Qazaxlılar "Güclü dövlət, yüksək rifah"a səs verəcək
Dünən YAP-ın 107 saylı Qazax seçki dairəsi üzrə namizədi Əhməd Vəliyevin əhalisinin sayına görə Qazax rayonunun ən böyük kəndi olan Daş Salahlıda seçicilərlə görüşü keçirilib. Qeyd edək ki, 107 saylı Qazax seçki dairəsində olan 47 seçki məntəqəsinin 4-ü məhz bu bu kəndin payına düşür. 1000 nəfərdən artıq kənd sakininin iştirakı ilə keçirilən görüşdə YAP-ın Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək, noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilər barədə görüş iştirakçılarını məlumatlandırıb.
Təşkilat sədri çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası 107 saylı Qazax seçki dairəsindən professor Əhməd Vəliyevin namizədliyini irəli sürüb. Əhməd Vəliyevin bu vaxta qədər olan fəaliyyəti ilə bağlı seçiciləri məlumatlandıran Həmid Pənahov bildirib ki, Ə.Vəliyev orta məktəbi Daş Salahlı kəndində bitirib. Onun əsas fəaliyyətinin elm, təhsil istiqamətində olduğunu və Qazaxda hamının onu yaxşı tanıdığını bildirən H.Pənahov Ə.Vəliyevin həm də Azərbaycanda ilk özəl ali məktəblərdən biri olan "Odlar Yurdu" Universitetinin yaradıcısı olduğunu, bu gün Qazaxda fəaliyyət göstərən ali təhsil müəsissələrinin açılmasında onun xidmətləri olduğunu qeyd edib. Ə.Vəliyevin Qazaxdan deputat seçilərsə, xalq üçün daha çox işlər görə biləcəyini vurğulayan H.Pənahov çıxışında son illər ölkəmizdə əldə olunmuş uğurlu iqtisadi-inkişaf, əhalinin rifahının yaxşılaşdırılması istiqamətdə görülən işlərdən danışıb. YAP-ın və onun namizədlərinin hər zaman xalqın dəstəyini qazandığını bildirən partiyanın rayon təşkilatının sədri Qazax seçicilərinin hər zaman YAP-ı və onun namizədlərini dəstəklədiyini söyləyib. YAP-ın Qazax rayon təşkilatının sədri noyabrın 7-də keçiriləcək parlament seçkilərində də seçicilərin 107 saylı Qazax seçki dairəsindən YAP-ın deputatlığa namizədi olan Əhməd Vəliyevi dəstəkləyəcəyinə əmin olduğunu bildirərək, seçiciləri seçkilərdə aktiv olmağa çağırıb.
Tədbirdə çıxış edən Qazax Müəllimlər İnstitutunun rektoru, YAP seçki qərargahı təbliğat qrupunun üzvü, professor İsa Veyisov Ə.Vəliyevi uzun illərdən bəri tanıdığını, onun torpağa, vətənə və dövlətə bağlı bir insan olduğunu diqqətə çatdırıb. YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan quruculuq - abadlıq işlərindən, ölkəmizin iqtisadi inkişafı sahəsində əldə olunan uğurlardan danışan İ.Veyisov YAP-ın 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Əhməd Vəliyevin Azərbaycanın tanınmış ziyalılarından biri, görkəmli alim olduğunu vurğulayaraq, noyabrın 7-də keçiriləcək parlament seçkilərində seçiciləri ona səs verməyə çağırıb.
YAP-ın Qazax rayon təşkilatının seçki qərargahının üzvü, partiya fəalı Fərhad Qocamanov isə öz çıxışında həmkəndlilərinə müraciət edərək, 7 noyabr seçkilərində onları ən layiqli namizədə səs verməyə çağırıb. Əhməd Vəliyevin YAP-ın ilk fəallarından olduğunu, Ulu Öndər Heydər Əliyevin başladığı və bu gün də Prezident İlham Əliyevin apardığı siyasi kursu dəstəklədiyini bildirən partiya fəalı Ə.Vəliyevin təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də bir ziyalı və alim kimi tanındığını bildirib. F.Qocamanov Daş Salahlı seçicilərini noyabrın 7-də MM-ə keçiriləcək parlament seçkilərində aktiv olmağa və YAP-ın namizədini dəstəkləməyə çağırıb.
YAP rayon təşkilatının ilk yaradıcılarından biri, partiyanın Siyasi Şurasının üzvü Abbas Göyüşov çıxışında Ə.Vəliyevin YAP rayon təşkilatının qurulmasındakı rolundan, onun bir insan kimi şəxsi keyfiyyətlərindən söz açıb. Bildirib ki, Ə.Vəliyev YAP-ın ilk fəallarından olmaqla yanaşı, həm də Azərbaycanda elmin və təhsilin inkişafında böyük rol oynamış şəxsiyyətlərdəndir. Ə.Vəliyevin rəhbərlik etdiyi "Odlar Yurdu" Universiteti ilə dünyanın bir sıra ali məktəbləri ilə əməkdaşlıq etdiyini, ölkəmizdə yüksək səviyyəli kadrların hazırlanmasında onun böyük əməyinin olduğunu bildirən Abbas Göyüşov seçicilərin öz seçimlərini diqqətlə aparacaqlarına inandığını bildirib. O, noyabrın 7-də Milli Məclisə keçiriləcək parlament seçkilərində bütün seçiciləri aktiv olmağa və YAP-ın Qazaxdan deputatlığa namizədi, professor Əhməd Vəliyevə səs verməyə çağırıb.
Daha sonra kənd sakini, Daş Salahlı 1 saylı orta məktəbin sabiq direktoru Əlyo Əhmədov çıxış edərək, Ə.Vəliyevin məktəb illərində necə şagird olmasından, vətənə, dövlətə, xalqa bağlılığından danışıb. Qeyd edib ki, Azərbaycanın orta ümumtəhsil məktəbləri arasında öz yetirmələri ilə seçilən Daş Salahlı 1 saylı orta məktəbin Ə.Vəliyev kimi yetirməsinin olmasından qürur duyur. Həmçinin, o kəndin su, yol və qaz çəkilişi ilə bağlı problemlərinin olduğunu deputatlığa namizədin diqqətinə çatdıraraq, bildirib ki, noyabrın 7-də Daş Salahlı seçiciləri hamılıqla YAP-ın deputatlığa namizədinə səs verərək, Ə.Vəliyevi dəstəkləyəcəklər.
Görüşdə seçicilər qarşısında çıxış edən YAP-ın 107 saylı Qazax seçki dairəsindən namizədi Əhməd Vəliyev noyabrın 7-də keçiriləcək seçkilərdə deputat seçilərsə, Qazax rayonun seçicilərinin problemlərinin həlli ilə bağlı dövlət qurumları qarşısında müvafiq məsələlər qadıracağını, seçicilərlə daim müntəzəm ünsiyyətdə olacağını bildirib. YAP rəhbərliyinə onun namizədliyinin məhz 107 saylı Qazax seçki dairəsindən irəli sürülməsinə görə təşəkkür edən deputatlığa namizəd öz fəaliyyəti ilə həm partiya rəhbərliyinin, həm də seçicilərinin etimadını doğrultmağa çalışacağını bildirib. Bundan əvvəl Bakının Suraxanı rayonundan üçüncü çağırış MM-ə deputat seçildiyini bildirən Ə. Vəliyev seçicilərə istəsələr, orada gördüyü işlərlə maraqlanmalarının mümkün olduğunu deyib. Qazağın ziyalılar bölgəsi olduğunu bildirən deputatlığa namizəd rayonun ən böyük kəndinin Daş Salahlı kəndi olduğunu və rayonun əsas mərkəzinin məhz bu kənd olduğunu qeyd edib. Rayonun inkişafında da əsas məsuliyyətin Daş Salahlı üzərinə düşdüyünü bildirən Ə.Vəliyev kənd sakinlərini istər problemlərinin həllinin qaldırılması, istərsə də, rayonun inkişafı üçün dövlət tərəfindən hər hansı tədbirlər görülməsi üçün təşəbbüs göstərilməsində aktiv olmağa çağırıb. Həmçinin, o bildirib ki, əgər noyabrın 7-də keçiriləcək seçkilərdə seçicilər onu millət vəkili seçərlərsə, o, hər ay Qazaxda seçicilərlə görüşə gələcək, rayonun və kəndlərin sosial problemlərinin həlli istiqamətində də aktiv fəaliyyət göstərəcək. Sonda YAP-ın deputatlığa namizədi seçiciləri seçki günü aktiv olmağa, seçki məntəqələrinə gedərək, ən layiqli namizədə səs verməyə çağırıb.
Çıxış edən seçicilər noyabrın 7-də seçki məntəqələrinə gedərək, ən layiqli namizədə, Qazax seçicilərinin hər zaman seçimi olan Yeni Azərbaycan Partiyasının 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Əhməd Vəliyevə səs verəcəklərini bildiriblər.
YAP-ın 107 saylı Qazax seçki dairəsi üzrə deputatlığa namizədi Ə.Vəliyevin təbliğat-təşviqat kampaniyası davam edir.