Bir sıra namizədlər onlara verilən vaxtdan sui-istifadə edirlər
Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda ilk olaraq "AXCP-Müsavat" seçki blokunun MSK-ya təqdim etdiyi səlahiyyətli nümayəndələr təsdiq edilib. Daha sonra 6 saylı Culfa-Babək seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişikliklərin edilməsi məsələsinə baxılıb. İclasda həmçinin 7 Noyabr 2010-cu il tarixində keçiriləcək seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb. Baxılan 6 müraciətdən 2-i yenidən baxılmaq üçün dairə seçki komissiyasına göndərilib, qalanları isə əsassız hesab edilib. MSK sədri Məzahir Pənahov indiyədək Komissiyada qeydiyatdan keçən beynəlxalq müşahidəçilərin sayının 581 olduğunu bildirib. Onlardan 50-nin Avropa Şurası Parlament Assambleyası, 10-nun Türk Ölkələrin Parlament Assambleyası, 319-nun MDB, 31-nin ABŞ səfirliyi, 168-nin ATƏT-in İnsan Hüquları və Demokratik Təsisatlar Bürosunun, 3-nün isə Bolqarıstan səfirliyinin müçahidəçilərinin olduğunu qeyd edən MSK sədri ümumilikdə 42 ölkənin müşahidəçilərinin qeydə alındığını söyləyib. MSK sədri ölkə ərazisındə müşahidə aparmaq üçün 1705, konkret seçki dairələrində müşahidə aparmaq üçün isə 20802 nəfərin müraciət etdiyini və bütün müraciətlərin müsbət cavablandırıldığını deyib. M.Pənahov seçkiləri müşahidə etmək üçün isə 6 beynəlxalq kütləvi informasiya vasitəsinin qeydə alındığını diqqətə çatdırıb.
Artıq seçki bülletenlərinin çapına başlanıldığını deyən MSK sədri artıq 10 seçki dairəsinə bülletenlərin yola salındığını vurğulayıb. Daha 40 seçki dairəsinə bülletenlərin veriləcəyini söyləyən M.Pənahov prosesin bu gedişatla 3-4 günə tamamlanacağını diqqətə çatdırıb. İctimai televiziyada ödənişsiz efir vaxtından istifadə edən namizədlərin onlar üçün verilən müddətdən sui-istifadə etdiyini deyən M.Pənahov bildirib ki, vaxtın tez-tez saxlanılmasına qarşı MSK hansısa qərar qəbul edə bilər: "Namizədlər onlara verilən vaxtdan sui-istifadə edərək 4 dəqiqəlik vaxtı çoxlu sayda hissəyə bölürlər. Bizi məcbur etməsinlər ki, müəyyən bir danışıq limitinin təyin edilməsi üçün qərar qəbul edək. Bunu namizədlərin diqqətinə çatdırmaq lazımdır".