YAP namizədlərinin təbliğat-təşviqatında seçici fəallığı qələbə soraqlıdır
Dünən YAP tərəfindən 23 saylı Nəsimi-Səbail seçki dairəsində Milli Məclisə namizədliyi irəli sürülmüş Zəfər Qurbanovla "Azintur" Səhmdar Cəmiyyətinin həyətində seçiciləri ilə görüşü keçirildi.
Görüşü giriş sözü ilə Zəfər Qurbanovun səlahiyyətli nümayəndəsi Azər Süleymanov açaraq, 7 noyabr tarixində keçiriləcək parlament seçkilərinin ölkənin həyatında əhəmiyyətli hadisə kimi yadda qalacağını bildirdi. O, seçkilərə layiqli namizədlərlə, ən başlıcası isə, Ümummilli Lider Heydər Əliyev ideyaları ilə getdiklərini və "Güclü dövlət, yüksək rifah" şüarını rəhbər tutaraq namizədlərin təbliğatının fəal şəkildə həyata keçirildiyini bildirdi:"Milli Məclisə növbəti seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Seçicilərin YAP namizədlərinin təbliğat-təşviqatında fəal iştirakı göstərir ki, biz bu seçkidə də mütləq səs çoxluğu ilə qələbə qazanacağıq."
Əhalinin seçkiləri bayram əhvali-ruhiyyəsi ilə qarşıladıqlarını bildirən A.Süleymanov Nəsimi rayon ərazisində yaşayan seçicilərin sosial rifahına da toxundu. Azərbaycanda iqtisadi, siyasi və sosial islahatlar aparılmış, ölkənin hərtərəfli inkişafına geniş imkanlar yaradılmışdır. A.Süleymanov Azərbaycanın qısa bir zaman məsafəsində qazandığı nailiyyətlərdən, əldə olunan uğurlardan danışaraq, həyata keçirilən layihələr nəticəsində Azərbaycanın bu gün beynəlxalq aləmdə sabit, dinamik iqtisadi inkişafa malik demokratik ölkə kimi tanınmasında iqtisadi və siyasi sahələrdəki uğurların nəticəsi olduğunu seçicilərin diqqətinə çatdırdı.
Deputatlığa namizəd Z,Qurbanov çıxışı zamanı Azərbaycandakı inkişaf prosesindən, namizədlərə göstərilən etimaddan, ölkəmizdə gənclər siyasətinin uğurla davam etdirilməsindən, eləcə də, seçicilərin parlament seçkilərində fəallıq göstərəcəklərindən söz açdı. O öz seçki platforması barədə seçicilərə geniş məlumat verdi. Namizəd seçiciləri mütləq əksəriyyətin səsini qazanacağına inandığını və bu etimadı əməli fəaliyyətində həyata keçirəcəyini bildirdi.
Millət vəkilliyinə namizəd Z.Qurbanov ona göstərilən bu etimada görə, başda YAP Sədri, Prezident İlham Əliyev olmaqla hakim partiyaya minnətdarlığını ifadə etdi. Gənclərə dövlət dəstəyi olaraq, onun irəli çəkilməsinə gəlincə isə, bildirdi ki, YAP-ın namizədi kimi bir gənc olaraq seçkilərdə qalib olarsa, Milli Məclisdə layiqincə təmsil olunacaq və seçicilərinin etimadını doğruldacaqdır.
Milli Məclisə namizədliyi irəli sürülmüş namizədin vəkilləri Fikrət Zeynalov və Aygün Allahverdiyeva ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlərdən, dövlətin məqsədyönlü olaraq apardığı siyasətdən, Azərbaycanın dinamik inkişaf prosesindən danışaraq, seçiciləri bu reallıqları nəzərə alaraq, YAP-ın namizədini dəstəkləməyə çağırdılar.
Görüşdə çıxış edən seçicilər düzgün seçim edərək, layiqli namizədlərə səs verəcəklərini bildirdilər.