Artıq 4 ilə yaxındır ki, "Səs" qəzetinin redaksiyasında ölkəmizin ictimai-siyasi, sosial həyatında baş verən ən mühüm proseslərlə bağlı dəyirmi masalar təşkil olunur. Dəyirmi masalarda ölkəmizin ən aparıcı ictimai-siyasi xadimləri, hökumət nümayəndələri, millət vəkilləri, cəmiyyətin ayrı-ayrı təbəqələrini təmsil edən üzvləri iştirak edib. Qəzetin redaksiyasında bu dəfə təşkil olunan dəyirmi masalar parlament seçkiləri ilə bağlı təbliğat və təşviqat dövrünə düşdüyünə görə, müxtəlif qütbləri təmsil edən millət vəkilliyinə namizədlər burada iştirak edirlər. Budəfəki dəyirmi masa da ayrı-ayrı siyasi partiyaları təmsil edən və müstəqil olaraq seçki prosesinə qatılan şəxslərin iştirakı ilə keçirilib.
Dəyirmi masada Binəqədi rayon 10 saylı 3-cü seçki dairəsindən parlament üzvlüyünə namizədliyi irəli sürülmüş Qorxmaz İbrahimli, Kürdəmir rayon 57 saylı seçki dairəsindən müstəqil namizəd kimi qeydə alınmış Elşən Məmmədov, Kürdəmir rayon YAP qadınlar şurasının sədri, seçki qərargahının üzvü Elmira Şıxəliyeva, Suraxanı ikinci seçki dairəsindən müstəqil namizəd kimi parlament seçkilərinə qatılan Əhəd Abıyev, 15 saylı Yasamal seçki dairəsindən millət vəkilliyinə namizədliyi irəli sürülmüş Nemət Pənahlı iştirak edirdi.
"Səs" qəzetinin şöbə müdiri İlham Əliyev dəyirmi masanı giriş sözü ilə açaraq, burada hər bir namizədin fikirlərini sərbəst formada ifadə etməsi üçün mövcud şəraitin olduğunu bildirdi. Qeyd etdi ki, artıq ölkəmizin ictimai-siyasi həyatında mühüm və əlamətdar bir hadisə kimi qiymətləndirilən parlament seçkilərinə hazırlıqla bağlı ciddi işlər gedir, seçkinin təbliğat və təşviqat kampaniyası yüksək səviyyədə davam edir. Bu dəyirmi masada da iştirak edən namizədlərin seçki kampaniyası, seçicilərlə görüşlərinin səviyyəsi, öz platformalarını çatdırılması istiqamətində müxtəlif müzakirələr quracağına ümid bəslədiyini bildirən İ.Əliyev iştirakçıları ölkəmizdəki seçki mühiti və ümumilikdə, seçki öncəsi ictimai-siyasi vəziyyətə dair fikirlərini bölüşməyin vacibliyini qeyd etdi.
Elmira Şıxəliyeva:
- Bildirmək istəyirəm ki, Kürdəmir rayonunda seçki təbliğatı çox demokratik şəkildə aparılır. Burada heç bir namizədə sədd qoyulmur, yəni hər bir namizəd öz elanını verməklə görüşlər keçirir. Namizədlərə təzyiqlər yoxdur və hər kəs öz təbliğatı ilə məşğuldur. Eyni zamanda, mən partiyamızın vahid namizədi Fərhad Qəribovun təbliğatı ilə məşğulam. Kürdəmirin mərkəzində və kəndlərində keçirilən görüşlər çox uğurlu olub. Əhali Fərhad Qəribovu yüksək səviyyədə dəstəkləyir. O, bundan əvvəlki çağırışda da Milli Məclisin deputatı seçilib. Ötən seçkilər zamanı da güclü rəqiblərin olmasına baxmayaraq, Fərhad Qəribov demokratik seçkilərdə səs toplayaraq, deputat seçilmişdir. Sözsüz ki, o, bu illərdə çox işlər görüb. Bunun nəticəsidir ki, partiya tərəfindən dəstəklənən Fərhad Qəribovun yenidən namizədliyi irəli sürülüb. Əhali artıq onun işgüzarlığını, göstərdiyi qayğını hiss edib. Ona görə də, mən deyərdim ki, biz təbliğatda bir o qədər də əziyyət çəkmirik. Kürdəmir camaatı bütün görülən işləri dəyərləndirərək, namizədimizi yüksək qiymətləndirir. İnanın ki, keçirilən sonuncu təbliğat görüşümüzdə ATƏT-in nümayəndələri də iştirak etmiş və onlar da gördüyümüz işi yüksək qiymətləndirmişlər. Əlbəttə, digər partiyaların namizədləri də öz təbliğatlarını tam demokratik şəkildə aparırlar. Lakin əksəriyyətin rəğbəti məhz Fərhad Qəribovadır.
"Səs" qəzetinin əməkdaşı:
- Nemət bəy, sizin namizədliyinizi irəli sürdüyünüz dairədə vəziyyət necədir? Apardığınız təbliğat kampaniyası sizi qane edirmi?
Nemət Pənahlı:
- Mən yeganə namizədəm ki, seçki təbliğatına üç ay qalmış hansı dairədən namizədliyimi verəcəyimi bildirmişəm. Bu barədə də geniş ictimaiyyətə dolğun məlumat vermişəm. Yəni mən namizədliyimi irəli sürəndə nə "AXCP-Müsavat" seçki bloku yaradılmışdı, nə də onlar koalisiya formalaşdırmışdı. Məhz bu cəhətdən də, müxalifət heç bir əxlaqa sığmayan qaralama kampaniyasını mənə qarşı çevirir. Mənim üçün başqa problemlər yaradılıb.
Qorxmaz İbrahimli:
- "Səs" qəzetinin kollektivinə, belə bir dəyirmi masanı təşkil etdiyinə görə, öz minnətdarlığımı bildirirəm. Bu gün ölkə vətəndaşı olmaqla və bu dövlətdə yaşamaqla böyük fəxr duyuram. Eyni zamanda, biz bir siyasi partiya olaraq da qanunlarımızın vermiş olduğu geniş imkanlardan istifadə edərək, hakimiyyətə gəlmək uğrunda öz səylərimizi davam etdirmək niyyətindəyik. Bu baxımdan da seçicilərimizin, vətəndaşlarımızın etimadını qazanmaq üçün səmərəli şəkildə işimizi qurmağa çalışırıq. Bu, bizim gələcəkdə görəcəyimiz işlərin sırasında olan bir məsələdir. Burada da seçkilərlə bağlı konkret fikirlər səsləndirildi. Dəyirmi masada iştirak edən namizədlər qeydiyyata alındıqları dairələrdəki proseslərdən, seçicilərlə keçirdikləri və qarşıya çıxan məsələlərdən bəhs etdilər. Onu da qeyd edim ki, mən Qorxmaz İbrahimli artıq ikinci dəfədir ki, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən parlament üzvlüyünə namizədliyimi irəli sürmüşəm. Öz namizədliyimi ilk dəfə 2000-ci ildə irəli sürmüşdüm və artıq ikinci dəfə namizədliyim qeydə alınıb. Bu dairə ərazisində Seçki Məcəlləsinin tələb və prinsiplərinə uyğun olaraq namizədliyim qeydə alındıqdan sonra, imza vərəqələrimizi də yüksək səviyyədə dairə seçki komissiyasına təhvil vermişik. Amma bütün bunlara baxmayaraq, prosesin başlanğıcında müəyyən problemlər yaşamışıq. Bildiyiniz kimi, artıq bu ayın 15-dən etibarən parlament seçkilərinin ikinci mərhələsinə start verilib. Biz də parlament seçkilərində iştirak edəcək bir namizəd kimi seçki qərargahı formalaşdıraraq, öz fəaliyyətimizi səmərəli şəkildə qurmağa başladıq. Doğrudur, bundan sonra bizim seçki qərargahına qarşı müəyyən təzyiqlər və tələblər irəli sürüldü. Ona görə də artıq seçki qərargahımızın ünvanını dəyişərək, öz fəaliyyətimizi böyük vüsətlə davam etdiririk. Artıq seçkinin təbliğat və təşviqat kampaniyasında hər bir namizəd kimi biz də seçicilərlə öz görüşlərimizi davam etdirməkdəyik. Bu görüşlər sırasında seçicilərlə həm fərdi, həm də məhəllə-məhəllə görüşlərimiz keçirilir.
"Səs" qəzetinin əməkdaşı:
- Elşən müəllim, siz də deputatlığa namizəd olaraq təbliğat və təşviqat kampaniyasını hansı səviyyədə həyata keçirirsiniz?
Elşən Məmmədov:
- Seçki kampaniyasında iştirak edən müstəqil bir namizəd kimi, bu günə qədər Kürdəmir rayonunda heç bir problem və maneə ilə üzləşməmişəm. Artıq seçki kampaniyasına rəsmi start verildikdən sonra, seçicilərlə sıx-sıx görüşlərimiz keçirilib. Onu da qeyd edim ki, keçirdiyimiz görüşlərdə cəmiyyətin ayrı-ayrı təbəqələri aktivlik nümayiş etdirərək, bizimlə müəyyən məsələlərdə açıq müzakirələr də qurublar. Eyni zamanda, bizə qonşu olan digər dairələrdən namizədliyi irəli sürülən şəxslərin də seçki kampaniyasında heç bir problemlə üzləşmədiyini müşahidə etmişik. Düşünürük ki, ölkədə yaradılmış normal seçki mühiti parlament seçkilərində hər bir namizəd üçün normal imkanların formalaşmasına təsir göstərəcək.
"Səs" qəzetinin əməkdaşı:
- Əhəd müəllim, parlament seçkilərinə qatılan müstəqil bir şəxs kimi seçki mühitini və ümumilikdə, ölkədəki ictimai-siyasi vəziyyəti necə xarakterizə edərdiniz?
Əhəd Abıyev:
- Burada səslənən fikirlərə, bildirilən rəylərə qoşularaq, onu demək istəyirəm ki, ölkəmiz olduqca böyük bir siyasi kampaniya ərəfəsindədir. Noyabrın 7-də keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı dövlətimiz tərəfindən ciddi addımlar atılıb, konkret qərarlar verilibdir. Mən bir vətəndaş və deputatlığa namizəd olaraq Ulu Öndərimiz Heydər Əliyevin və Onun ən layiqli davamçısı cənab Prezident İlham Əliyevin böyük əzmlə həyata keçirdiyi işləri dəstəkləyirəm. İstər Milli Məclisdə, istər də digər beynəlxalq auditoriyalarda dövlətimizin haqlı mövqeyini müdafiə etmişəm. Bir millət vəkili olaraq heç bir zaman haqsızlıqlarla da barışmamışam. Ona görə də, cəmiyyətdə tanınan, ictimaiyyət tərəfindən qəbul olunan insanların parlament üzvü olması daha təqdirəlayiq olardı. Yəni bu gün bəzi namizədlər populist və avantürist çıxışlarla diqqət cəlb etməyə çalışsalar da, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün siyasəti bəzi qüvvələr kommersiya mərkəzinə çeviriblər. Özünü az qala "azadlıq carçısı" kimi göstərməyə çalışan "Azadlıq" qəzetinin baş direktoru Azər Əhmədovun "əməlləri" bir daha onları hansı simaya malik olduqlarını təsdiqləmiş oldu. Özünün şəxsi hesabında 12 milyon dollara qədər vəsaiti olan A.Əhmədovun bu cür iyrənc əməlləri müxalifət nümayəndələrinin çirkab içində olduqlarını cəmiyyətimiz üçün yenidən nümayiş etdirdi. Çox təəccüb və təəssüflə qeyd etməliyik ki, bu günlər populist çıxışlardan və avantürist ideyalardan bəhrələnənlər özlərini elə aparırlar ki, guya cəmiyyət onları qəbul edir. Amma bütün bunların heç bir əhəmiyyətə malik olmadığını onların özləri də çox gözəl bilirlər. Çünki avantürist çıxışlarla insanları çaşdırmaq, küçə yürüşlərinə, mitinqlərə dəvət etmək, sadəcə olaraq, onların sifarişçiləri tərəfindən verilən göstərişlərdir. Müxalifətçilərin daxili aləmlərinə nəzər saldıqda, onların nə qədər keyfiyyətsiz şəxsiyyətlər olduqları tam aydınlığı ilə görünür. Bir faktı da qeyd edək ki, bu günlərdə müxalifət düşərgəsində təmsil olunan şəxslərin böyük əksəriyyətinin ailələri Avropada yaşayır. Amma bunlara baxmayaraq, onlar ölkədə milli ruhdan, vətənpərvərlikdən dəm vururlar.
(Ardı var)