətlərinin bu hala düşməsinin əsas səbəblərindən biri parlamentarilərdir: "Gürcüstan parlamentariləri Rusiyanın, Rusiya parlamentariləri isə Gürcüstanın dövlət strukturlarının fəaliyyətini, siyasətini qəbul etmək istəmir. Ona görə də biz bu məsələlərə gələcəkdə toxunmalıyıq".
Rusiyanın Azərbaycanın strateji tərəfdaşı olduğunu dilə gətirən şöbə müdiri münasibətlərimizin strateji müttəfiqlik üzərinə inkişaf etdiyini qeyd edib. O bu müttəfiqliyin yaranması yolunda Rusiyanın birmənalı şəkildə Azərbaycanın maraqlarını müdafiə etməməsi məsələsinə də toxunub: "Rusiya bu maraqları müdafiə edə bilərmi? Gəlin, bu məsələyə toxunaq. Rusiya bu gün birmənalı şəkildə Ermənistanı işğalçı adlandırıb azərbaycanlıların haqq səsində onu müdafiə edə bilərmi? İstəsə edə bilər. Amma bunu etməklə Rusiya digər ölkələrlə münasibətlərini avtomatik şəkildə korlaya bilər. Ona görə də Rusiya ortaq mövqe tutub".
Əli Həsənov həmçinin ATƏT-in Minsk Qrupuna üzv olan digər iki ölkənin mövqeyinə münasibət bildirərək Amerika və Fransanın da eyni mövqedən çıxış etdiyini bildirib. Onun sözlərinə görə, BMT-də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı keçirilən səsvermədə hər üç ölkə birtərəf qaldı, halbuki, onlar belə mövqe tutmamalı idilər. O həmçinin qeyd edib ki, əgər dünya hüququnu formalaşdıran bu dövlətlərdirsə, onda dünya hüququnda Azərbaycanın haqqı pozulub: "Digər dövlətlər dünya hüququna bu ölkələrin münasibətlərinə baxıb yanaşırlar. Başqa tərəfdən götürəndə Rusiya ilə bizi ayıran yeganə məsələyə görə iki ölkənin əlaqələrini, əməkdaşlıq münasibətlərini pozmaq olmaz. Ona görə də, biz bunu pozmuruq. Rusiya ilə Azərbaycan arasında fikir ayrılığı yüzün birə nisbətidir. 99 məsələ isə Rusiya ilə bizi birləşdirir. Bizi yalnız bir məsələ ayırır. Bizi iqtisadi, mədəni maraqlar, bölgənin geosiyasi vəziyyətində ümumi regional təhlükəsizlik məsələləri, diaspora əlaqələri, iki ölkənin gəncləri, informasiya sahəsindəki vahid mövqedən çıxış etmək və digər bütün məsələlər birləşdirir. Amma buna baxmayaraq Azərbaycan cəmiyyətində Qüdrət Həsənquliyevin ifadə etdiyi fikrin daşıyıcıları da var".
Onun sözlərinə görə, dövlətlərarası əlaqələr strukturlar arasında münasibətlərlə məhdudlaşa bilməz. Əli Həsənov həmçinin əlavə edib ki, vətəndaş institutları, media nümayəndələri, ayrı-ayrı vətəndaşlar da mütləq bu prosesə qoşulmalıdır ki, dövlətlərarası münasibətlərdə aydınlaşmayan, qarşılıqlı münasibətləri korlayan bu və ya digər məsələlər qalmasın: "Dövlətlərin münasibətləri çox yaxşı ola bilər. Əgər onların vətəndaşları bir-birinə dost kimi baxmırsa, o zaman dövlətlər nə qədər bir-birilərinə dost olsa da vətəndaşlar arasında münasibətlər gərgin olacaq. Rusiya ilə Azərbaycanın bügünki dövlətlərarası əlaqələrinin təhlili də onu göstərir ki, prezidentlər, prezident administrasiyaları, nazirliklər arasında münasibətlər yaxşıdır. Parlamentlər arasında münasibətlər də pis deyil, amma o birilərdən bir az aşağı səviyyədədir. Amma vətəndaş institutları arasında münasibət çox zəifdir. Biz bunu etiraf etməliyik. Bura qadın təşkilatları, gənclər, QHT-lər, KİV-lər və digər analitik strukturlar daxildir. Bu münasibətləri biz inkişaf etdirməli, gələcəyə aparmalıyıq".