PDF Oxu

Əsas

  • 22

Bakıda "Vətəndaş cəmiyyətinin inkişafında parlamentin rolu" adlı dəyirmi masa keçirilib

Bakıda "Vətəndaş cəmiyyətinin inkişafında parlamentin rolu" adlı dəyirmi masa keçirilib
Dünən Bakıda "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondunun təşkilatçılığı ilə "Vətəndaş cəmiyyətinin inkişafında parlamentin rolu" adlı Azərbaycan-Rusiya dəyirmi masası keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov dəyirmi masanı təşkil edən Avrasiya Araşdırmaları İnstitutunun hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında rolunu xüsusilə qeyd edib. O Azərbaycan-Rusiya parlament nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masanın hər iki dövlət arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu və hər iki ölkə parlamentinin deputatlarının, tanınmış politoloq və ekspertlərinin əlaqələrinin gələcək inkişafa öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyib. Parlamentlərarası əlaqələrin vacibliyini qeyd edən Əli Həsənov söyləyib ki, əməkdaşlığın başlıca istiqamətlərindən biri hər iki ölkədə vətəndaş cəmiyyətinin inkişafıdır və burada hər iki ölkənin parlamentləri böyük rol oynayır. Əli Həsənov eyni zamanda bildirib ki, Rusiya prezidenti Dmitri Medvedevin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə təşəbbüsləri bu problemin səmərəli həllinə ümidləri artırır. Rusiya Prezident Administrasiyasının xarici ölkələrlə mədəni və regionlararası əlaqələr idarəsinin rəisi Serqey Vinokurov çıxışında Bakıda Moskva Dövlət Universitetinin filialının açılmasını, Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin fəaliyyətə başlamasını, humanitar və regionlararası forumların keçirilməsini, Rusiyada 400 azərbaycanlı tələbənin təhsil almasını xatırladıb. İki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini deyən Sergey Vinokurov Rusiyanı Azərbaycanın aparıcı iqtisadi tərəfdaşı adlandırıb. Parlamentlərarası əlaqələrin cəmiyyətin inkişafına təsirindən danışan rusiyalı diplomat bəyan edib ki, parlamentlərarası əlaqələr Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlığın tərkib hissəsidir: "Federal Məclis və Milli Məclis hər iki ölkə hakimiyyətini layiqli şəkildə təcəssüm etdirir. Bu gün parlamentlərarası əlaqələr münasibətlərin bütün sahələrində önəmli rol oynayır. Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq ən müxtəlif səviyyələrdə intensiv dialoqla müşayiət olunur. Bu zəmində Rusiya son illər Azərbaycanın iqtisadi tərəfdaşları arasında əsas yer tutur". Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin fikrincə, ölkədə inkişaf etmiş vətəndaş cəmiyyətinin yaradılması hər bir dövlət hakimiyyəti qarşısında duran başlıca vəzifədir: "Azərbaycan demokratik dövlət kimi inkişaf etmiş vətəndaş cəmiyyətinin yaradılmasını özünün prioriteti hesab edir. Bu gün Azərbaycan özünün iqtisadi inkişafına görə regionda lider mövqe tutur. Ölkənin xarici və iqtisadi siyasəti cəmiyyətin maraq və tələblərinə cavab verir. İndiyədək Azərbaycan Parlamenti tərəfindən cəmiyyətin maraqlarını müdafiə edən 100-dən artıq qanun qəbul edilib və biz Dövlət Dumasının bu sahədə təcrübəsini öyrənməyə və gələcəkdə bu istiqamətdə işləri davam etdirməyə hazırıq". Dövlət Dumasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin sədri Vladimir Pligin isə çıxışında bugünkü dəyirmi masada təmsil olunan bir çox iştirakçılar üçün Azərbaycanla əlaqə dərin şəxsi köklərə malik olduğunu bildirib. O, parlamentin qanunverici hakimiyyət orqanı kimi, cəmiyyətdəki dəyərlər arasında konsensus və balansın qorunub-saxlanmasına kömək edən institut rolunun oynadığını qeyd edib: "Barəsində bu qədər çox danışılan demokratiya məqsəd deyil, şəxsiyyətin tam inkişafı və harmoniyasına nail olmaq üçün alətdir. Hakimiyyətin, ilk növbədə, dövlətin qorunub-saxlanması haqqında düşünməsi vacibdir. Biz bu gün demokratiya və dövlətçiliyin ən mühüm məsələlərini müzakirə etmək üçün burada olduğumuza şadıq". Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiya- Azərbaycan əlaqələrində parlamentlərarası əlaqələrin xüsusi yeri olduğunu, parlamentlərarası qrupun mövcud olduğunu və bu qrupun ildə 2 dəfə iclas keçirdiyini deyib.

Digər xəbərlər